Gənclər və idman naziri Kolumbiya Universitetində keçirilən konfransda çıxış etmişdir

Gənclər və idman naziri Kolumbiya Universitetində keçirilən konfransda çıxış etmişdir



ABŞ-da səfərdə olan gənclər və idman naziri Azad Rəhimov dünyanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biri - Kolumbiya Universiteti ilə BMT baş katibinin gənclər üzrə elçisinin ofisinin birgə təşkil etdiyi gənclər konfransında çıxış etmişdir.
"Gənclərin rast gəldiyi marginallaşma və qeyri-bərabərlik” mövzusunda keçirilən konfransda dünyanın nüfuzlu akademikləri, professorları, bir sıra dövlətin və beynəlxalq təşkilatın nümayəndələri, ABŞ-ın və Avropanın nüfuzlu universitetlərinin tələbələri və fəal gəncləri iştirak etmişlər.
Nazir Azad Rəhimov çıxışında belə tədbirlərin keçirilməsini dəstəklədiyini bildirmiş, Azərbaycanın gənclər siyasəti modeli, onun prioritetləri və nailiyyətləri haqqında geniş məlumat vermişdir. Eyni zamanda, nazir oktyabrda Bakıda ilk dəfə keçiriləcək Gənclər siyasəti üzrə birinci Qlobal Forum, o istiqamətdə görülən işlər haqqında danışmış, görüş iştirakçılarını Bakı Forumuna dəvət etmişdir. A.Rəhimov qeyd etmişdir ki, qlobal forumda ekspert, dövlət, regional və beynəlxalq təşkilatların, eləcə də gənclər təşkilatların nümayəndələri olmaqla 700 nəfərin iştirakı gözlənilir.
Gənclər siyasəti üzrə birinci Qlobal Forumun Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanmışdır. B.Osotimehi Azərbaycanda gənclər sektoruna sərmayə qoyulmasından məmnunluğunu bildirmişdir. O demişdir ki, bu, Azərbaycanın həm özünün, həm də gənclərin gələcəyinə inandığını göstərir.
Sonra A.Rəhimov Kolumbiya Universitetinin muzeyinə Azərbaycan xalçasını hədiyyə etmişdir.
Səfər çərçivəsində nazir A.Rəhimov, eyni zamanda, "Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu” mövzusunda keçirilən paneldə də çıxış etmişdir. Nazir BMT-nin baş katibi Ban Gi Munun elan etdiyi "Gənclər üçün və gənclərlə iş” prinsipinin müasir gənclər siyasətində mühüm yer tutduğunu qeyd etmiş, Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin əldə olunduğunu xüsusi vurğulamışdır.
Konfransdan sonra A.Rəhimov BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşmüşdür.
Görüşdə xanım C.Sultanoğlu Azərbaycana dəfələrlə səfər etdiyini və ölkəmizin sürətli inkişafının şahidi olduğunu söyləmişdir. O, gənclər siyasəti üzrə birinci qlobal forumun Bakıda keçirilməsini alqışlayaraq tədbirə qatılacağını qeyd etmişdir.