Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı Bakıda keçiriləcək

Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı Bakıda keçiriləcək



Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, çempionatın Bakıda keçirilməsi ilə bağlı gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Kiberidman Federasiyanın (IeSF) baş katibi VonSuk O (WonSuc Oh) arasında memorandum imzalanıb. İmzalama mərasimində Kiberidman Federasiyasının prezidenti Ramil Əliyev də iştirak edib.
Memoranduma əsasən Dünya Çempionatı 12-17 noyabr 2014-cü ildə Bakıda "Crystal Hall”da keçiriləcək.
Nazirlikdən bildirilib ki, oyun nizamnaməsinin rəsmi qaydalarına uyğun olaraq, IeSF-in Təşkilat Komitəsi yarışların kişilər və qadınlar arasında iki növ üzrə keçirilməsini təmin edir.
Çempionata ev sahibliyi edən ölkənin isə əlavə 3-4 növə namizədliyini irəli sürmək hüququ var.
Hazırda çempionatın proqramına "Street Fighter Series”, "Hearth Stone”, "Pro Evolution Soccer” və başqa əlavə növlərin daxil edilməsinin mümkünlüyü, həmçinin təşkilatı və lisenziya ilə bağlı digər məsələlər nəzərdən keçirilir.
olimpnews.az