Ağır çəki dərəcəsində keçmiş dünya çempionu Şennon Briqqsin sosial şəbəkələrdə yayımladığı videoçarx, deyəsən, ona ilham verir. Qeyd edək ki, bu videoçarxda Şennon Briqqsin WBA, WBO, İBF, İBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçkonun məşq prosesində törətdiyi qalmaqaldan söhbət gedir. Maraqlıdır ki, videoçarxı yarım milyon internet istifadəçisi izləyib.
42 yaşlı amerikalı boksçu daha bir videoçarx hazırlayır. Burada Şennon Briqqs Kliçkonun məşqlərini, şəxsi həyatını sona qədər izləyəcəyini və ona qalib gələcəyini söyləyib.
«Mən bir neçə boksçunu nokaut etdikdən sonra Kliçko ilə mütləq görüşəcəyəm. Sonunda onunla döyüşməyə müvəffəq olacağam. Onu həmişə və hər yerdə izləyəcəyəm. Hətta o yatmağa gedəndə onunla birgə yatağa uzanacağam. Yox, məsələ heç də siz düşündüyünüz kimi deyil, amma mən həmişə onun başının üstündə olacağam», - deyə Briqqs bildirib.