Qol güləşi üzrə XXIV Avropa çempionatı başa çatıb
Azərbaycan idmançıları Bakıda keçirilən qol güləşi üzrə XXIV Avropa çempionatında çempionatda 41 medal qazanıblar.
"Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil edilən çempionatın dördüncü günü yarışlar kişi və qadın atletlər arasında sağ əl üzrə keçirilib.
Kişilər arasında yarışda Azərbaycan idmançıları Qismət Vəkilov (60 kq) və Mirtaleh Aslanov (100 kq-dan artıq) Avropa çempionu adına layiq görülüblər.
Çempionatın bağlanış mərasimində çıxış edən Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov qalibləri təbrik edib və idmançılara uğurlar arzulayıb.
Dünya və Avropa Qol Güləşi federasiyalarının prezidenti Assen Hacıtodorov isə yarışın yüksək səviyyədə təşkilinə görə yarış təşkilatçılarına minnətdarlığını bildirib.
Sonra qaliblərə medallar təqdim olunub.
Azərbaycan idmançıları yarışda ümumilikdə 41 medal qazanıblar. Medallardan 13-ü qızıl, 14-ü gümüş, 14-ü isə bürüncdür. Beləliklə, yığmamız ilk beşliyə daxil olub.
Bakıda keçirilən Avropa çempionatında 30-dək ölkədən 600-dan çox idmançı iştirak edib. Azərbaycan millisi çempionatda 100 idmançı ilə təmsil olunub.