Mayın 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat turnirinin açılışı oldu. Açılışda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, Avropa Atletika Assosiasiyasının prezidenti Hansorq Virç və digər digər rəsmi şəxslər iştirak edirdilər.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadədən «Olimpnews.az» saytı üçün müsahibə aldıq.
- Çingiz müəllim, Avropa təsnifat turniri barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Azərbaycanda atletika idman növü üzrə bu cür yarış ilk dəfədir keçirilir. Yarışın əhəmiyyəti ondan ibarətdir ki, bu yarış bu il Çinin Nankin şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Başqa sözlə desək, atletika idman növündə Nankin Olimpiadasına yol Bakıdan keçir. Qeyd edim ki, böyük əhəmiyyət daşıyan bu yarışı təşkil etmək üçün təşkilatçı ölkə kimi bizim cəmi 5 ay vaxtımız var idi. Düşünürəm ki, qısa müddət ərzində təşkilati məsələləri həll etməyə müvəffəq olmuşuq. Yarışa hazırlıq üçün ilk öncə Tofiq Bəhramov adına stadiondan başladıq. Stadion atletika yarışlarının keçirilməsi üçün hazır vəziyyətə gətirildi. Məşqlərin yüksək səviyyədə aparılması üçün isə Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyasının stadionundan istifadə etdik. Xatırladım ki, bu yarışlar həm də Bakı-2015 Avropa Oyunları üçün test xarakteri daşıyır. Təsadüfi deyildir ki, yarışların təşkilində Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin nümayəndələri də yaxından iştirak edirlər və bu da təcrübə baxımından çox əhəmiyyətlidir.
Yarışlar davam edir və inanıram ki, ölkəmiz bu yarışı uğurla başa vuracaq.
- Çingiz müəllim, ölkəmizə gələn idmançılar Olimpiya kəndində yerləşdirilib. Onların burada yerləşdirilməsi 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Oyunları üçün bir sınaqdır.
- Olimpiya kəndində dünyanın 38 ölkəsindən 700-ə dək idmançı yerləşdirilib. Təsnifat turnirində iştiak edən atletlərin Olimpiya kəndində yerləşdirilməsi də, bir növ sınaq xarakteri daşıyır. Olimpiya kəndində idmançıların qalmaları, qidalanmaları, tibbi xidmət və s. üçün yüksək səviyyəli şərait yaradılıb. Atletlərin yarış yerinə rahat gediş gəlişi xüsusi nəqliyyat xidməti mövcüddür. Təsnifat turnirinin təşkili zamanı təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət ayırmışıq.
- Çingiz müəllim, könüllülər öz işlərinin öhdəsindən necə gəlirlər?
- Bilirsiniz, yarış zamanı könüllüllərin işi bağlı müəyyən çatışmazlıqlar yarandı. Əvvəlcədən seçilmiş bəzi könüllülər özlərini doğrulmadılar və bu da bizi çətinliklərlə üz-üzə qoydu. Ümumiyyətlə, könüllülərin hazırlanması işi uzunmüddətli bir prosesdir və onlar mütləq təcrübə keçməlidirlər. Əslində, Bakı-2015 Avropa Oyunları üçün könullülərlə indidən iş aparılmalıdır. Avropa təsnifat turnirində sınaqdan keçmiş könüllülərin xidmətindən gələcəkdə mütləq istifadə olunacaq.
Qeyd edim ki, bu yarış hakimlərimiz üçün də böyük təcrübə oldu. Hazırda Avropa təsnifat turnirini 200-ə qədər hakim idarə edir. Bu, böyük göstəricidir. Yarışqabağı hakimlərə təlimlər keçirilib. Bu hakimlərdən də Avropa Oyunlarında atletika yarışlarında istifadə olunacaq.
Düşünürəm ki, bu yarış ölkəmizdə nəinki atletikanın inkişafı, həm ölkədə atletlərin idman təcrübəsinin artırılmasında çox böyük rol oynayacaq.
- Təsnifat yarışlarında iştirak edən idmançılarımızdan neçə lisenziya gözləyirsiniz?
- Müqayisə üçün deyim ki, Yeniyetmələrin I Olmpiya Oyunlarında idmançılarımızdan heç biri lisenziya qazana bilməmişdi. Ümid edirəm ki, bu yarışda ən azı 3-4 lisenziya qazana biləcəyik. Lisenziyadan başqa, inanıram ki, idmançılarımızdan çempionu da olacaq. Məsələn, elə götürək Utrext-2013 Olimpiya Festivalının qalibi Nazim Babayevi. Bu idmançımız atletika üzrə Avropa reytinqində birinci yeri tutur.
Səadət