Dağıstanlı boksçu Maqomed Abdusalamovun arvadı Bakanay Nyu-York ştatına və ştatın idman komitəsinə qarşı 100 milyon dollarlıq məhkəmə iddiası qaldırıb. Bakanay Abdusalamova iddia edir ki, onun ərinə qarşı laqeydlik nümayiş etdirilib və kubalı Mayk Peres ilə döyüş vaxtında dayandırılmayıb. Abdusalamovanın fikrincə, onun ərini döyüş vaxtı işgəncə ilə döyüblər, amma döyüşün təşkilatçıları buna reaksiya verməyiblər. Qadının sözlərinə görə, ərinə tibbi yardım da düzgün və vaxtında göstərilməyib. Daha öncə Abdusalamovun meneceri Boris Qrinberq də həkimləri laqeydlikdə günahlandırıb. Onun fikrincə, əgər boksçuya lazımi yardım edilsəydi, o, daha az əzab çəkərdi.
Milliyyətcə dargin olan 33 yaşlı peşəkar boksçu öz karyerasını kubalı Mayk Pereslə döyüşdə bitirib. O, 2013-cü il noyabrın 2-də keçirdiyi son döyüşdə aldığı zədələr üzündən insult keçirib. Həkimlər onu süni komaya salıblar və beynində bir neçə dəfə əməliyyatlar aparıblar. Son döyüşə görə 40 min dollar almış boksçunun ailəsi ciddi maliyyə itkisinə məruz qalıb. Nəticədə peşəkar boks aləmindən Kliçko qardaşları, Ruslan Provodnikov, Sultan İbrahimov, Həbib Allahverdiyev, Serxio Martines və başqaları ailəyə yardım ediblər.
Qeyd edək ki, ötən il noyabrın 22-də komadan çıxmış boksçu dekabr ayından bərpa mərkəzinə yerləşdirilib. Həkimlərin fikrincə, Abdusalamovun tam bərpası mümkün deyil. Belə ki, boksçu həmişə nevroloji çatışmazlıq hiss edəcək, hərəkət fəaliyyətində və nitqində pozuntular müşahidə olunacaq.