Afət Rüstəmova: «Müasir idman avadanlıqları günümüzün tələbidir»

Afət Rüstəmova: «Müasir idman avadanlıqları günümüzün tələbidir»


Ölkəmizdə idman sahəsi kütləviləşdikcə bu sahəyə maraq da artır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində adi insanların istirahət parklarında, dəniz kənarında, həyətyanı meydançalarda idmanla məşğul olmaları üçün hər bir şərait vardır. Bu şəraitdən nəinki, uşaqlar və orta yaşlılar, hətta əlillər və ahıl insanlar da istifadə edirlər.
2010-cu ildən Türkiyənin məşhur idman avadanlıqları istehsal edən şirkətinin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Rəhbərlik etdiyim «LTSport» şirkəti respublikamızın müxtəlif yerlərində açıq havada idman avadanlıqlarının quraşdırılmasını həyata keçirir. Bugünlərdə şirkətin nümayəndəsi Afət Rüstəmova ilə görüşərək təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat aldıq.

- Afət xanım, şirkətin fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Uzun illər Türkiyədə yaşamışam və orada bu alətlərin insan sağlamlığına necə yaradığını qördüm. Azərbaycana qayıdanda açıq havada idman avadanlıqları ölkəmizdə də tətbiq etmək qərarına gəldim. Qeyd edim ki, Türkiyədə bu alətlər böyük populyarlığa malikdir və ölkə ərazisində çox geniş yayılıb. Bu gün hər kəs fitnes zalına gedib idmanla məşğul olmaq imkanına malik deyil. Öz təcrübəmdən deyə bilərəm ki, iş adamlarının isə buna vaxtı çatmır. Müxtəlif fitnes klublarında yalnız bəzi ev xanımları məşğul olurlar. Sizi inandırım ki, Türkiyədə insanların istirahət parklarında, yolların kənarında idmanla məşğul olmalarını seyr etmək insana mənəvi zövq verir.

-Afət xanım, bu idman avadanlıqlarının əsas özəlliyi nədədir?

- Bu alətlərdə hər bir kəs zədə almadan istədiyi kimi məşq edə bilər. Qeyd edim ki, hər bir idman avadanlığının beynəlxalq və Avropa standartlarına uyğun sertifikatları var, həmçinin Avropada idman qurğuları üçün nəzərdə tutulan ən yüksək Nord sertifikatına malikdir. Bu sertifikatı almaq çox çətindir.
Məhsulların daha bir özəlliyi - insan orqanizminə ziyan vurmaması ilə bağlıdır. Məsələn, hər bir avadanlıqda ayaq, qol üçün ara məsafələrinin düzgün ölçülərək yerləşdirilməsi, boruların ara məsafəsi, pedalların düzgün işləməsi, metalın qalınlığı, ümumiyyətlə, keyfiyyətlə bağlı bütün məsələlər nəzərə alınıb. Bu avadanlıqlar uzunmüddətli istifadə üçündür.

-Şirkətiniz indiyədək Azərbaycanda hansı layihələri həyata keçirib?

- Qəbələdə əlillər üçün yaşayış kompleksi istifadəyə verildi. Kompleksin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edirdi. Əlillər üçün istifadəyə verilən yaşayış kompleksinin həyətində bizim şirkətin idman avadanlıqları da quraşdırılmışdı.
Məlum olduğu kimi, bu gün ölkəmizdə əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqmətində işlər görülür. Dövlətmiz tərəfindən respublikamızın hər bir guşəsində yenidənqurma və abadlıq işləri həyata keçirilir. Neftdən çirklənmiş ərazilərdə parklar salınır və əhalinin xidmətinə verilir. Bakının Ramanı qəsəbəsində neftdən çirklənmiş ərazilər təmizlənərək böyük Ekoland adlı park salınıb. Həmin parkda şirkətimizin 20-dən çox idman avadanlığı quraşdırılıb.
Bilgəh və Mərdəkan sanatoriyalarında idman avadanlıqları quraşdıranda burada müalicə olunan və istirahət edən yaşlı insanların gözlərindəki sevinci görmək bir ayrı hissdir. Ahıllar bizə minnətdarlıq edir, təşəkkürlərini bildirirdilər.

- Afət xanım, növbəti layihələrinizdən biri də Dənizkənarı Milli Parkda açıq havada idman avadanlıqlarının və trenajorlarının quraşdırılması oldu.

-Bakının çox gözəl Dənizkənarı Parkı var. Layihələrimizdən biri də, məhz Dənizkənarı Parkda avadanlıqlarımızın quraşdırılması idi. Düşünürəm ki, niyə də bizim insanlar parklarda çay içmək, tum çırtlamaq əvəzinə idmanla məşğul olmasınlar? Paytaxt sakinləri və şəhərimizin qonaqları adətən, Dənizkənarı Parka təmiz hava almaq üçün çıxırlar. Belə parklarda açıq kafe və restoranların fəaliyyət göstərməsi təbii haldır. Amma başqa ölkələrdə olduğu kimi, Bakı sakinlərinin də boş vaxtlarında açıq havada quraşdırılmaş idman avadanlıqlarında məşğul olmamaları daha yaxşı olardı.
Bu yaxınlarda Dənizkənarı Milli Parkda Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü və «Baltika-Bakı» şirkətinin dəstəyi ilə yeni sağlamlıq meydançasının təqdimatı keçirildi. Sevindirici haldır ki, Dənizkənarı Milli Park ərazisində, insanların sıx olduğu yerdə ümumi sahəsi 550 kvadratmetr olan sağlamlıq meydançasının ərazisində şirkətimiz 15 trenajor quraşdırıb. Bu trenajorlar Bakının bütün sakinləri üçün nəzərdə tutulub. İdmanla hər kəs burada məşq edə bilər. Bu layihədə məqsədimiz ondan ibarətdir ki, insanlar pis vərdişlərdjən uzaq olaraq öz sağlamlıqlarını qorusunlar. Bu sağlamlıq meydançasının açılması bir daha onu göstərdi ki, ölkəmizin müxtəlif şəhərlərində və parklarında bu cür qurğuları yaratmaq mümkündür.


-Afət xanım, Dənizkənarı Parkda avadanlıqların quraşdırılması təşəbbüsü sizdə necə yarandı?

- Bu ideya məndə hələ 3 il bundan əvvəl yaranmışdı. Əsas məqsəd insanların istirahəti və asudə vaxtlarının səmərəli və əyləncəli təşkili idi. Bakı sakinləri bulvarda vaxt keçirməyi çox sevirlər. Bizim bulvarımız çox gözəldir və burada insanların istirahəti və rahatlığı üçün hər bir şərait yaradılıb. Son illərdə Dənizkənarı parkda aparılan yenidənqurma və bərpa işləri nəticəsində bulvar daha da gözəlləşib. Yenidənqurma işləri həyata keçirilən zaman mən bu ideyanın həyata keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bununla bağlı Azərbaycan Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyin, Sosial Müdafiə Nazirliyində oldum. Sonra Milli Parkın direktoru Nazim Məcidovla görüşdüm. Səylərimiz nəticəsiz qalmadı və bu layihəni uğurla həyata keçirdik.

- Sizin təklifiniz necə qarşılandı?

- Təklifimi çox bəyəndilər. Şirkətimiz mütamadi olaraq sərgilərdə iştirak edir və bu sərgilərdə bizim rəsmilərlə görüşlərimiz olurdu. Görüşlərimizin birində mən Nazim müəllimə bu barədə məlumat verdim. O mənim fikirlərimi bəyəndi və biz birgə iş üçün fəaliyyətə başladıq. Amma nəzərdə tutulan layihəni həyata keçirmək üçün dəstəyə ehtiyacımız var idi və belə bir dəstək Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) gəldi. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu layihənin həyata keçirilməsində bizə çox böyük köməklik göstərdi. «Baltika-Bakı» şirkəti isə bizə sponsorluq etdi. Mən fəxr edirəm ki, bu layihənin həyata keçirilməsində bizim şirkətin də payı var. Sevinirəm ki, bu layihəni yüksək səviyyədə həyata keçirdik.
Şirkətimiz nəinki Bakıda, hətta bölgələrdə də öz işini qurur. Belə ki, biz İsmayıllı, Samux rayonlarında idman avadanlıqları və trenajorları quraşdırmışıq.
Mən bilirdim ki, insanlar bu layihəni böyük maraqla qarşılayacaqlar. Bilirsiniz, idman avadanlıqlarını pulsuz olaraq insanların istifadəsinə vermək onlarda idmana daha böyük həvəs yaradır. Bulvara istirahət etmək üçün müxtəlif yaş qruplarında insanlar - qoca, cavan, uşaqlar gəlirlər. Elə insanlar var ki, heç kəsdən utanıb çəkinmədən idman trenajorlarında məşğul olurlar. Elələri də var ki, bu avadanlıqlarında məşğul olmaq istəsələr də, çəkinirlər. Velosipedlə gəzən də, uşağını gəzdirən, idman etməyə gələn, bir sözlə buradan istifadə edir.
İdman avadanlıqları və trenajorları Yeni Bulvarın əlverişli yerində quraşdırılıb. Belə ki, burada çayxana, karusel, avtobus dayanacağı yaxınlıqda yerləşir. Burada əlillər üçün də şərait yaradılıb. Yeraltı keçiddə fiziki qüsurlu insanlar üçün qoyulan çıxış vasitəsilə onlar həmir yerə gələ və quraşdırılmış trenajorlarda məşq edə bilərlər. Fiziki qüsurlu insanlar burada öz arabasında oturub rahat-rahat hansısa bədən üzvlərini hərəkət etdirə bilər. Bu, əlillərin cəmiyyətə inteqrasiyası baxımından çox vacibdir.

- Bulvarda yeni layihələriniz olacaqmı?

-Bu, ilkdir. Düşünürəm ki, bu layihəmiz davamlı olacaq və biz Dənizkənarı Parkın bir neçə yerində bu avadanlıqlardan quraşdıracağıq. Biz bu işi davam etdirəcəyik. Artıq bulvar rəhbərliyi ilə danışıqlar aparılır. Bunun üçün artıq yerlər də ayrılıb.

- Afət xanım, hazırda həyata keçirmək istədiyiniz hansı layihələriniz var?

- Hazırda şirkətimiz Azərbaycan Paralimpiya Komitəsi ilə danışıqlar aparır. Komitə rəhbərliyi Sumqayıtda əlillər mərkəzində idman avadanlıqlarının quraşdırılmasında maraqlıdır. Ümid edirəm ki, bu layihəni də yaxın günlərdə həyata keçirəcəyik.
Böyük Şor gölünün yaxınlığında inşa edilən Milli Gimnastika Arenasını Turkiyənin «TEKFEN» inşaat şirkəti tikir. Şirkət bizə tenderlə bağlı müraciət etdi. Əgər tenderdə qalib gəlsək, şirkətimiz burada landşaftın qurulmasını həyata keçirəcək.
Qeyd edim ki, şirkətimiz insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün həyətyanı sahələrdə, bağ evlərində, parklarda idman avadanlıqlarının quraşdırılmasına çox böyük diqqət ayırır.

- Yol kənarlarında bu cür idman avadanlıqlarının quraşdırılması mümkündürmü?

-Türkiyədə şəhərlərarası avtobus dayanacaqlarındakı müvəqqəti istirahət guşələrində idmanla məşğul olmaq üçün yüksək səviyyəli şərait yaradılıb. Orada sərnişinlərin qidalanması ilə yanaşı, geyim mağazaları, marketlər, uşaq və idman meydançaları fəaliyyət göstərir. Təsəvvür edin ki, bir neçə saat avtobusla yol gedən sərnişin yorulur və dincəlmək istəyir. Dayanacaqda yemək yeyib, bir qədər idman etdikdən sonra yenidən yoluna davam edir. Bu sərnişinlərlə yanaşı, sürücülər üçün də çox yaxşıdır. Bu gün Azərbaycanda çox gözəl yollar salınıb. Ölkəmizdə rayonlararası yollarda bu cür istirahət güşələrinin yaradılması çox yaxşı olardı.

- Yeni avadanlıqlar istehsal edilirmi?

- Şirkətimizin uşaqlar üçün nəzərdə tutulmuş avadanlıqlar indi daha müasirləşdirilib. Yeni nəsil oyun və idman avadanlıqları daha dinamik və macəralı olub uşaqların daha çox hərəkətli olmasını təmin edir. Heç kimə sirr deyil ki, müasir idman avadanlıqları günümüzün tələbidir. İndiki uşaqlar vaxtlarını çoxunu kompyuter arxasında keçirirlər. Yaxşı olardı ki, onlar boş vaxtlarını daha səmərəli keçirsinlər. Uşaq oyun meydançalarının olduğu yerdə, həm də uşaqlar üçün idman avadanlıqlarının quraşdırılması vacibdir. Hətta ali və orta ixtisas məktəblərinin, orta məktəblərin həyətlərində də bizim şirkətin məhsullarını quraşdırmağı çox istərdik və bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik.

«LTSport» şirkətinin məhsulları ilə maraqlanmaq istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər.

Afet Rustamova, Ph.D.
Marketing manager
LT Scientific, Inc.
Demirchi Tower, 6th floor,
37 Khodjali pr.,
Baku AZ1025, Azerbaijan
Tel: (+99412) 4047567
[email protected]
www.ltscientific.com
[email protected]
www.ltsport-game.com





Səadət Hakıyeva
Aysel Sultanova