Lənkəran Şəhər Mədəniyyət Mərkəzində ilin yekunlarına həsr olunmuş Region Gənclərinin və İdmançılarının II Həmrəylik Forumu keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fariz İsmayılzadə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon icra başçılarının müavinləri, regional idarələrin rəhbərləri, rəsmi şəxslər, regionda yerləşən ali və orta ixtisas müəssisələrinin rəhbərləri, gənclər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub , Ümummilli Lider Heydər Əliyevin və Vətən naminə canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov tədbiri açıb və deyib:- Tədbirimiz əlamətdar günə - dövlət başçısı cənab İlham Əliyevin doğum gününə təsadüf edir və bütün lənkəranlılar adından cənab Prezidentə möhkəm can sağlığı, şərəfli, çətin fəaliyyətində uğurlar arzulayıram.
İcra başçısı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” dünyanın hər yerində yaşayan bütün azərbaycanlıları milli kimlik, ortaq dəyərlər, Vətən sevgisi və birlik ideyası ətrafında birləşdirir. Bütün dünya məhz 44 günlük haqq savaşımızda bu birliyin əyani nümunəsinin şahidi olub.
Taleh Qaraşov qeyd edib ki, bu gün gənc nəslin düzgün böyüməsi ölkə siyasətində önəmli yer tutur və cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Xalqımızın əldə etdiyi uğurlarda onların böyük əməyi vardır.
Lənkəranda da gənclər və idmançılar öz bilik və bacarıqlarını, potensialını effektli şəkildə göstərir, eləcə cəmiyyətdə layiqli yer tutması istiqamətində ardıcıl işlər görülür. Sevindirici haldır ki, rayonumuz uzun illərdir ki, ölkəmizin idman həyatında da fəaldır və müxtəlif idman növləri üzrə yüksək nəticələr göstərən idmançılar yetişir. Rayonumuzun idmançıları respublika çempionatlarında, beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edir, dövlət bayrağımızın ucaldılması üçün öz töhfələrini verirlər.
Digər çıxışçılar- Milli Məclisin deputatı Fariz İsmayılzadə, LARGİİ rəisi Teymur Babazadə region gənclərin və idmançıların dövlət başçısı tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğıya yüksək dəyər verdiyini, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji vəzifələrinin məsuliyyətini dərk etdiyini, bu vəzifələrin uğurla həyata keçirilməsi və ölkəmizin dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesində hər zaman ön sıralarda olduğunu deyiblər.
Tədbirdə il boyu keçirilən beynəlxalq yarışlarda nailiyyət qazanmış idmançılar Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi tərəfindən fəxri fərman və təşəkkürnamələrə layiq görülüblər.
İlin yekunlarına dair video çarxın təqdimindən sonra isə tədbir bədii hissə ilə davam edib.
Lənkəranda II Həmrəylik Forumu keçirilib


