Buyaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Baş katib futzal üzrə "Dördlər finalı”nın püşkatması ilə bağlı təəssüratlarını bizimlə bölüşməklə yanaşı, futbol üzrə yığma komandamızın gələcək planlarından da danışdı.
- "Dördlər finalı”nın ilk oyununda "Araz” klubunun bəxtinə "Barselona” düşüb. Siz təmsilçimizə hansı komandanın rəqib olmasını arzulayırdınız?
- 4 komandanın hamısı güclüdür. Həmin komandalar bu mərhələyə kimi gəlib çatıbsa, əminliklə demək olar ki, onların hamısı səviyyəli rəqiblərdir. Sözün düzü, məhz buna görə də "Kayrat”, Moskva "Dinamo”su və "Barselona” arasında ciddi fərq görmürəm. Hesab edirəm ki, azarkeşlik və marketinq baxımından komandamızın ilk oyununu "Barselona” ilə keçirməsi yaxşı haldır. Əgər bizim komandamız da bu mərhələyə kimi gəlib çatıbsa, deməli, "Araz”dan da qorxmağa dəyər.
- "Araz”ın doğma azarkeşlər önündə oynayacağını nəzərə alsaq, "Barselona”nı keçəcəyinə ümid etmək olar?
- Belə deyək də. Fərqi nədir ki, "Barselona” ilə indi qarşılaşdıq, ya sonra. Finala çıxsaq da, yenə onlarla qarşılaşmalı olacaqdıq. Ümid edək ki, komandamız inamlı oyun göstərərək finala vəsiqə qazanacaq. Futzalçılarımız artıq keçmişdə yaxşı nəticələr qazanıblar və indi də bunu etmək üçün gücləri var.
- Futzal mövzusunu tamamlayaq. Mayda 2 yoldaşlıq oyunu keçirəcəyiniz deyilirdi. Rəqiblərdən biri ABŞ millisidir. Digəri hansı komanda ola bilər?
- Əslində, biz 2 oyun fikirləşirdik. Ancaq sonra məsafəni nəzərə alaraq 1 oyuna razılıq verdik. Bildiyiniz kimi, ABŞ-da çoxlu sayda komanda toplanış keçirəcək. Orda 1 ştatdan digərinə 6 saata getmək olur. Biz isə ABŞ millisi ilə Kaliforniya ştatının San-Fransisko şəhərində oynayacağıq. Əgər San-Fransiskoda başqa komanda da toplanış keçərirsə, o zaman biz həmin milli ilə yoldaşlıq oyunu keçirə bilərik. Bizdə olan məlumata görə, çox yaxınlıqda hər hansı bir yığma məskunlaşmayacaq. Amma buna yenə baxacağıq. Çünki bəzi yığmalar toplanış keçirmək üçün məkanı müəyyənləşdirməyiblər. Biz bütün günü bu məsələ ilə bağlı məlumat toplayırıq. Ancaq hazırda bütün diqqətimizi ABŞ komandası ilə oyuna yönəltmişik.
- Rəqibin baş məşqçisi Yürgen Klinsmann vaxtilə Berti Foqtsun yetirməsi olub. ABŞ komandası ilə oyunun təşkil olunmasında Berti Foqtsun rolu var?
- Təbii ki, bu məsələdə Berti Foqtsun böyük əməyi var. Klinsmann onun vaxtında bəzi matçlarda kapitan olub. Əlbəttə, onun Klinsmannla bu əlaqəsi bizim yoldaşlıq oyunu keçirməyimizə bir dəstək oldu.
- Avqustda yoldaşlıq oyunu keçirmək variantı var?
- Bildiyiniz kimi, FİFA-nın avqustda təqvimi yoxdur. Ola bilər ki, həmin ay təlim-məşq toplanışı çərçivəsində qeyri-rəsmi oyun keçirək. Amma bu da hələ bilinmir.
- Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan millisi ilə Bakıda qarşılaşacağıq. Ola bilərmi ki, buna görə avqustda yerli azarkeşlər önündə yoldaşlıq matçı keçirək?
- Bakıda ola bilər. Ancaq hansı komandanın rəqib olacağını indidən dəqiq deyə bilmərəm.
- Yığmamızın oyunlarının hansı stadionda olacağını müəyyənləşdirmisiniz?
- İlk növbədə, Tofiq Bəhramov adına Respublika stadionunda rəqibləri qəbul edəcəyik. 2015-ci ildə Bakıda yeni inşa olunan stadionda I Avropa Oyunları keçiriləcək. Əgər bundan sonra qazon yaxşı olsa, orada İtaliya millisini qəbul etmək istərdik. Avropa Oyunları başa çatdıqdan sonra bu stadionda ancaq futbol oyunları keçiriləcək. Bundan sonra UEFA-ya komissiya göndərməsi üçün müraciət edəcəyik. Qazon hazır vəziyyətdə olmasa, komissiya çağıra və stadionu seçmə mərhələsi üçün qeydiyyatdan keçirə bilmərik. Gələn ilin əvvəlində bu stadion hazır olacaq. Ancaq əmin ola bilərsiniz ki, mərkəzi arena 1 nömrəli stadion kimi FİFA və UEFA-da qeydiyyatdan keçirilib. İkincisi isə "Bakcell Arena” stadionudur.
Rahib Səmədov