Naxçıvanın ən güclü boksçuları müəyyənləşib

Naxçıvanın ən güclü boksçuları müəyyənləşib



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Boks Federasiyasının təşkil etdiyi boks üzrə muxtar respublika turniri başa çatıb.
Turnirin final mərhələsində 13 çəki dərəcəsində 26 idmançı mübarizə aparıb. İlk olaraq 38 kiloqram çəkidə mübarizə aparan Muxtar Fərzəliyev və Ayxan Cavadlı rinqdə ustalıq nümayiş etdiriblər. Naxçıvan şəhərini təmsil edən Ayxan Cavadlı rəqibini üstələyərək öz çəkisində yarışın qalibi olub. 56 kiloqram çəki dərəcəsində Culfa rayonunu təmsil edən Kamil Qazıbəyov Nicat Ağayevlə mübarizədə üstünlük əldə edib.
Yarışın digər bir maraqlı görüşü isə Naxçıvan şəhərinin təmsilçiləri - 60 kiloqram çəki dərəcəsində Tayfur Əliyev və İbrahim Cəfərzadə arasında olub. Bu görüşdə hər iki idmançı yüksək döyüş bacarığı nümayiş etdirib. Taktiki cəhətdən Tayfur Əliyevin döyüşü uğurlu alınıb. İbrahim Cəfərzadənin isə bu görüşə fiziki və psixoloji cəhətdən hazır olmadığı elə ilk raunddan bəlli olub. Ümumi hesabda Tayfur Əliyev irəli çıxıb.
Final qarşılaşmalarından sonra qalib idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də muxtar respublika Boks Federasiyası tərəfindən diplom və qiymətli hədiyyələr verilib.