Boksda yaşanan 60 illik şərəfli ömür 77 illik həyatın xatirələri, mənalı illəridir

Boksda yaşanan 60 illik şərəfli ömür 77 illik həyatın xatirələri, mənalı illəridir


Dosye
Ağacan Abiyev Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, fəxri idman ustası, beynəlxalq dərəcəli hakimdir. O, 2002-ci ildə Avropa Boks Federasiyasının (EABA) vitse-prezidenti və Hakimlər Komitəsinin sədri, Ümumdünya Həvəskar Boks Federasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü və hakimlər komissiyasının sədr müavini vəzifəsinə seçilib. 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarının boks turnirində AİBA-nın texniki nümayəndəsi (baş hakimi) olub.
2008-ci ildə Avropa Boks Konfederasiyasının vitse-prezidenti və AİBA İcraiyyə Komitəsinin üzvü seçilib.
Professor Ağacan Abiyev 102 elmi məqalənin, 15 tədris-metodiki vəsaitin, 1 monoqrafiya və 4 ixtiranın müəllifidir. O, 2005-ci ildə Yusif Məmmədəliyev qızıl medalına layiq görülüb və Avstriyada Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib. A. Abiyev 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət” Ordeni ilə təltif olunub. 2007-ci ildə isə ona əməkdar elm xadimi fəxri adı verilib.


Hər bir insan canlı tarixdir. Yaşanan ömrün bütün məqamları bu canlı tarixin yaddaşına həkk olunur. Bəlkə də yaşadığımız ömür yolunun zənginliyi də elə bu yaddaşın möhkəmliyindən başlayır. Çünki, necə deyərlər, heç nə yaddan çıxmır, heç nə unudulmur...
Bəzən qısa zaman kəsiyində yaşanan xatirələr uzun ömrün mənalı illərinə çevrilir. Onları yada salmaq, xatırlamaq insanı həmin dövrə, keçmişdəki xoşbəxt anlara qaytarır. Sanki həmin anları yenidən yaşayırsan.
Azərbaycan idmanında xüsusi xidmətləri olan Ağacan Abiyev həyatda heç nəyi asan yolla əldə etməyib. 77 illik ömür yolunda çətinlikləri çox olub. Amma yaşanan xoş günlərin sevinci həmin çətinlikləri unutdura bilib. O, şərəfli ömrün 60 ilini boksa həsr edib. Boksçu, məşqçi, hakim, federasiya prezidenti kimi qazandığı nailiyyətlərə, elm sahəsində əldə etdiyi uğurlara ayrı-ayrılıqda nəzər salsaq, yaşananları 60 illik boksçu ömrünə sığışdırmaq qeyri-mümkün olar. Amma idmana ürəkdən bağlılığı, bu sahədə yorulmaq bilmədən çalışması qeyd olunan nailiyyətlərin onun ömrünə sığışmasına imkan verib. Ağacan müəllimin ömrünün hər bir səhifəsi canlı tarix kimi yazılıb. İdmanda keçirdiyi illər onun həyatına xüsusi rəng qatıb.

Ağacan Abiyevin ömür kitabını vərəqlədikcə, yaşanmış hər bir anın, ötən illərin onun həyatında xüsusi məna kəsb etdiyinin şahidi olduq. Müsahibimiz yaddaşında qoruyub saxladığı həyatının maraqlı məqamlarından özünəməxsus səmimiyyətlə danışdı. Üzündəki xoş təbəssüm söhbətimizin sonuna qədər onu tərk etmədi. Uşaqlıq, yeniyetməlik, çılğın gənclik illərinin şirin xatirələri barədə maraqlı söhbət bizi ötən əsrin 50-ci illərinə apardı...
"Ailəmiz üçün bir boksçu kifayətdir”. Bu sözləri Qulam kişi ötən əsrin 50-ci illərində oğlu Ağacanın boksa həvəs göstərdiyini eşidərkən demişdi. O zaman Ağacanın böyük qardaşı Eyvazəli boksla məşğul olurdu. "Lenin” ordenli neftçi Qulam kişi oğlanlarından heç olmasa birinin onun yolunu davam etdirməsini istəyirdi. Ancaq Ağacan idmanla məşğul olmağa üstünlük verdi və bu istəyini öz gücünə həyata keçirdi. O, Azərbaycan və keçmiş SSRİ məkanında, hətta bütün dünyada tanınmış idman və elm xadimlərindən biri oldu, boksun inkişafında xüsusi xidmətlər göstərdi.

Xəyallarda yaşanan uşaqlıq arzusu
Ağacan Abiyev uşaqlıqda təyyarəçi olmağı arzulayırdı. Binədə aerodromun yaxınlığında yaşayırdılar. Balaca Ağacan məktəb illərində təyyarə eskizlərini çəkər, bütün təyyarə markalarının adlarını əzbər bilərdi. Hər dəfə təyyarə səsi eşidərkən xəyala dalar, öz-özünə: "Yüz dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax”, - deyərdi. Hətta Volqoqrada hərbi hava məktəbinə getmək fikrini də qətiləşdirmişdi. Lakin həkim yoxlamasından keçdiyi zaman çiynindəki zədə üzündən rəy verilməməsi onu çox məyus etmişdi. Görünür, bu da bir qismət, alın yazısı idi. Tale onu hələ yeni-yeni arzuların qanadlarında daha da yüksəklərə aparacaqdı...


"Bu uşaq çox arıqdır, ondan boksçu çıxmayacaq”
Qəlbində daha bir gizli istək-boksçu olmaq arzusu da var idi. İnanırdı ki, özünü idmanda tapa bilər. O, 8-ci sinifdə oxuyanda qardaşı ilə idman zalına gedər, onun məşqlərinə tamaşa edərdi. Məşqləri diqqətlə izləyən gənc oğlan boks əlcəklərini geymək, özünü rinqdə sınamaq istəyirdi. Düz 60 il bundan əvvəl, 1954-cü ildə idmanda ilk qədəmlərini atan Ağacan Abiyevin boksa gəlişinin maraqlı tarixçəsi var: "Ailədə 9 uşaq olmuşuq. 3 bacı, 6 qardaşıq. Evin 4-cü uşağı idim. Qardaşımla birgə məşqlərə baxmağa gedəndə bir gün ona dedim ki, mən də boksla məşğul olmaq istəyirəm. Suraxanıdakı "Neftçi” İdman Cəmiyyətində məşqçi işləyən Oleq Kuxarenko mənə baxdı və qardaşıma "Bu uşaq çox arıqdır, ondan boksçu çıxmayacaq”,- dedi. Amma boksla məşğul olmağıma etiraz etmədi. Bu dəfə özümə söz vermişdim: Heç nəyə baxmayaraq öz istəyimin arxasınca gedəcəkdim. Özümü boksda tapacağıma çox inanırdım. Mənə elə gəlirdi ki, həyatımı idmansız yaşaya bilməyəcəyəm. Qəribədir ki, atam da bu istəyimə qarşı idi. Onun arzusu məni neft mühəndisi kimi görmək idi. Atam deyirdi ki, boksa gedirsən, ağız-burnunu əzirlər. Həm də ki, idmanın ömrü azdır. Gələcəkdə ailəni dolandırmaq üçün ciddi sənət seç. Axı idman sənə nə verəcək?
1955-ci ildə Bakının 208 saylı orta məktəbini yaxşı və əla qiymətlərlə bitirdim. Həmin il "Neftçi”nin Mərkəzi Şurasının Qroznıda keçirilən çempionatında uğurla çıxış etdim və çempion oldum. Elə həmin vaxt evdən təcili teleqram aldım. Teleqramda deyilirdi ki, yarışlar başa çatan kimi tez evə qayıdım. Evə gələndən sonra atamın təkidi ilə sənədlərimi Azərbaycan Neft-Kimya İnstitutunun neft-mədən fakültəsinə verdim və əyani şöbəyə daxil oldum. İnstitutda müəllimim, tanınmış professor Mirzəbəyli istedadlı olduğumu tez-tez xatırladırdı. Hər gün dərsdən sonra məşqlərə gedir, axşam saat 7-8-də elektrik qatarı ilə evə qaydırdım.

Qatara minən kimi dəftəri açıb leksiyaları oxuyurdum. İnstitutda dərslər və gündəlik məşqlər çətinlik yaratsa da, öhdəsindən uğurla gəlirdim. Məni məşqə həvəsləndirməyə ehtiyac yox idi. Kişilərdən ibarət yığmanın məşqlərinə qatılır, tez-tez yarışlarda iştirak edirdim.
İnstituta könülsüz gedib gəlmək məni, nəhayət bezdirdi. İdmana olan sonsuz həvəsim Neft-Kimya İnstitutunda təhsilimi yarımçıq qoymağa məcbur etdi. Günlərin birində institutdan çıxmaq üçün qəti qərara gəldim. Bunu atama deyəndə o, mənə sadəcə olaraq: "Özün bax. Elə et ki, peşiman olmayasan. Ailəni dolandırmaq üçün elm arxasınca getsən yaxşı olardı”, - dedi. Mən isə cavabında: "Narahat olma ata, söz verirəm ki, idmançı və məşqçi kimi də ad çıxaracağam”, - dedim.
Bəlkə də Ağacan Abiyevin özünəinamlı davranışı boksda qazandığı ilk qələbədən qaynaqlanırdı. 3-4 aylıq məşq prosesindən sonra birinci yarışına çıxan boksçu ilk rəqibinə nokautla qalib gəlmişdi: "Qalib gələndə çox sevindim. Özümə inamım daha da artdı. Amma çox keçmədi ki, qardaşım bu sevincimi "burnumdan gətirdi”. O məni səhvlərimə və çatışmayan cəhətlərimə görə tənqid etdi. Sonradan başa düşdüm ki, o, təcrübəli boksçu və əsl pedaqoq kimi düz etmişdi. Əks halda məndə özümə arxayınlıq yarana bilərdi”.

Yetirmələri ilə eyni kürsüdə
1956-cı ilin yayında Ağacan Abiyev Bədən Tərbiyəsi İnstitutuna daxil olur. Ciddi məşqlər öz səmərəsini verir. 1957-ci ildə Zaqafqaziya çempionu olur və SSRİ idman ustası normasını yerinə yetirir. Məhz bu yarış onun idman karyerasının ən yaddaqalan səhifələrindən birinə çevrilir. Boksçu həmçinin "Neftçi” İdman Cəmiyyətinin ilk idman ustası kimi tarixə düşür. İdman ustası olandan sonra Suraxanıda məşqçi işləməyə başlayır. Həm özü məşq edir, həm də uşaqlara məşq keçir.
İdmana gedən yol enişli-yoxuşludur. Heç də hamı bu çətinliyə dözə bilmir. Əsl idmançı olmaq üçün insanda dəmir iradə, mübarizlik, dözümlülük kimi keyfiyyətlər olmalıdır. Məhz bu keyfiyyətlərə sahib olan Ağacan Abiyevin məşqçilik fəaliyyəti də özünü doğruldur. Onun yetirmələri qısa zaman ərzində böyük uğurlar qazanırlar. Elə onu demək kifəyətdir ki, istedadlı tələbələrindən olan Balasən Eynullayev 11 dəfə Azərbaycan çempionu adına layiq görülüb. 10 illik məşqçilik fəaliyyəti Ağacan Abiyevə çox şey öyrədib. Bunun üçün isə o "Neftçi” İC-nın o vaxtkı idman tədris şöbəsinin müdiri Volodya Karmayevə minnətdardır: "SSRİ idman ustası adını qazandıqdan sonra mənə təqaüdün ayrılması üçün "Neftçi”İC-yə müraciət etdim. Cəmiyyətin şöbə müdiri Volodya Karmayev maaş almaq üçün uşaq idman məktəbində məşqçilik etməyimi məsləhət gördü. 

Qonşuluqdan, məktəblərdən 12-13 yaşlı uşaqları seçib məşqlərə cəlb etdim. O vaxtlar idmançıların məşq etmələri üçün lazımi şərait yox idi. Şəraitsiz, kiçik zalda uşaqlar böyük həvəslə yarışlara hazırlaşırdılar. Əbəs yerə deməyiblər ki, yaxşı idmançılar, pis zallardan çıxır. İdmançı kimi təcrübəyə malik olmağım məşqçilikdə də mənə çox kömək oldu. 1961-ci ildə keçirilən Azərbaycan çempionatında 60 kq çəki dərəcəsində çempion adını qazandım. Mənim üçün qürurverici digər məqam 4 yetirməmin həmin yarışda çempion adını qazanması oldu. Yarışdan sonra keçirilən iclasda Azərbaycan Boks Federasiyasının o vaxtkı prezidenti Abbas Ağalarovun məni digər məşqçilər üçün nümunə göstərməsi qəlbimi fərəhlə doldurdu. Yaxşı yadımdadır, Abbas müəllim dedi ki, görürsünüz, bu balaca boyu ilə necə nəticələr əldə edir? Yarışda qazanılan nəticənin 25 faizi onun yetirmələrinə məxsusdur. 1960-cı ildə Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra "Neftçi”də baş məşqçi kimi fəaliyyətə başladım”.


Savadla gücün vəhdəti
Texniki fənlərə olan marağı, bu sahədə olan bilik və bacarığını nümayiş etdirmək həvəsi onu rahat buraxmırdı. Qərara gəlmişdi ki, məşqlərini davam etdirməklə ikinci ali təhsil alsın. İnanırdı ki, bu sahədə də böyük nailiyyətlər əldə edə bilər. Riqada keçirilən növbəti yarışdan qayıdarkən qardaşının yanına gələn (Həmin vaxt böyük qardaşı Əsgər Moskva Dövlət Universitetində atom fizikası ixtisası üzə təhsil alırdı) Ağacan ona ikinci ali təhsil alıb fizika ixtisasına yiyələnmək istədiyini bildirir. Qardaşı isə: "Nə oldu, ağlın başına gəldimi?”, - deyə zarafatla cavab verir.
1961-ci ildə Ağacan Abiyev Azərbaycan Politexnik İnstitutunun (hazırda Azərbaycan Texniki Universiteti) "Avtomatika və Hesablama texnikası” fakültəsinin əyani şöbəsinə daxil olur. İlk semestrdən müəllimlərin diqqətini cəlb edən boksçu və məşqçinin texniki fənlərə böyük maraq göstərməsi öz sözünü deyirdi: "Qiymətlərim yalnız "əla” idi. Müəllimlər digər tələbələrə məni nümunə göstərərək deyirdilər ki, Ağacan idmançı kimi idmançı, tələbə kimi də əsl tələbədir. Keçmiş SSRİ dövründə Lenin təqaüdünü almaq çox çətin idi.

Bunun üçün həm yaxşı oxumalı, həm də ictimai işlərdə fəal iştirak etməliydin. Bu təqaüd institutda yalnız 1 nəfərə verilirdi. 4-cü kursa keçəndə mən Lenin təqaüdünə layiq görüldüm və institutu bitirənə qədər bu təqaüdü aldım. 1966-cı ildə Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra işləmək üçün həmin institutun avtomatika və hesablayıcı texnika kafedrasına təyinat aldım. 1967-ci ildə Moskva Polad və Ərintilər İnstitutunun (MİSİS) "Metal təbəqə yayma dəzgahlarının avtomatlaşdırılması” kafedrasının əyani şöbəsinin aspiranturasına daxil oldum. 3 il sonra Moskvada namizədlik disertasiyasını müdafiə etdim. 1971-ci ilin yanvar ayında Moskva Polad və Ərintilər İnstitutu tərəfindən Lipetsk Politexnik İnstitutuna göndərildim. 1974-cü ildə dosent və "Avtomatika və sənaye elektronikası” kafedrasının müdiri seçildim”.

Yenə də rinqdə...
Bu dəfə hakim kimi
Ağacan Abiyev həm də ədalət təmsilçisidir. O, bu sahədə də fərqlənməyi bacarıb. Azərbaycan çempionatı, Spartakida yarışları, SSRİ çempionatlarında ədaləti qoruyan mütəxəssis 1977-ci ildə ümümittifaq dərəcəli hakim adına layiq görülüb. Beynəlxalq hakimlik dərəcəsi aldıqdan sonra 10 ən yaxşı hakim sırasında yer alıb. SSRİ, dünya və Avropa çempionatlarında təmsil olunub. İki dəfə SSRİ və ABŞ arasında keçirilən yoldaşlıq görüşlərini idarə edib.

Boksun inkişafına yönələn 25 illik fəaliyyət
1983-cü ildə Lipetskdən Bakıya qayıdan Ağacan Abiyevin ölkə boksunun inkişafı və çiçəklənməsində böyük xidmətləri oldu. Həmin vaxt Azərbaycan komandasının yarışlardakı çıxışı ürəkaçan deyildi. SSRİ Xalqları Spartakiadasında əldə olunan 9-10-cu yerlər komandanın ən böyük uğuru sayılırdı. Ölkə çempionatına cəmi 33 nəfərin qatılması peşəkar mütəxəssisi narahat etməyə bilməzdi. Bu sahədə ciddi dəyişikliklərə ehtiyac var idi. Ağacan Abiyevin rəhbərliyi ilə Azərbaycanda boksun inkişafı istiqamətində işlər həyata keçirildi. Görülən tədbirlər getdikcə səmərə verməyə başladı. Xarici komandalarla birgə keçirilən məşqlər, çoxsaylı yarışlar qısa zamanda müsbət nəticə verdi. Azərbaycan boksçuları beynəlxalq arenalarda öz sözlərini deməyə başladılar. Dünya və Avropa çempionatlarında uğurlar qazanıldı. Tədricən Azərbaycan beynəlxalq boks yarışlarının mərkəzinə çevrildi.
25 il (1984-2009) Azərbaycan Boks Federasiyasının prezidenti kimi fəaliyyət göstərən Ağacan Abiyevin xidmətləri danılmazdır. Bu sahədə dayanmadan çalışan mütəxəssis hesab edir ki, bu gün Azərbaycan boksu yeni inkişaf mərhələsini yaşayır. "Azərbaycan idmanının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün respublikamızda bütün idman növlərinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsidir ki, Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Bu gün boksçularımız ən mötəbər yarışlardan vətənə medallarla dönürlər. 2009-cu ildə Kəmaləddin Heydərovun Azərbaycan Boks Federasiyasına prezident seçilməsindən sonra bu sahədə daha da böyük inkişaf əldə edilib. Bu dövrü Azərbaycan boksunun yeni mərhələsi hesab etmək olar. İnanıram ki, boks idman növündə Olimpiya çempionu titulu da əldə edəcəyik”.

Mənalı ömrün xoşbəxt illəri
Ağacan müəllim deyir ki, yaşın üstünə yaş gəldikcə insan həyatı daha da dərindən dərk etməyə başlayır, onun həyata baxışı da dəyişir. Hər bir insan keçdiyi ömür yoluna nəzər saldıqda bu və ya digər məqamlara yenidən qiymət verməli olur. Maraqlıdır görəsən, Ağacan müəllim həyatında nəyi isə dəyişmək istəyibmi? "Həyatımı çox dolğun yaşayıram. Hər bir insanın arzuladığı çox şeyə nail olmuşam. Xoşbəxtəm ki, həyat yolum məhz belə keçib. Bir məsəl var, deyirlər, "İşləyən kotan həmişə parlayır”. İşlək kotan doğurdan da güzgü kimi olur. İnsan da belədir. Nə qədər çox işləyirsə, bir o qədər uğurlar qazanır. Bu, mənim amalımın, həyat prinsipimin bir hissəsini təşkil edir. Həyatda çətin anlarım çox olub. Elə vaxt olub ki, həm işləmişəm, oxumuşam, həm məşq etmişəm, həm də məşqçi kimi çalışmışam. Bəzən istəmişəm ki, boksu atım. Amma dözmüşəm. Öz-özümə demişəm ki, nə olur-olsun, lap səhərdən axşama kimi işləsəm də, məqsədimdən dönməyəcəyəm”.


P.S.: Noyabrın 24-də Ağacan Abiyevin 77 yaşı tamam olur. Bu tarix həm də Ağacan müəllimin boksdakı fəaliyyətinin 60 illiyinə təsadüf edir. Ölkəmizin idman ictimaiyyəti, "Olimpiya dünyası” qəzetinin kollektivi və çoxsaylı oxucuları adından Ağacan müəllimi təbrik edir, ona can sağlığı, uzun ömür, işlərində uğurlar arzulayırıq.