Film YUNESKO-nun "Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilib
Çövkən qədim idman oyunlarından biridir. Komanda oyun növü olan çovkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb, sonrakı yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə yayılıb. İlk beynəlxalq çovkən yarışları XII əsrdə Bağdadda Orta Şərq ölkələrinin çaparları arasında keçirilib.
Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan qab üzərində təsvir edilən rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını sübut edir. Dahi Nizaminin "Xosrov və Şirin” əsərindən və "Kitabi-Dədə Qorqud” boylarından məlum olur ki, Azərbaycanda çovkənın tarixi hətta VI-VII əsrlərə və bəlkə ondan da əvvələ aiddir.
Çövkənin qədim Azərbaycan oyunu olmasını sübut edən faktlardan biri də Azərbaycan miniatürlərində bu oyunun dönə-dönə təsvir edilməsi, yazılı mənbələrdə onun keçirilmə qaydaları haqqında məlumat verilməsidir.
Araşdırmalar sübut edir ki, çövkənin dünyanın bir çox regionlarına yayılmasında və inkişaf etdirilməsində ingilislərin də rolu olub. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilib, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlayıb. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun "polo” adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə gəlmək olur ki, ölkədə idman çox qədim tarixə malik olub. Arxeoloji qazıntılar zamanı tapılmış qədim yazılı abidələrə, təsviri sənət əsərlərinə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə istinadla demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, çovkan, sürpapaq, baharbənd, daşqaldırma, miloynatma və s. idman oyunları geniş yayılıb. Ölkədə tarixən mövcud olan idman ənənəsi müasir dövrədək gəlib çatıb.
Dahi şair Nizami Gəncəvinin yazdığı "Şərəfnamə” əsərində çövkən oyunu haqqında məlumat verilib. Nizaminin "Xosrov və Şirin” poemasında isə Şirinin çövkan meydanında Sasani hökmdarı Xosrovdan geri qalmadığı yazılıb. Əsərdə Şirin ilə bərabər oynayan qızlar da təsvir edilib.
Qeyd edək ki, çövkən oyunu milli Azərbaycan oyunu kimi YUNESKO-nun "Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilib.
Çovkən oyunu barədə çox danışmaq olar. Lakin bu oyuna baxmaq daha maraqlıdır. Ölkəmizdə çəkilən "Çövkən” sənədli filmi bu qədim oyunun bütün incəliklərini tamaşaçıya çatdırır və onlarda böyük maraq yaradır. Qeyd edək ki, 2011-ci ildə Bakıda keçirilən I İdman Filmləri Festivalında nümayiş olunan filmlərdən biri də "Çövkən” idi. Festivalın açılışından sonra təqdim olunan bu film tamaşaçılarda böyük maraq yaratmışdı. Əlbəttə, filmin maraqlı olması təsadüfi deyil. Peşəkar rejissor və çəkiliş qrupunun əməyindən xəbər verən filmdə at belində top qovan çaparların mübarizəsi, musiqi sədaları, azarkeşlərin həyəcanı təsvir olunub. Film baxıldığı ilk dəqiqədən etibarən tamaşaçını özünə cəlb edir. Elə bu maraq bizi filmin rejissoru ilə görüşməyə vadar etdi. Redaksiyamızın qonağı olan "Çövkən” filminin rejissoru, Əməkdar incəsənət xadimi Rafiq Quliyev bizi maraqlandıran suallara cavab verdi.
- Rafiq müəllim, rejossor sənəti maraqlı olduğu qədər də cətin və məsuliyyətlidir. Maraqlıdır, necə oldu ki, bu sənəti seçdiniz?
- Mən əvvəllər quruluşçu operator kimi fəaliyyət göstərmişəm. 1974-cü ildən bu günə qədər "Azərbaycanfilm” studiyasında çalışıram. Film sənəti olduqca maraqlıdır. Bu maraq məni özünə cəlb etdi. İstedadımı göstərmək, qurub-yaratmaq istəyim məni rejissorluq sənətinə gətirib çıxartdı. Qərara gəldim ki, təhsilimi Moskva Dövlət Kinomatoqrafiya İnstititunda davam edim. Bu institutu bitirdikdən sonra Bakıya qayıtdım. İstər bədii, istərsə sənədli film çəkmək rejissordan məsuliyyət və bacarıq tələb edir. Sadəcə olaraq, filmlərin ərsəyə gəlməsində bəzi oxşar və fərqli cəhətlər var. Bədii filmlər üçün böyük yaradıcı komanda, çoxlu vəsait və uzun vaxt lazımdır.
- Siz rejissor olmaqla bərabər, eyni zamanda, çəkdiyiniz bir neçə filmin ssenari müəlifisiniz. Maraqlıdır, rejissorluq sənəti özündə daha hansı bacarıqları birləşdirir?
- Rejissorluq sənəti özündə bir çox qabiliyyətləri birləşdirir. Yaxşı rejissorlar bütün sahələri az da olsa bilməli və müxtəlif sənət sahiblərinin bacardığını bacarmalıdırlar. Bunu aktyorlar, rejissorlar da yaxşı bilirlər. Çünki incəsənət xüsusi qabiliyyətlərə malik insanları sevir.
- Yeri gəlmişkən, rejissorlarımızın çoxu əvvəlcə operatorluqla məşğul olublar.
- Doğrudur. Rejissorlarımızın əksəriyyəti əvvəllər operator kimi fəaliyyət göstəriblər. Bu, dünya ölkələrində də belədir. Bizim Səttar Atakişiyev, Rasim Ocaqov, Hüseyn Mehdiyev və başqaları kimi çox istedadlı rejissorlarımız olub. Onlar öz bacarıqlarını, dünyagörüşlərini çəkdikləri filmlərdə göstəriblər. Rejissor filmə can verən insanlardan biridir. Yaxşı rejissorun çəkdiyi film uğurlu olur. Çünki rejissorlar daxili aləmlərini çəkdikləri filmlər vasitəsilə nümayiş edirlər.
- Rafiq müəllim, bəs siz necə, daxili aləminizi çəkdiyiniz filmlərdə göstərə bilmisizmi? - Məncə, rejissor daxili aləmini bir neçə filmə sığdıra bilməz. Bunun üçün çox sayda bədii filmlər çəkilməlidir. Mən "Cansıxıcı əhvalat”, "Hər şey yaxşılığa doğru”, "Şahid qız”, "Qətl günü”, "Ölüm növbəsi”, "Girov”, "Günaydın mələyim” kimi bədii filmlərin quruluşçu operatoru olduğum zaman daxili aləmimi göstərməyə çalışmışam.
- Bəs, bədii filmlə sənədli filmin oxşar və fərqli cəhətlərini nələrdir?
- Bu film janrlarının hər ikisi olduqca maraqlıdır. Lakin bədii filmlərdə daha çox bədii çalarlar, aktyor obrazı filmə olan marağı daha da artırır. Hər iki növ filmdə hadisənin inkişafı olur və finalda müəllif hadisəyə öz münasibətini bildirir. Onu da deyim ki, mən həyata optimist baxışlarla baxıram. Bu, çəkdiyim filmlərdə özünü göstərir.
"Bu maraq filmin yüksək səviyyədə ərsəyə gəlməsinə səbəb oldu”
- Filmləriniz arasında idmana həsr edilən və bir neçə beynəlxalq müsabiqələrinin qalibi olan "Çövkən” olduqca maraqlıdır. Filmin yaranması və çəkiliş prosesi barədə nə deyə bilərsiz?
- Bu filmin çəkilişi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mənə tapşırılmışdı. Mən də çalışdım ki, çövkən oyununu yüksək səviyyədə lentə alım və film yaddaşlarda iz salsın. Film "Salnamə” studiyasında çəkildi və çəkiliş olduqca maraqlı anlarla yadda qaldı. Filmin çəkilişi üçün Şəki şəhərində keçirilən çövkən yarışlarını izlədik və çəkiləşə başladıq. Bu milli oyuna olduqca böyük marağım var idi. Bu maraq filmin yüksək səviyyədə ərsəyə gəlməsinə səbəb oldu. Komandalarla söhbət və tanışlıq zamanı "Ağdam” komandası və komandanın rəhbəri Cəfər diqqətimi çəkdi. Düşündüm ki, filmin qəhrəmanı elə bu gənc ola bilər. Onu da deyim ki, hazırda Cəfər Oğuz rayonunun ucqar kəndlərinin birində yaşayır. O, Qarabağda doğulub. Çəkiliş qrupunun işi də olduqca qənaətbəxş idi. Operatorlar atların hərəkətini, qolun qapıya vurulmasını, çaparların zədələnməsini, çaparların atlarla davranışını və s. kimi maraqlı kadrları çəkdilər. Çəkiliş çox uğurlu alındı.Çünki operatorlar mənim nə tələb etdiyimi və film üçün hansı kadrların lazım olduğunu yaxşı bilirdilər. Onu da deyim ki, filmi çəkərkən izləyici kütləsini nəzərə aldıq və bu film iki versiyada çəkildi. Filmin istedadlı operatorları Elşən Əliyev, Rüfət Süleymanov və Əli Sultanov çəkiliş prosesində əllərindən gələni etdilər. Filmin montajı, kadrların nizamlanması və digər texniki işlər də uğurla başa çatdı.
- Filmin YUNESKO-nun "Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilməsi də olduqca sevindirici haldır... - Çəkilişlərdən qabaq mənə bildirildi ki, "Çövkən” filmi YUNESKO-nun "Qeyri-Maddi Mədəni İrs Siyahısı”na təqdim olunacaq. Biz də çalışdıq ki, film yüksək səviyyədə lentə alınsın və tələb olunan standartlara cavab versin. Onu da deyim ki, "Çövkən” filmi 2011-ci ildə Bakıda keçirilən I İdman Oyunları Festivalında nümayiş olunub.
- Yəqin ki, işinizə məsuliyyətlə yanaşmağınız həmin işin yüksək səviyyədə ortaya çıxmasına kömək edir.
- Mənə həvalə olunan bütün yaradıcı işlərə böyük məsuliyyətlə yanaşmışam. Biz bu dünyada müvəqqətiyik. Yaratdığımız işlər isə əbədididir. Mən imzama, soyadıma hörmətlə yanaşan insanam. Bu baxımdan səviyyəsi məni qane etməyən layihələrə heç vaxt rəhbərlik etməmişəm. Əgər məsuliyyət olmasa heç bir işin bəhrəsini görmək olmaz. Bu xüsusiyyətimə görə çoxları məni "çətin adam” adlandırır. Peşəkar insanlarla işləmək, onların tələblərini ödəmək, tənbəl və məsuliyyətsiz adamlara çətin görünür.
- Rafiq müəllim, sizin də dediyiniz kimi hər bir film rejissorun fantaziyasının, təcrübəsinin bəhrəsidir. Bəs, filmlərin uğurlu olması başqa hansı amillərdən asılıdır?
- Filmin əsas sütunu ssenaridir. Ssenari rejissorun fantaziyasına elə təsir etməlidir ki, rejissor filmdə yaradıcılıq imkanlarından istifadə edə bilsin.Yaxşı ssenarilər rejissorun istedadını üzə çıxarır. Əslində, aktyoru da tanıdan ssenaridir. Bir sözlə, ssenaridən çox şey asılıdır.
"Milli ruhda olan əsərləri özümə daha yaxın hesab edirəm”
- Rafiq müəllim, hər bir rejissorun maraq dairəsi, əlbəttə, fərqli olur. Bəs, sizin marağınıız çəkən əsas mövzular hansılardır?
- Mənin marağımı, əsasən, vətənpərvərlik mövzusu çəkir. Milli ruhda olan əsərləri özümə daha yaxın hesab edirəm. Onu da deyim ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə həsr olunan "Neft strategiyası”, "Olimpin fətinə doğru” kimi bir neçə silsilə filmin (45 dəqiqəlik) müəllifi olmuşam. Belə səviyyəli filmləri çəkərkən qürur hissi keçirirəm. Ölkəmiz idman, iqtisadiyyat və diğər sahələrdə sürətlə inkişaf edir. Respublikamız mötəbər idman yarışlarının ev sahibidir. Bu, Azərbaycanın bütün dünyada tanınmasından, nüfüz sahibi olmasından xəbər verir. Gənclərimizə bütün sahələrdə böyük diqqət və qayğı göstərilir. İdmançılarımız Olimpiya oyunlarında çoxlu medallar əldə edir və bayrağımızı zirvələrə qaldırırlar.
- Rafiq müəllim, hansı idman növlərinə maraq göstərmisiz? - Gənclik illərimdə yüngül atletikaya və boksa maraq göstərmişəm. Futbol oynamağı da xoşlayırdım. Onu da deyək ki, bokla məşğul olarkən aldığım zərbədən burnum sınmışdı. Elə bu zərbə məni idmandan uzaqlaşdırdı. Gənclərin idmanla məşğul olması olduqca yaxşı haldır. Onlar bizim gələcəyimizdir. Ümumiyyətlə, gənclərimiz olduqca istedadlıdırlar, bütün sahələrdə uğurlar qazanmağı bacarırlar. Elə rejissorluq sənətinə yiyələnənlər arasında da istedadlı gənclərimiz az deyil.
- Yəqin ki, təcrübənizi gənc rejissorlardan əsirgəmirsiniz..
- Həmişə çalışmışam ki, gənc rejissorlara nəyisə öyrədə bilim. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olanda, televiziyalarda layihə rəhbəri və rejissor kimi fəaliyyət göstərəndə ətrafıma gənc və istedadlı rejissorları toplayırdım. Hər birimiz çalışmalıyıq ki, gənclərə kömək edək, onların inkişafına şərait yaradaq.
Jalə Rzabəyli