Buyaxınlarda Topaz Premyer Liqasının 2013-cü il ilin dekabr ayı və bu ilin fevral, mart ayları üçün ən yaxşı oyunçuları və qollarının müəllifləri müəyyənləşmişdi. 40-a yaxın KİV nümayəndəsi arasında keçirilən sorğunun nəticələrinə əsasən "Qarabağ” klubunun futbolçusu Reynaldo Silva fevral və mart aylarında Topaz Premyer Liqasının ən yaxşı futbolçusu, həmçinin ən gözəl qolun müəllifi seçildi. Tədbir başa çatdıqdan sonra Reynaldo "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. Bombardirlik keyfiyyətlərini yüksək səviyyədə nümayiş etdirən braziliyalı futbolçu mövsümün ən məhsuldar oyunçusu adını qazanmaq şansı ilə yanaşı, Azərbaycan yığmasına dəvət olunması variantına da münasibət bildirdi.
- Siz bir neçə fərdi mükafatı birdən qazandınız: fevral və mart aylarının ən yaxşı oyunçusu, həmçinin, fevral ayının ən yaxşı qol müəllifi. Bu anı gözləyirdiniz?
- Düzü, yox. Məncə, belə şey hələ kimsənin başına gəlməyib. Gözləməyimə gəlincə, mən həqiqətən öz oyunumdan razı qalmışam. Ancaq düşünmürdüm ki, mənə iki ayın mükafatı veriləcək. Mənə səs verənlərin hamısına təşəkkür edirəm.
- Bu xəbəri necə qəbul etdiniz?
- Əla! Başqa necə ola bilər ki? Bu, bütün komandanın uğurudur. Azərbaycandakı uğurlu karyerama görə şadam. Amma bununla kifayətlənmək fikrim yoxdur. Ümid edirəm ki, ardı da gələcək.
- Aprel və may aylarının ən yaxşısı mükafatlarını qazanmaq istəyiniz var?
- (gülür) Heç nə deyə bilmərəm. Amma onu deyim ki, çox qol vurmağa çalışıram. Qolların sayı çox olduqda komandamızın qələbə şansı da artıq olur. Mövsümün sonuna qədər də bu tempdə davam edəcəyəm. Əvvəlcə bombardir olmaq haqda düşünmürdüm. Ancaq indi buna şansım var.
- Son vaxtlar sizin Azərbaycan yığmasına dəvət ediləcəyiniz haqqında söz-söhbət dolaşır. Buna münasibətiniz necədir?
- Bununla bağlı ictimaiyyətdə tez-tez fikirlər səsləndirilir. Amma rəsmi təklif yoxdur. Əlbəttə, Azərbaycan yığmasında oynamaq istərdim. Amma bunun üçün təklif olmalıdır.
- Bu halda, Azərbaycan dilini və himnimizi öyrənəcəksiniz?
- Azərbaycan atributları haqda məlumatları əldə etməyə çalışıram. Ancaq etiraf edim ki, mənə çətindir. Mənimlə məşğul olacaq elə bir adam yoxdur. Tez-tez şəhərdə gəzirəm, ölkəni tanımağa cəhd edirəm. Ancaq mən heç ingiliscə də danışmıram. Buna görə də mənə bir qədər çətindir. Onu deyim ki, dilinizi öyrənməyə çalışacam.
- Ancaq millinin bəzi oyunçuları sizin mümkün çıxışınıza elə də şad deyillər...
- Bu, onların fikridir. Mən yığmada oynamaq istəyirəm. Əgər mənə təklif gəlsə qəbul edərəm.
- Çempionatın formatı haqqında fikirlərinizi bilmək istərdik...
- Əslində, bir komanda ilə mövsüm ərzində, ən azı, 4 dəfə qarşılaşmaq qəribədir. Qalan şeylər qaydasındadır.
- Sizi çempionluq münasibəti ilə təbrik etmək olar?
- Uzun fasilədən sonra biz titulu qazanmağa çox yaxınıq. Ancaq gəlin, bunun rəsmiləşməsini gözləyək.
- Bəs avrokuboklarda?
- Düşünürəm ki, Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsinə çıxa biləcək gücdəyik.
Rahib Səmədov