Buz üstündə sevinc... və göz yaşları
Rusiyalı fiqurlu konkisürən Sergey Qrinkov 28 yaşında dünyasını dəyişib. O, fiqurlu konkisürmə üzrə tərəf müqabili Yekaterina Qordeyeva ilə birlikdə iki dəfə Olimpiya qızılını qazanmağa müvəffəq olmuşdu.
1967-ci il fevral ayının 4-də anadan olan Sergey 1981-ci ilə qədər qonşuluqda yaşayan və özündən dörd yaş kiçik olan bir qızla -Yekaterina ilə 704 saylı məktəbdə oxuyub. Sergeyin heç ağlına belə gəlmirdi ki, nə vaxtsa öz həyatını bu qızla birləşdirəcək. Heç bir tanışlıqları olmayan bu iki nəfər fiqurlu konkisürmə ilə, özü də eyni seksiyada məşğul olurdular. Eyni məktəbdə oxumaqlarına, qonşu olmaqlarına, eyni seksiyada məşq etmələrinə baxmayaraq, onlar heç vaxt görüşməmişdilər. Sergey beş yaşından, Katya isə üç yaşından konkisurmə idman növü ilə məşğul olurdu. Hər ikisi gələcəkdə öz karyeralarını fərdi şəkildə qurmaq barədə düşünürdülər. Hər iksinin məqsədi yalnız qələbə qazanmaq, idmanın ən uca zirvəsini fəth etmək idi. Lakin onların həyatı başqa cür quruldu: Sergey və Katya nəinki fiqurlu konkisürmədə ömür boyu birgə çıxış etdilər, həmçinin ömür-gün yoldaşı oldular. Qarşılıqlı sevgi bu idmançıları zirvəyə yüksəltdi.
1981-ci ildə məlum oldu ki, gənclər arasında keçirilən fiqurlu konkisurmə üzrə fərdi yarışlarda Rusiya idmançıları lazımi nəticə əldə edə bilmirlər. Fərdi şəkildə çıxış edən oğlanların hündürlüyə tullanaraq fırlanma hərəkətləri istənilən nəticəni vermirdi. Bu hərəkət cütlərin çıxışında daha effektli alınırdı. Beləliklə, Sergey Qrinkovla Yekaterina Qordeyevanı bir-birləri ilə tanış etdilər. Gələcəyin ulduz idmançılarının ilk görüşü baş tutanda Yekaterinanın 10, Sergeyin isə 14 yaşı var idi. Ancaq onlar hələ dərk etmirdilər ki, tale onları biri-biri ilə təkcə idman sahəsində bağlamır. Həmin an onların xəyalında yalnız idmanda qazanacaqları nailiyyətlər canlanırdı. Məşqçi Vladimir Zaxarov və Nadejda Şevalovskayanın rəhbərliyi altında yarım il yeni proqram üzərində çalışan bu cütlük 1982-ci ildən bir yerdə çıxış etməyə başladı.
1985-ci ildə onlar gənclər arasında dünya çempionu oldular. O vaxtın məşhur məşqçisi olan Stanislav Juk gənc idmançıların potensialını görərək onları öz yanına dəvət etdi. 1986-cı ildə bu cütlük təcrübəli məşqçinin rəhbərliyi altında dünya çempionu adına layiq görüldü. Həmin vaxt Yekaterina Qordeyevanın 14 yaşı var idi. Bu qələbə ilə Yekaterina dünya rekordunu təzələdi. Fiqurlu konkisürmə yarışlarında ilk dəfə idi ki, 14 yaşlı qız dünya çempionu adına layiq görülürdü. Elə həmin il Qrinkov - Qordeyeva cütlüyü Avropa çempionatının və SSRİ çempionatının gümüş medalına layiq görüldü.
1987-ci ildə onlar məşqçi Stanislav Leonovun rəhbərliyi altında məşq etməyə başladılar. Məhz bundan sonra çütlük iştirak etdiyi bütün böyük yarışları qalib kimi başa vurdu: dünya çempionatı, Avropa birinciliyi və SSRİ çempionatlarında onların qarşısına çıxan olmadı.
1988-ci ildə Kalqari Qış Olipmiya Oyunları keçirilirdi. Hamı Qrinkov - Qordieyeva cütlüyünü Olimpiya oyunlarının əsas favoriti sayırdı. Həmin vaxt Sergey Qrinkovun 21 yaşı var idi. Yekaterina Qordeyevanın isə 17 yaşı hələ yenicə tamam olurdu. Gözlənilənlər özünü doğrultdu: rusiyalı cütlük Olimpiya çempionu adına layiq görüldü. Maraqlısı odur ki,onlar fərdi rəqslər zamanı "Mendelson marşı” musiqisi altında çıxış etməklə fiqurlu konkisürmə tərixinə daxil oldular. Artıq hiss olunurdu ki, onların arasında saf məhəbbət var və onları bir -birinə təkcə idman bağlamır. Bəlkə də elə onların arasında bir birlərinə olan saf hisslər yarışlarda lazımı naticələri göstərməyə stimul verirdi. Təmiz sevgi hər ikisinə, Olimpiya oyunları da daxil olmaqla, bütün maneələri asanlıqla fəth etməyə imkan verirdi.
1991-ci il aprel ayının 20-si "Mendelson marşı” bu cütlüyün həyatında yenidən eşidildi. Amma artıq başqa bir mühitdə -Sergey və Katyanın toyunda səsləndirildi həmin musiqi. Onlar 1988-ci ildə Olimpiya oyunlarında çıxış etdikləri həmin musiqini öz toylarında təkrar etdilər. Onlar bir yerdə olduqları bu illər ərzində nəinki dörd qat dünya çempionu oldular, həm də öz sevgi dünyalarını yaradaraq ailə həyatı qurdular.
Bir ildən sonra çütlüyün Darya adlı qızı dünyaya gəldi. Həmin vaxt onlar bir sıra beynəlxalq turnirlərdə və bir çox kommersiya layihələrində iştirak edirdilər. Onların səmimiliyi, yüksək texnikaya malik olmaları və bir birinə qarşı təmiz məhəbbəti ABŞ və Kanadada bü cütlüyə hörmət qazandırdı. Bu ölkələrdə cütlüyü "G&G” deyə çağırırdılar -soyadlırının baş hərfləri ilə. Amerikalılar adətən belə adları kino aktyorlarına və tanınmış ulduzlara verirlər.
Kommersiya məqsədli yarışlarda daha çox çıxış edən cütlük Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qadağası ilə üzləşdi. BOK rusiyalı cütlüyə bu təşkilatın keçirdiyi yarışlarda iştirak etməyə icazə vermədi. Lakin 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi öz səhvini başa düşdü. Peşəkar cütlüyə qadağa qoyan BOK böyük bir gəliri əldən verirdi. Məhz buna görə də beynəlxalq qurum öz qərarını dəyişdi və 1994-cü ildə rusiyalı cütlüyə olimpiadada iştirak etməyə icazə verildi. Qrinkov və Qordeyeva bu fursətdən istifadə edərək 1987-ci ildə əldə etdikləri uğurları yenidən təkrarladılar. Onlar Rusiya , Avropa və dünya çempionatlarında fəxri kürsünün birinci pilləsində yer aldılar.
Bu qələbədən sonra onlar professional idmana qayıtdılar. Amma qayıdış çox çəkmədi. 1995-ci il noyabr ayının 20-də Sergey Qrinkov məşq zamanı infakt keçirərək, elə buz üstündəcə dünyasını dəyişdi.
1996-cı ildə Yekaterina Qordeyeva buz üstünə qayıtdı və onun ilk çıxışı həyat yoldaşınını xatirəsinə həsr olunmuşdu. Sonda Yekaterina göz yaşlarını sahib çıxa bilmədi. Bunu görən 4 yaşlı qızı Daşa anasına dəstək olmaq üçün yanına qaçdı. Onun bir çox yeni tərəfdaşları oldu. O, ikinci dəfə ərə getdi və 2011-ci ildə daha bir qızı dünyaya göz açdı. Ancaq tamaşaçılar Yekaterinanın yanında yalnız Sergey Qrinkovu görməyə alışmışdılar.