Hansorq Virç: «Yüksək səviyyəli şərait və infrastruktur təsnifat turnirinin Azərbaycanda təşkilinə şərait yaratdı»

Hansorq Virç: «Yüksək səviyyəli şərait və infrastruktur təsnifat turnirinin Azərbaycanda təşkilinə şərait yaratdı»


Xəbər verdiyimiz kimi, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinə start verilib. Atletikanın 18 növü üzrə keçirilən yarışda 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparır. Avropa təsnifat turnirinin təşkili ilə bağlı Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç də ölkəmizdə səfərdədir. Yarışlar zamanı beynəlxalq qurum rəhbəri ilə görüşərək «olimpnews.az» saytı üçün eksklüziv müsahibə aldıq.

- Bakıda atletika üzrə keçirilən Avropa təsnifat turnirinin Azərbaycanda təşkilini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd edim ki, bu çox mühüm yarışdı. İlk növbədə ona görə ki, turnirdə iştirak edən idmançılar Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparırlar. Yarışın təşkilatçılıq səviyyəsi yüksəkdir. Burada idmançılar üçün hər bir şərait yaradılıb. Yarışın keçirildiyi yer yüksək standartlara cavab verir.

- Təsnifat turnirinin Azərbaycanda təşkili təşəbbüsü necə yarandı?

- Beynəlxalq federasiya olaraq Azərbaycanda müxtəlif idman növləri üzrə mötəbər yarışların yüksək səviyyədə keçirildiyini bilirdik. Azərbaycan Atletika Federasiyası ilə Avropa Təsnifat turnirinin Bakıda təşkili ilə bağlı uzunmüddətli danışıqlar aparıldı. Məhz Azərbaycanda bu idman növü üçün olan yüksək səviyyəli şərait və infrastruktur təsnifat turnirinin Azərbaycanda təşkilinə şərait yaratdı.

- Cənab Virç, gələn il ölkəmizdə daha bir mötəbər yarış, Avropa Oyunları təşkil olunacaq. İlk dəfə təşkil olunacaq belə bir oyunların təşkili ilə bağlı da fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycanda Avropa Oyunlarının təşkilini yüksək qiymətləndirirəm. Bildiyimə görə, bu oyunların təşkili ilə bağlı hazırlıq işləri davam etdirilir. Azərbaycanda idmançılar üçün yaradılan şərait, yüksək standartlara cavab verən Olimpiya kəndi, müxtəlif idman növlərinin təşkili üçün inşa olunan yeni obyektlər onu deməyə əsas verir ki, ölkəniz Avropa Oyunlarını yüksək səviyyədə ev sahibliyi edəcək. Əlbəttə ki, atletika üzrə Avropa təsnifat turnirinin təşkili də Avropa Oyunlarına hazırlıq ərəfəsində Azərbaycan üçün bir təcrübə olacaq.

- Azərbaycanda atletika idman növünün inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Avropa Atletika Assosiasiyasına sonuncu daxil olan ölkələrdəndir. Hazırda Azərbaycan atletika hərəkatında kifayət qədər tanınır. Son illərdə ölkənizdə atletika idman növü yüksək səviyyədə inkişaf edib. İdmançılarınız müxtəlif beynəlxalq səviyyəli yarışlara qatılaraq, yüksək nəticələr əldə edirlər. Əlbəttə ki, bu sahənin inkişafı əsasən, ölkədə bu idman növləri üçün yaradılan infrastrukturdan asılıdır. Paytaxtınızda açıq havada atletika ilə məşğul olmaq üçün yüksək imkanlar var. Bildiyimə görə, Bakıda atletika ilə məşğul olmaq üçün yeni qapalı manejin inşası da nəzərdə tutulur. Düşünürəm ki, Avropa təsnifat turniri kimi, mötəbər yarışın Azərbaycanda təşkili ölkənizdə atletikanın inkişafı, təbliği və gənclərin təcrubə qazanmaları baxımından xüsusi əhəmiyyətə malikdir.


Aysel Sultanova