Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yürüşdə tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcılar iştirak ediblər. Əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi ilə bağlı təlim keçirilib. Daha sonra onlar avarçəkmə idmanında özlərini sınayıblar. Yürüş əyləncəli və maraqlı anlarla yadda qalıb.
Daha sonra federasiyanın mətbuat katibi iştirakçıları çay süfrəsi ətrafında 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, eləcə də Od çərşənbəsi münasibəti ilə təbrik edib. Tədbirin kütləviliyin təmin olunması, yeniyetmə və gənclərin avarçəkmə idman növünə cəlb edilməsi məqsədi daşıdığı vurğulanıb.


