Topaz Premyer Liqasının 2013/14-cü illər mövsümünün son oyunu olan "Xəzər Lənkəran” - "Qarabağ” matçından sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırdı. Ramin Musayev jurnalistləri maraqlandıran bir sıra maraqlı məqamlara aydınlıq gətirdi.
- Çemionatın gedişinə uyğun olaraq ilk "üçlük” ədalətli idi?
- Yadınızdadısa, "Qarabağ” çempionluğu təmin etdikdən sonra demişdim ki, Rövnəq Abdullayev AFFA-ya rəhbər gəldikdən sonra bütün komandalar qanuni və layiqli yerlərini tutublar.
- Rövnəq Abdullayevin mükafatlındırma mərasimində iştirak etməməsinin səbəbi nədir?
- Rövnəq müəllim tək futbolla məşğul deyil və tutduğu başqa vəzifə də var. İşlə əlaqədar olaraq gələ bilmədi. Ancaq medal verilməzdən əvvəl zəng edib, vəziyyəti soruşdu.
- "Rəvan” artıq Topaz Premyer Liqası ilə vidalaşdı, yoxsa hələ bilinmir?
- Bugünkü reqlamentə görə, "Rəvan” Premyer Liqanı tərk etdi. Son turdan əvvəl "Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyevlə görüşümüz oldu. Bəhruz müəllim bildirdi ki, biz Premyer Liqanı tərk etsək belə, həvəsdən düşməyəcəyik və yenidən özümüzü toparlayıb 1-ci diviziondan elitaya qalxacağıq.
- Son açıqlamanızda Premyer Liqada 12 komandanın olmasının tərəfdarı olduğunuzu bildirmişdiniz...
- Mən 12 yox, 18, 20 komandanın tərəfdarıyam.
- Bəs bu klublara lisenziya verilməsi necə həll olunacaq?
- Sözsüz ki, klublara lisenziyanı PFL vermir. AFFA-nın lisenziya məsələləri ilə bağlı fəaliyyət göstərən şöbəsi var. Əgər aşağı liqada oynayan komandanın sponsoru olsa və Premyer Liqaya lazım olan maddi vəsait ayrılsa, biz həmin komandanın əsas liqada oynamasını dəstəkləyəcəyik. Doğrudan gəlmək istəsələr, o məsələni qaldırmaq olar. Yəni, mən öz arzumu bildirmişəm. Bu, o demək deyil ki, gələn ildən 12 komanda olacaq.
- Sizin arzunuzdan Rövnəq Abdullayevin xəbəri var?
- Mənim arzumdan bütün futbol ictimaiyyətinin xəbəri var.
- "Rəvan”ın elitada qalıb-qalmaması dəqiq nə vaxt bəlli olacaq?
- Yox, bu aydın məsələdir ki, "Rəvan” aşağı liqaya getdi. Bu gün üçün reqlamentdə dəyişiklik gözlənilmir. Mən yenə təkrar edirəm ki, əgər normal sponsor tapılsa, 12, 14 komanda da ola bilər.
- "Mil-Muğan”la "Qaradağ Lökbatan”ın da elitaya gəlməsi ilə bağlı söhbətlər var...
- "Qaradağ Lökbatan” lisenziya ala bilmədi. Ancaq "Mil-Muğan”ı eşitməmişəm.
- "Qarabağ”ın çempionluğunu və ümumi çempionata baxışınızı bilmək istərdik...
- Bu gün üçün bizi qane edir. Ancaq klublarımızın avrokuboklardakı çıxışı çempionatımızın hansı səviyyədə olduğunu göstərəcək.
- Növbəti mövsüm üçün sponsor məsələsi həll edilib? "Topaz” sizinlə əməkdaşlığı davam etdirmək istədiyini bildirmişdi...
- Sponsorluq məsələsində "Topaz” da maraqlıdır, başqa şirkətlər də maraqlıdır. Bundan başqa yayım məsələsi də qalıb.