Həyat qəribədir... Onun elə səhifələri var ki, anlamaq, izah etmək çətindir. Həmin səhifələri unutmaq isə daha çətindir. Bəzən qısa zaman kəsiyində yaşanan şirin xatirələr uzun ömrün mənalı illərinə çevrilir. Onları yada salmaq, xatırlamaq insanı həmin dövrə, keçmişdə yaşanan xoşbəxt anlara qaytarır. "Olimpiya dünyası” qəzetinin "Unudulmaz anlar” rubrikasının budəfəki qonağı olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abiyevin ömür yolunda Olimpiya oyunlarında yaşanan anların özünəməxsus izləri var. Ağacan müəllim "Olimpə doğru” jurnalına həmin anlarla bağlı maraqlı xatirələrini danışdı.
"Olimpiyaçıları yolasalma mərasimində medalı Heydər Əliyevə təqdim edərkən o dedi: "De görüm, indi mən boksçu oldum?””
İndiyədək Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012 Olimpiadalarının iştirakçısı olmuşam. Sidney-2000 xatirimdə ən yaxşı Olimpiya Oyunları kimi qalıb. Sidney Olimpiadasında komandanın heyətində güclü idmançılarımız yer almışdılar. Bu, komandamızın cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra iştirak etdiyi ilk olimpiada idi. Sidney Olimpiya Oyunlarından əvvəl ulu öndər Heydər Əliyev "Gənclik” İdman Mərkəzində idmançılarımızı yolasalma mərasiminə toplamışdı. İlk dəfə idi ki, belə bir mərasim keçirilirdi. Yadımdadır ki, 1999-cu ildə yeniyetmələr arasında ilk Avropa birincilyi Bakıda təşkil edilmişdi. Həmin vaxt ümummilli lider Heydər Əliyev EABA-nın prezidenti akademik Emil Jeçevi qəbul etmişdi.
Bundan sonra Avropa Həvəskar Boks Federasiyasının rəhbərliyi Azərbaycan və Avropada boksun inkişafına görə ulu öndərimizə qızıl medal göndərmişdi. Olimpiyaçıları yolasalma mərasimində medalı Heydər Əliyevə təqdim edərkən o dedi: "De görüm, indi mən boksçu oldum?” Mən də ulu öndərə cavabımda qeyd etdim: "Cənab prezident, özü də lap ordenlisindən”. O, mənə zarafatla "Onda dur görüm”, - deyərək əli ilə iki-üç yüngül zərbə endirdi. Sonra ulu öndərlə xatirəşəkli çəkdirdik. Olimpiyaçılarımızın yolasalma mərasimi sanki bir bayrama çevrilmişdi. Heydər Əliyevin xeyir-duası ilə yola düşən komandamız Sidney Olimpiadasında uğurlu nəticə əldə etdi.
"Hava limanında xalqımız olimpiyaçıları qəhrəmanlar kimi qarşıladı”
Sidney Olimpiadasında uğurlu nəticə göstərərək vətənə qayıdan olimpiyaçılarımızı xalqımız qəhrəmanlar kimi qarşıladı. Hava limanı izdihamla dolu idi. Olimpiya oyunlarında qazanılan medallar Azərbaycanda idmanın inkişafına təkan verdi. Bu qələbədən sonra idmana axın başladı. İdman sahəsinə dövlət qayğısı daha da artdı. Bütün bunlar ümummilli liderin qayğısı sayəsində baş verdi.
"Zalda sanki yalnız Azərbaycan azarkeşləri var idi”
Sidney Yay Olimpiya Oyunları komandamız üçün uğurlu oldu. Atıcımız Zemfira Meftəhətdinova ölkəmizə ilk qızıl medalı qazandırdı. Yadımdadır ki, atıcılıq üzrə yarışların keçirildiyi arena bir qədər uzaqda yerləşirdi. Həmin vaxt biz boks yarışlarının keçirildiyi arenada boksçularımızın çıxışlarını izləyirdik. Cənab İlham Əliyev də orada bizimlə birgə idmançılarımızın çıxışlarına azarkeşlik edirdi. Bir də gördük ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə arenaya daxil olaraq "Qızıl medal bizimdir”,- deyə qışqırmağa başladı. O dəqiqə bildik ki, Zemfira yarışların qalibi olub. Çingiz müəllim bu qələbəyə çox sevinirdi. Qeyd edim ki, bu medal müstəqillik dövrümüzün Olimpiya tarixində ilk qızıl medal idi. Boks yarışlarında cəmi bir medalımız oldu. Vuqar Ələkbərov bürünc medala sahib çıxdı. Yeri gəlmişkən deyim ki, hamımız, o cümlədən cənab İlham Əliyev də yarışları izləyərkən gərginlik keçirir, idmançılarımıza görə narahat olurdu.
İlham Əliyev idmançılarımızı dəstəkləməklə yanaşı, həm də onların uğurlu çıxışlarına böyük ümidlər bəsləyirdi. Güləşçimiz Namiq Abdullayevin çıxışı elə bir mənzərə yaratmışdı ki, sanki zalda olan azərbaycanlı azarkeşlər də Namiqlə birgə güləşirdilər. Final qarşılaşmasının sonunda belə bir məqam yarandı: Namiq qələbə qazanmaq üçün rəqibini bir dəqiqə ərzində tutub saxlamalı idi. Hamımız həmin bir dəqiqənin sona çatmasını həyəcanla gözləyirdik. Nəhayət, intizarla gözlədiyimiz qələbə anı yetişdi. Namiq Abdullayev artıq Olimpiya çempionu idi. Bu komandamızın ikinci qızıl medalı idi. Görüşün hakimi Namiqin qalib gəldiyini elan edəndə zalda sanki yalnız Azərbaycan azarkeşləri var idi.
"Müsəlman idmançıların qidalanma prosesi bütün incəlikləri ilə nəzərə alınmışdı”
Sidney Olimpiadasının açılışı, məncə, yaddaşlardan hələ uzun müddət silinməyəcək. Mənim ən çox xoşuma gələn məqam məşəlin alovlandırılması mərasimi idi. Təşkilatçılar qeyri-adi bir üsuldan istifadə etmişdilər. Əsas məşəli alovlandıran idmançı sanki göydə uçaraq məşələ yaxınlaşdı. Sidneydə nəqliyyat və qidalanma məsələləri də yüksək səviyyədə təşkil olunmuşdu. Müsəlman idmançıların qidalanma prosesi bütün incəlikləri ilə nəzərə alınmışdı. Sidney Olimpiadasındakı qələbədən sonra Heydər Əliyev idmançıları qəbul etdi. Biz ulu öndərə idmançılar adından xatirə hədiyyəsi kimi kubok hazırlamışdıq. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinə verilən idman formalarından birini ulu öndərə təqdim etmək üçün saxlamışdıq.
Sidney Olimpiadasındakı uğurlu nəticəyə görə ümmummilli liderimizə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın adından təbriknamə məktubu və gümüş medal göndərilmişdi. Qeyd edim ki, Olimpiya oyunlarında qızıl medal qazanan ölkələrin prezidentlərinə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən gümüş Olimpiya medalı təqdim edilir. İdmançılarla keçirilən görüş zamanı Samarançın təbrikini mən oxumalı oldum və kuboku Heydər Əliyev cənablarına təqdim etdim. Ulu öndərə dedim ki, idmançılarımızın da sizə xatirə hədiyyəsi var. Bu, komandamızın milli formasıdır. Bilirsiniz, Heydər Əliyev elə şərait yaradırdı ki, onunla söhbət edən insan sıxılmır, öz fikirlərini sərbəst ifadə edə bilirdi. Həmin vaxt ulu öndərə dedim ki, indi idmançılarımızın adından sizi qucaqlayıb bağrıma basacağam. Fərəhli hal idi ki, ulu öndər Azərbaycan idmançılarına ata qayğısı ilə yanaşırdı. Afina Olimpiadasında boks yarışlarının baş hakimi idim. Həmin oyunlarda boksçularımızın qızıl və gümüş medal almaq şansları çox idi. Ümid edirdik ki, belə də olacaq. Şahin İmranov rəqibinə 31:21 xal fərqi ilə qalib gəldiyi halda qaşından ciddi zədə alaraq mübarizəni dayandırmalı oldu. Afina-2004-də boksçularımız Ağası Məmmədov və Fuad Aslanov bürünc medal əldə etdilər. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Afina Olimpiadasında idmançıların çıxışlarını izləyirdi. Bu millimizin üzvlərində ruh yüksəkliyi yaradırdı. Həmin olimpiadada komandamızın üzvləri bir qızıl, dörd bürünc medal əldə etdilər. Qədim Olimpiya oyunlarının vətəni kimi Afina mənim xatirimdə xoş üsulla qızıl medal qazanması hamımızın sevincinə səbəb olmuşdu. Sevindirici haldır ki, boks idman növündə də uğurumuz oldu. Şahin İmranov Afinada qazana bilmədiyi medalı Pekində əldə etdi. Olimpiya Oyunlarının açılış mərasimi nəzərdə tutulan vaxtdan xeyli gec başladı. Məncə, bu təşkilati işlərin düzgün qurulmaması ilə bağlı idi. Məhz bu gecikmə açılış mərasiminin yorucu keçməsinə səbəb oldu. Ötən il Londonda keçirilən Olimpiya oyunları da mənim yaddaşımda xoş xatirələrlə qalıb. XXX Yay Olimpiya oyunlarının açılış mərasimi çox gözəl keçdi. Hesab edirəm ki, bu mərasimi Pekin Olimpiadası ilə müqayisə etməyə dəyməz. London-2012-nin açılış mərasimində təşkilatçıların hazırladığı ssenari Böyük Britaniyanın tarixini təcəssüm etdirirdi. Ssenari əsasında xronoloji ardıcıllıqla İngiltərənin tarixi əks olunurdu. Mən Avropanın bir sıra ölkələrində olmuşam. Orada hər şeyin qayda-qanun əsasında həyata keçirilməsi insana xüsusi zövq verir. Londonda da belədir. Etiraf etmək lazımdır ki, Avropa ölkələrində qonaqpərvərlik bizim düşündüyümüz mənada, o qədər də yüksək səviyyədə deyil. Amma qayda-qanunlara lazımi səviyyədə əməl olunması avropalıların qonaqpərvərliyini əvəz edir. London olimpiadasının Təşkilat Komitəsi öz işini yüksək səviyyədə qurmuşdu. Oyunlarda iştirak edən idmançılar, qonaqlar, jurnalistlər üçün hər bir şərait yaradılmışdı.
Qeyd edim ki, adətən, Beynəlxalq Olimpiya Komitəsi Olimpiadanı təşkil edərkən yerli əhalinin bu oyunları necə qəbul etməsinə diqqət yetirir.
Yəni, əhalinin rəyi nəzərə alınır. Londonda bunun canlı şahidi oldum. Gördüm ki, insanlar könüllü olaraq Olimpiadanın təşkilatçılıq məsələlərinə köməklik göstərirlər. London Olimpiadasında 65 yaşlı insanın könüllü kimi işləməsi məni çox təəccübləndirdi. Yaşlı insanlar yolun kənarında dayanaraq olimpiyaçılara və qonaqlara öz köməyini əsirgəmirdilər. Olimpiada zamanı könüllülər öz işlərini çox dəqiq yerinə yetirirdilər. Bilirsiniz ki, 2015-ci ildə birinci Avropa Oyunları Bakıda keçiriləcək. Mən əminəm ki, Azərbaycan dövləti bu oyunları yüksək səviyyədə təşkil edəcək. Həmçinin inanıram ki, Avropa Oyunlarında azərbaycanlı könüllülər böyük həvəslə oyunların iştirakçılarına xidmət göstərəcəklər.
Aysel Sultanova