Bakıda AİPS Avropanın hesabat-seçki konfransı keçirilib

Bakıda AİPS Avropanın hesabat-seçki konfransı keçirilib


Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi çərçivəsində qurumun Avropa üzrə hesabat-seçki konfransı keçirilib.
Olimpnews.az saytı AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən AİPS-in prezidenti Canni Merlo Bakıda təşkil olunacaq konqresin gündəliyi barədə məlumat verib. O, bildirib ki, tədbir çərçivəsində Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək və müxtəlif mövzularda müzakirələr aparılacaq.
AİPS Avropanın prezidenti Yanis Daras rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Həyata keçirilən layihələrdən danışan Y.Daras yüksək təşkilatçılığa görə Azərbaycana minnətdarlığını bildirib.
Görülən işlər barədə hesabatla çıxış edən Y.Daras AİPS Avropanın İcraiyyə Komitəsinin üzvlərinin suallarını cavablandırıb.
Maliyyə və digər komissiyaların hesabatları dinlənildikdən sonra İcraiyyə Komitəsinin tərkibi yenidən seçilib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov İcraiyyə Komitəsinə üzv seçilib.