
Tanınmış boksçu Timoti Bredli bildirib ki, Menni Pakyaodan qisas almaq üçün nokaut vacib deyil. "Mən artıq bir dəfə Pakyaonu məyus etmişəm və ona görə də düşünürəm ki, qalib gəlmək üçün onu nokauta uğratmağa ehtiyyac yoxdur. Ancaq belə fürsət olsa onu yüz faiz əldən buraxmaram. Birinci döyüş zamanı ilk raundda hər şey yaxşı idi. İkinci raundda bir ayağımı zədələdim. Dördüncü raundda isə artıq ikinci ayağımda da problemlər başlayırdı. Döyüşün ikinci yarısında isə iki zədəli ayağımla hərəkət edirdim. Yeni döyüşə əvvəlki qarşılaşmanın davamı kimi çıxacağam. Bu, sadəcə, təkbətək döyüşün 13-24-cü raundu olacaq. Mən Pakyaodan cəldəm və özümü yaxşı müdafiə edəcəm. Artıq onunla rinqdə görüşümüz olub və ona görə məni nə gözlədiyini yaxşı bilirəm”, - deyə Timoti Bredli bildirib. O, Menni Pakyao ilə döyüşü zamanı aldığı zədənin səbəbini canlı yayım zamanı açıqlayıb: "Mən həmişə Mayk Taysonun pərəstişkarı olmuşam. Mayk rinqə corabsız çıxırdı. Mən də bunu döyüş zamanı sınaqdan keçirmək qərarına gəldim. Corabsız məşq edirdim və bu, çox rahat idi. Ancaq rinq döşəmə zaldan fərqli olaraq çox yumşaq idi. Ona görə də birinci raundda bir ayağım burxuldu ikinci raunda isə artıq digər ayağım da ağrımağa başladı”. Xatırladaq ki, bu boksçuların arasında ikinci döyüş aprel ayının 12-ci Las-Veqasda keçiriləcək.