Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının yarımfinal mərhələsinin cavab görüşü keçirilib.
Azərbaycanın "Baku Fires” komandası turnirin ötənilki qalibi Qazaxıstanın "Astana Arlans” kollektivinə 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
İlk üç döyüşdə "Baku Fires”in üzvləri Elvin Məmişzadə (52 kq) İlyas Süleymanova, Albert Səlimov (60 kq) Samat Başenova, Yevgeni Ramaşkeviç isə Daniyar Yeleussinova qalib gəlib.
Növbəti döyüşdə təmsilçimiz Mixail Dolqolevts (81 kq) qonaq komandanın aparıcı boksçularından Hrvoje Sepə məğlub olub. Buna baxmayaraq, son döyüşdə komandamızın üzvü Hacı Murtuzəliyev (91+) güclü rəqibi Filip Hrkoviçə qalib gələrək yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, Astanada keçirilmiş ilk döyüşdə yerli kollektivə 2:3 hesabı ilə məğlub olan komandamız cavab görüşündə daha inamla çıxış edərək iki qarşılaşmanın nəticəsinə görə finala çıxıb.
"Baku Fires”in finaldakı rəqibi Kubada keçiriləcək "Cuba Domaderos” və Rusiya komandasının qarşılaşmasından sonra müəyyənləşəcək.