Mikayıl Nərimanoğlu: ““Futbol dünyası” futbolun təbliği istiqamətində mühüm işlər görür”

Mikayıl Nərimanoğlu: ““Futbol dünyası” futbolun təbliği istiqamətində mühüm işlər görür”

Azərbaycanda idmana göstərilən dövlət qayğısı bu sahənin inkişafına və kütləviliyinə geniş imkanlar yaradıb. Ölkə idmanının inkişafı bu sahə üzrə fəaliyyət göstərən mətbuat orqanlarının da çoxalmasına imkan verib. Azərbaycanın idman mətbuatı atletlərimizin beynəlxalq arenalarda çıxışlarını, o cümlədən ölkədaxili yarışları geniş şəkildə işıqlandırır.
Bəzi idman mətbuat orqanları öz fəaliyyətini ayrı-ayrı idman növlərinin təbliğinə yönəldib. Azərbaycan futbolunun inkişafında, bu növün uşaq, yeniyetmə və gənclər arasında təbliğində əvəzsiz xidmətləri olan mətbuat orqanlarımızdan biri "Futbol dünyası” qəzetidir. 2006-cı ildə fəaliyyətə başlayan "Futbol dünyası”nın aprelin 11-də 8 yaşı tamam olub. Bununla əlaqədar olaraq, qəzetin baş redaktoru, Əməkdar jurnalist, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğludan müsahibə almaq qərarına gəldik. Mikayıl müəllim bizə verdiyi geniş müsahibədə rəhbərlik etdiyi qəzetin yaradılması ideyasının necə meydana gəlməsindən, əldə olunan nailiyyətlər və qəzetin gələcək planlarından danışdı.


- "Futbol dünyası” qəzeti fəaliyyətinin 8-ci ilini geridə qoydu. Əvvəlcə bununla əlaqədar başda siz olmaqla kollektivinizi təbrik edirik. Oxucularımızla təəssüratlarınızı bölüşməyinizi istərdik.
- Təbrikə görə təşəkkürlər. Bütün kollektivə dərin minnətdarlığımı bildirirəm. Hər gün eyni işi görürük. Futbolumuzu daim təbliğ edirik. Açığını deyim ki, bir də başımızı qaldırdıq ki, artıq qəzetin 8 yaşı tamam olur (gülür). Amma 8 yaş heç də az bir şey deyil. Düzdür, ilk günlər bir az çətinliklərimiz olub. Qəzetimizin redaksiyası Futbol Federasiyasından kənarda yerləşirdi. Çətinliklərə baxmayaraq, həmin vaxtlar da qarşımıza yüksək məqsədlər qoymuşduq. Həmişə əməkdaşlarıma qəzet üçün yüksək şəraitin yaradılacağını bildirirdim. Şükürlər olsun ki, çətinliklər geridə qalıb.
Qəzet ilk gündən müəyyənləşdirdiyi devizini davam etdirir. Bilirsiniz, jurnalistika özünün spesifik ağırlığı olan sahədir. Hava şəraitindən, saatdan, bayram günlərindən asılı olmayaraq, jurnalistlərimiz stadionlarda olurlar. Komanda uduzanda belə, futbolu sevdirmək üçün çıxış yolları axtarırlar. Düzdür, bu gün futbol sahəsində bir sıra problemlər var. AFFA rəhbərliyi bu problemləri aradan qaldırmaq üçün mütəmadi işlər görür. Bizim qəzet isə nöqsanları mətbuat vasitəsilə deyil, daxili görüşlər zamanı bildirir və əsasən də həllinə nail olur. Bizi digər mətbu orqanlardan fərqləndirən əsas cəhətlərdən biri də məhz budur. Biz, "Futbol dünyası” olaraq, futbolun təbliği və sevdirilməsi istiqamətində çalışmışıq və bundan sonra da bu yöndə çalışacağıq. Bu yolda kollektivin hər bir üzvünə uğurlar arzulayıram.

- Qəzet yaratmaq təşəbbüsü nədən irəli gəldi?
- "Futbol dünyası” qəzeti "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Dövlət proqramında ayrı-ayrı sahələrin inkişafı, o cümlədən futbolun təbliği üçün konkret işlərin görülməsi nəzərdə tutulub. Əvvəlcə, internet saytı vasitəsilə ölkə futbolunda baş verən proseslərin ictimaiyyətə çatdırılması zəruriyyəti yarandı. İlkin olaraq, AFFA-nın rəsmi internet səhifəsi fəalliyyətə başladı. Həmin dövrdə ölkəmizdə informasiya xarakteri daşıyan mətbuat orqanının nəşrinə ehtiyac duyulurdu. Bununla əlaqədar, AFFA tərəfindən "Futbol dünyası” qəzeti təsis olundu. Qəzetimiz həftədə 3 dəfə işıq üzü görür. 8 yaşı tamam olan "Futbol dünyası” qəzeti bu gün də uşaq futbolunun inkişafı istiqamətində görülən işləri geniş şəkildə ictimaiyyətə çatdırır, futbolun təbliği istiqamətində mühüm işlər görür. Keçilən uzun yola baxanda əminliklə deyə bilərəm ki, qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq.

- Qəzetin oxuculara çatdırılması hansı mexanizmlə həyata keçirilir?
- Bizim qəzetin yayım mexanizmi fərqlidir. Qəzetin ilk sayından bugünədək Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ilə əməkdaşlıq edirik. "Futbol dünyası” qəzeti AZAL-ın istər daxili, istərsə də xarici uçuşları zamanı sərnişinlərə paylanır. Bundan əlavə, Dövlət Proqramına uyğun olaraq, qəzetimiz bütün nazirliklərə və digər dövlət strukturlarına göndərilir. Həmçinin AFFA tərəfindən 11 yaşından yuxarı futbolçular üçün keçirilən liqaların və yarışların fotoreportajları, təqvimləri və cədvəlləri qəzetdə mütəmadi dərc olunur. Qəzetimiz fotoreportajları dərc olunan bölgələrdə uşaqlar arasında paylanılır. Uşaqların bu qəzeti necə həvəslə oxuduqları və şəkillərinə baxıb həyəcan keçirdiklərini hiss etmək olur. Məlumat üçün deyim ki, aşağı yaş qrupu üzrə təşkil olunan bütün yarışlar yalnız "Futbol dünyası” qəzetində öz əksini tapır. Qeyd edim ki, AFFA-da bütün bu işlər kiçik kollektiv tərəfindən yerinə yetirilir. Futbol kollektiv oyun olduğu kimi, bizim qəzet də kollektiv əməyin bəhrəsidir.



- Baş redaktoru olduğunuz qəzet idman mətbuatında hansı yenilikləri ilə diqqəti çəkib?
- "Futbol dünyası” qəzeti Azərbaycan futbol jurnalistkasına bir sıra yeniliklər gətirdi. O vaxt Azərbaycan idman mətbuatında dərc olunan şəkillər yüksək səviyyədə deyildi. Dediyim kimi, "Futbol dünyası” futbolsevərlərə aşağı liqalardan geniş məlumatlar çatdırmaqla yanaşı, idman mediasına fotoreportaj janrını da gətirdi. İlk gündən indiyədək qəzetin son səhifəsində fotoreportaj verilir. Bu seçim futbol ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.

- Bəs qəzetiniz hansı uğurları qazanıb?
- Futbol nəşrləri arasında dəfələrlə 1-ci yerə çıxmış və bir sıra tədbirlərdə diplomlarla təltif olunmuşuq. Qeyd edim ki, qəzetimizin ən böyük uğuru 2010-cu ildə olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən mənə Əməkdar jurnalist fəxri adı verilib. Bu tək mənim deyil, qəzetimizin bütün əməkdaşlarının əməyinə verilən qiymətdir.
Qəzetimizdə müsahibə janrı da xüsusi dəst-xətti ilə seçilir. Bir çox yeniliklərə, eksklüziv müsahibələrə məhz bizim qəzetin əməkdaşları imza atıblar. Xarici klubların prezidentlərindən, müxtəlif ölkələrin federasiyalarının prezidentlərindən eksklüziv müsahibələr bu qəzetdə dərc olunub. Təkcə "Barselona” klubunun keçmiş prezidenti Xuan Laportadan alınmış eksklüziv müsahibəni xatırlatmaq kifayətdir. AFFA rəhbərliyinin dəstəyi ilə qəzetimizin əməkdaşları ölkə xaricindən - milli komandalarımızın və klublarımızın oyunlarından reportajlar hazırlayırlar. "Futbol dünyası” qəzeti olaraq bir çox təşkilati məsələlərdə, sosial layihələrdə iştirak edirik. Misal üçün, AFFA tərəfindən keçirilən aşağı yaş qrupu üzrə liqaların ən məhsuldar oyunçularının təhsil aldıqları məktəblərdə mükafatlandırılması ideyası "Futbol dünyası” qəzetin kollektivinin təklifi ilə həyata keçirilib. Həmçinin milli komandamızın ölkə xaricindəki toplanışları zamanı hazırlanan filmdə qəzetimizin əməkdaşlarının rolu olub. Bir sözlə, "Futbol dünyası”nın əməkdaşları tək qəzetlə bağlı işlərdə deyil, təşkilati məsələlərdə də öz köməkliklərini əsirgəmirlər.

- Hansı xarici KİV-lərlə əməkdaşlıq edirsiniz?
- Bu sahədə böyük nailiyyətlərə imza atmışıq. Bildiyiniz kimi, qəzetimizin əməkdaşı Rasim Mövsümov 2000-ci ildən dünyanın ən yaxşı futbolçusuna verilən "FİFA Ballon d-Or” ("Qızıl top”) mükafatının jüri üzvüdür. O, qəzetimizin adından ölkəmizi təmsil edir və tez-tez tədbirlərdə olur. Qəzetimiz, bir növ, məktəb rolunu oynayıb. Bu müddət ərzində qəzetimizdə çalışan onlarla əməkdaşımız, əsasən, futbol sahəsində fəaliyyətini davam etdirir. Əməkdaşlarımız bir sıra xarici mətbuatlarda yazıları çap olunur. Bu sahədə heç bir problemimiz yoxdur. Dünyanın əksər mətbuat xidmətləri ilə yaxşı münasibətimiz var və onlarla tez-tez əlaqə saxlayırıq.
"Futbol dünyası” Azərbaycan futbolu üçün böyük işlər görüb. Biz, qəzetlə yanaşı, AFFA-nın nəzdində Azərbaycan futbolunun fotoarxivini yaratmışıq. Qəzetdə istifadə olunan fotolar həmin arxivdə saxlanılır. Artıq istənilən futbol məşqçiləri və futbolçuların fotolarını əldə etmək asandır. Bundan əlavə, Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tarixi fotolar tapılıb. Şəxsən mənim tərəfimdən dövlət arxivlərindən Azərbaycan futbolu ilə bağlı tarixi məlumatlar, fotolar toplanıb. Bu məlumatları təmannasız olaraq KİV nümayəndələrinə vermişəm. AFFA-nın təşkilatçılığı ilə əməkdaşlarımızın futbolla bağlı saysız-hesabsız nəşrləri işıq üzü görüb. Anatoli Banişevski, Azərbaycan milli komandası və futbolumuzun müstəqillik tarixi ilə əlaqədar kitablar çap olunub.

- Qəzetlə bağlı maraqlı və yaddaqalan hadisəni oxucularımızla bölüşərdiniz.
- Futbolun hər anı maraqlıdır (gülür). Maraqlı hadisələrlə çox rastlaşmışıq. Qəzetin ilk sayı çapdan çıxanda Türkiyə Futbol Federasiyasının (TFF) o vaxtkı prezidenti Haluk Ulusoy komanda ilə birlikdə yoldaşlıq oyunu ilə bağlı ölkəmizə gəlmişdi. Həmin vaxt o, qəzetimizin ilk sayını görüb, ətrafındakılarına: "Baxın, AFFA-nın mətbu orqanı var”, - dedi. O zaman TFF-nin belə qəzeti yox idi. Haluk Ulusoy xahiş elədi ki, Türkiyədə məmurlara göstərmək üçün onlara qəzet versinlər. Biz də böyük məmnuniyyətlə qonaqlara 50 nüsxə qəzet verdik. Demək istəyirəm ki, bu sahədə onları qabaqlayırıq.
Həmişə milli komandamızın qələbə qazanmasını istəyirik. Amma elə anlar olur ki, bu istəyimiz reallaşmır. Yadıma bir hadisə düşdü. Bir neçə il əvvəl yığmamız Serbiya komandasına 1:6 hesabı ilə məğlub olmuşdu. Həmin vaxt bu acınacaqlı hesabı mətbuata necə açıqlayacağımız və yazını hansı başlıq altında verəcəyimiz bizi çox düşündürmüşdü. Məqsədimiz futbolu sevdirməkdir. Ona görə də belə yazılara elə başlıqlar seçirik ki, bu, gələcəyə keçid rolunu oynasın.
2006-cı ildə dünya çempionunun hansı komanda olacağı ilə bağlı rəsmi şəxslər arasında sorğu keçirmişdik. Həmin vaxt yeni gənclər və idman nazir seçilən Azad Rəhimov İtaliya komandasının qalib gələcəyini vurğulamışdı. Final oyununun səhəri günü Azad müəllim xaricə gedəndə təyyarədə "Futbol dünyası” qəzetində oxumuşdu ki, onun verdiyi proqnoz düz çıxıb. Azad Rəhimov dəfələrlə qeyd edib ki, verdiyim proqnozun düz çıxmasını havada oxumuşam (gülür).
Daha bir maraqlı hadisə "Barselona” klubu ilə bağlı olmuşdu. AFFA-nın baş katibi Elxan Məmmədov "Barselona”nın prezidenti ilə görüşmüşdü. Elxan müəllim klubun prezidentinə: "Biz Azərbaycandanıq” deyəndə o, çox sevinclə, "Sizin ölkəniz də fəaliyyət göstərən "Futbol dünyası” qəzetində mənim də yazım çıxmışdı”, - demişdi.

- Gələcəkdə hansı yeniliklər etmək fikrindəsiniz?
- Növbəti illərdə AFFA-nın bütün tədbirlərini daha geniş işıqlandırmağı qarşımıza məqsəd qoymuşuq. Qəzetimizin əməkdaşları tək qəzetə yazılar verməklə kifayətlənmirlər. Biz əməkdaşlarımıza digər sahələrdə də özünü göstərməyə şərait yaradırıq. Onlar milli komanda ilə bağlı sənədli filmlər də hazırlayırlar. İnşallah, bu işlər davam etdiriləcək. Bizim gələcək illər üçün böyük layihələrimiz var.
Rahib Səmədov

P.S.: Biz də "Olimpiya dünyası” qəzetinin adından 
həmkarlarımızı təbrik edir, onlara bu sahədə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.