Çingiz Hüseynzadə: “Komandanın çıxışından razıyam”

Çingiz Hüseynzadə: “Komandanın çıxışından razıyam”


Avqustun 16-dan 28-dək Çinin Nankin şəhəri Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına ev sahibliyi etdi. Yarışlarda dünyanın 204 ölkəsindən 3888 yeniyetmə atlet 184 dəst medal uğrunda mübarizə apardı. Azərbaycan bu olimpiadada 9 idman növü üzrə 21 idmançı ilə təmsil olundu.
Təmsilçilərimiz Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 12 (5 qızıl, 6 gümüş və 1 bürünc) medal əldə etdilər. Bu medallar taekvondo, güləş, cüdo, avarçəkmə, atletika idman növləri üzrə qazanıldı. Sevindirici haldır ki, ölkəmiz 204 ölkə arasında 10-cu yeri tutdu. Xatırladaq ki, Azərbaycan atletləri Sinqapur-2010 Olimpiadasında 6 idman növü üzrə (güləş, boks, ağırlıqqaldırma, cüdo, taekvondo, kanoe) 12 idmançı ilə təmsil olunmuşdu. Ölkəmiz bu yarışlarda 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq dünya ölkələri sırasında 11-ci pillədə yer almışdı.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşərək, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təşkili, idmançılarımızın çıxışları, əldə olunan nəticələr barədə söhbət etdik.

- Çingiz müəllim, yeniyetmə idmançılarımızla birgə siz də Nankinə yola düşmüşdünüz. Maraqlıdır ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Yeniyetmələrin II Yay Olimpiya Oyunları yüksək səviyyədə təşkil olunmuşdu. Olimpiadada diqqətimi cəlb edən məqamlardan biri oyunların açılış mərasiminin qısa, lakonik və təsirli olması idi. Yarışların təşkilatçılıq səviyyəsindən razı qaldım. Məlum olduğu kimi, çinlilər Pekin-2008 Yay Olimpiya Oyunlarını da yüksək səviyyədə təşkil etmişdilər.
Yeniyetmələrin I Olimpiya Oyunlarının keçirildiyi Sinqapur şəhərindən fərqli olaraq, Nankində açılış mərasimi stadionda təşkil edilmişdi. Açılış mərasiminin fərqli cəhətlərindən biri də o idi ki, paradda yalnız bir idmançı iştirak etdi. Bu, 200-dən artıq ölkənin iştirak etdiyi yarışda vaxta qənaət baxımından yaxşı düşünülmüşdü.
Olimpiya kəndi də əlverişli olması ilə diqqəti cəlb edirdi. Burada idmançılar və rəsmi qonaqlar üçün hərtərəfli şərait yaradılmışdı. Kəndin salındığı məkan da yaxşı seçilmişdi. Nankin qədim şəhər olsa da, müasirliyi, çoxmərtəbəli, hündür, yaraşıqlı binaları ilə insanı valeh edir. Düzü, orada olduğumuz müddətdə əhalinin sıxlığını bir o qədər də hiss etmədik. Nəqliyyat məsələləri də yüksək səviyyədə təşkil olunmuşdu. Nankində tıxac problemi ilə üzləşmədik. Yarış iştirakçılarının təhlükəsizliyi yüksək səviyyədə qorunurdu. Qidalanmaya gəlincə, menyüdə hind, Avropa, çin yeməkləri üstünlük təşkil edirdi. Qonaqlara müxtəlif "fast food” yeməkləri də təqdim olunurdu. Nankində hava mülayim idi. Yarışlar keçirildiyi müddətdə hava əlverişli keçdi.
Nankində könüllülər öz işlərinin öhdəsindən yüksək səviyyədə və dəqiqliklə gəlirdilər. Orada müxtəlif mədəni proqramlar nümayiş olundu. Hər bir ölkə komandası üçün yerli orta məktəb nümayəndələri tərəfindən guşə düzəldilmişdi. Hətta iki çinli məktəbli qız Azərbaycanın milli geyimində "Nəlbəki” rəqsini ifa etdilər.
Yarışların keçirildiyi idman obyektləri müasirliyi ilə diqqəti cəlb edirdi. Bu obyektlər Olimpiya kəndinə yaxın ərazidə yerləşirdi.

- Qeyd etdiniz ki, Çin 2008-ci ildə yay Olimpiya oyunlarına ev sahibliyi etmişdi. Nankin-2014 necə, sizə Pekin-2008 Yay Olmpiya Oyunlarını xatırlatdımı?

- Bilirsiniz, Nankin-2014 və Pekin-2008 Yay Olimpiya Oyunları miqyasına və əhatə dairəsinə görə fərqli idman yarışlarıdır. Buna baxmayaraq, hər iki yarışda çinlilərin dəqiqliyi, nizam-intizamı, səliqəsi bu idman tədbirlərini bir-birinə yaxınlaşdıran amillərdən idi.

- Çingiz müəllim, sizin proqnozlarınız, adətən, özünü doğruldur. Siz yeniyetmə idmançılarımızın Çinin Nankin şəhərində neçə medal qazanacağına ümid edirdiniz?

- Yarışlardan əvvəl idmançılarımızın 10 və ya 12 medal qazanacaqlarını proqnozlaşdırmışdım. Bunlardan beşinin qızıl olacağını düşünürdüm. Proqnozlarım özünü doğrultdu. Müqayisə üçün deyim ki, Azərbaycanın yeniyetmələrdən ibarət milli yığması Sinqapur-2010 Olimpiadasında 12 nəfər idmançı ilə təmsil olunurdu. Təmsilçilərimiz bu yarışda 8 medal (5 qızıl, 3 gümüş) qazandılar. Sevindirici haldır ki, Yeniyetmələrin Nankində keçirilən II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə təmsil olunan komandamız bu dəfə 12 medal (5 qızıl, 6 gümüş, 1 bürünc) əldə etdi. Qeyd edim ki, idmançılarımızdan 2-si bu yarışda güzəştli kartla çıxış edirdi. Bu isə onların medal qazanmaq şansının minimum olması demək idi. Beləliklə, idmançılarımızın yarıdan çoxu medal əldə etdi. Komandanın çıxışından razıyam. Düzdür, finala doğru inamla irəliləyən bəzi atletlərimiz həlledici mərhələdə uğursuzluğa düçar oldular. Bu da qazanılan medalların növünə təsir etdi. Bəzi məqamlarda idmançılarımızın bəxti gətirmədi. Əks halda, qızıl medallarımızın sayı daha çox ola bilərdi. Amma neyləmək olar, bu, idmandır. Avarçəkənimiz Boris Yotov, atletimiz Nazim Babayev qızıl medala çox yaxın olduqları halda, bu şansı əldən verdilər. Qeyd edim ki, Nazim öz yaş qrupu üzrə dünyada yüksək reytinqə malik idmançıdır. Onun gələcək perspektivlərini yüksək qiymətləndirirəm. Nazim hər zaman qızıl medala iddialı idmançılarımızdandır.
Həmişə olduğu kimi, güləşçilərimiz bu yarışda da onlara bəslənilən ümidləri doğrultdular. Onlar Nankində 3 qızıl, 2 gümüş medala sahib oldular. Bu, çox yaxşı göstəricidir. Sevindirici haldır ki, cüdoçularımız Sinqapurda medal qazana bilməsələr də, onun əvəzini Nankində çıxdılar.
Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında məni ən çox sevindirən amillərdən biri də budur ki, əvvəllər biz yalnız üç idman növündə uğur qazanırdıq. Bu oyunlarda isə təmsilçilərimiz 5 idman növündə (güləş, taekvondo, cüdo, avarçəkmə, ateltika) medal əldə etdilər. Fərəhli haldır ki, 21 idmançımızdan 12-si medal qazanıb.

- Bəzən yeniyetmələrin Olimpiya oyunlarınında uğur qazanan atletlər idmanı erkən tərk edirlər. Sizcə, istedadlı yeniyetmələrin böyüklər arasında uğur qazanmasına nə mane olur?

- Yeniyetmə idmanı kütləvi xarakter daşıyır. Bu yaşda idmançıların peşəkar şəkildə idmanla məşğul olmasına mane olan müəyyən səbəblər vardır. Burada bir sıra amillər rol oynayır. Yəni daha güclü, iradəli idmançı öz karyerasını sona qədər davam etdirə bilir. Məsələn, Sinqapur-2010 Olimpiadasında uğurlu çıxışları ilə fərqlənən güləşçilərimiz. Elman Muxtarov, Murat Bazarov, Patimat Baqomedova, boksçumuz Salman Əlizadə sonradan böyüklər arasında nailiyyətlər əldə etdilər. Nankində medal qazanan idmançılarımızın böyük potensialı var və onları gələcəyin Olimpiya çempionları sırasında görürəm.

- Çingiz müəllim, Yeniyetmələrin Olimpiya oyunları yeniyetmələrin gələcək inkişafı baxımından hansı rola malikdir?

- Yeniyetmələrin Olimpiya oyunları böyüklərin Olimpiya oyunlarından fərqlənir. Belə ki, burada 14-18 yaşlı idmançılar qüvvələrini sınayırlar. Bu yarışlar həm də qarşılıqlı dostluq münasibətinin yaranması və təcrübə mübadiləsinə xidmət edir. Yarışların təşkili sülhü, qardaşlığı, dostluğu təcəssüm etdirir. Maraqlıdır ki, yeniyetmələrin olimpiadasında onların nəticələri tablolarda nümayiş olunmur. Bu addım onların psixoloji durumuna mənfi təsir etməmək məqsədi daşıyır. Bu məqsədlə hətta yeniyetmələrin Olimpiya oyunlarının proqramında bəzi növlər üzrə qarışıq yarışlar keçirilir.
Amma bu oyunların təşkilində müəyyən ədalətsizlik də var. Yeniyetmələrin Olimpiya oyunlarında çıxış edən idmançıların ikiqat Olimpiya çempionu olmaq şansları yoxdur. Çünki olimpiada dörd ildən bir keçirilir və bu yarış ancaq 14-18 yaşlı yeniyetmələr üçün nəzərdə tutulur. Bu olimpiadada çıxış edən yeniyetmə dörd ildən sonra keçirilən növbəti olimpiadada iştirak edə bilmir. Buna yaş həddi imkan vermir. Böyüklər arasında keçirilən olimpiadalarda isə yaş məhdudiyyəti yoxdur.

Səadət Hakıyeva
Aysel Sultanova