Futzal üzrə ölkə çempionatının 1-ci liqasında mübarizə başa çatdı. Çempionatın yekunlarına görə, "Avesta” Konserninin təmsilçisi "Khazar Islands” klubu rəqiblərini böyük fərqlə qabaqlayaraq çempion adını qazandı. Qeyd edək ki, milli komandamızın üzvü Elnur Qəmbərovun baş məşqçisi olduğu komanda yarışın başa çatmasına hələ 2 tur qalmış çempionluğu özləri üçün təmin etmişdi. Klub 30 tur ərzində 28 qələbə və 2 heç-heçə ilə çempionatı 86 xalla başa çatdırdı. Yarışda 2-ci və 3-cü pillələri, müvafiq olaraq, NTD və "Çevik” komandaları tutdular. İyunun 7-də "ABU-Arena”da 1-ci liqanın mükafatlandırma mərasimi keçirildi. İlk 3 yeri tutan komandalara medallar və diplomlar təqdim olundu. Qalib komandaya isə çempionluq kuboku verildi.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra "Khazar Islands” klubunun prezidenti İbrahim İbrahimov "Olimpiya dünyası” qəzetinə müsahibə verdi. O, klubun gələcək planlarından da danışdı.
- İbrahim müəllim, əvvəlcə, çempionluq münasibətilə sizi təbrik edirik. Bilirik ki, şirkətiniz həmişə idmana diqqət ayırır. "Khazar Islands” klubu 1-ci liqada şirkətinizi layiqincə təmsil etdi...
- Təbrikə görə minnətdaram. Şübhəsiz ki, ölkəmizdə idman sevilir və bu sahəyə kifayət qədər sərmayə qoyulur. Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın digər növləri kimi, futzal da yüksək səviyyədə inkişaf edib. "Avesta” Konserni olaraq, ölkəmizdə idmanın təbliğində yaxından iştirak edirik. Şirkətimizin yeni klub yaratmaqda məqsədi gəncləri kluba dəvət etməklə onları peşəkar idmançı kimi yetişdirməkdir. İstəyirik ki, şirkətimizin bazasında idmanla məşğul olanlar ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etsinlər və bayrağımızı yüksəklərə qaldırsınlar. Bildiyiniz kimi, şirkətimizi futzal üzrə ölkə çempionatının 1-ci liqasında "Khazar Islands” klubu təmsil edirdi. Komandanın qarşısına çempion olmaq hədəfi qoymuşdum. Mövsüm ərzində klubla yaxından maraqlanır, onların maddi və mənəvi cəhətdən çətinliklərinin yaranmasına imkan vermirdim. Futzalçılarımız çempionatda maksimum 90 xaldan 86 xal topladılar. "Khazar Islands” klubu 30 turun cəmi 2 oyununda heç-heçə ilə kifayətləndi və digər oyunların hamısında qələbə qazandı. Bu, çempionatda ən yaxşı nəticədir. Bu il komandanın daha da gücləndirilməsi üçün əlimizdən gələni edəcəyik və gələn mövsüm yüksək liqada çempionluq uğrunda yarışacağıq.
- Çempionluq uğrunda yarışmaq üçün güclü heyətə malik olmaq əsas şərtdir. Yəqin ki, bu sahədə müəyyən işlər aparacaqsınız.
- Çalışırıq ki, klubda yerli futzalçılarımıza daha çox üstünlük verək. Amma yüksək liqada nəticə qazanmaq istəyiriksə, mütləq komandaya legioner futzalçılar da dəvət etməliyik. Yeri gəlmişkən, "Xəzər adaları”nda futzal akademiyası açacağıq. Burada komandalara lazım olan bütün şərait yaradılacaq. Artıq orada 2 futzal meydançasının tikintisinə başlamışıq. Yəqin ki, meydançalar 6-7 aya istifadəyə veriləcək və klubumuz bütün ev oyunlarını həmin meydançalarda keçirəcək. Ümumilikdə isə, "Xəzər adaları”nda 6 futzal meydançasının tikintisi planlaşdırılır.
Bildiyiniz kimi, "Araz” son illərdə, demək olar ki, asanlıqla çempion olur. Klubumuz çempionluq uğrunda "Araz”la güclü rəqabət aparmağa çalışacaq. Bu isə, heç şübhəsiz, Azərbaycanda futzalın inkişafına təkan verəcək.
- Gələcəkdə "Xəzər adaları”nda futbol komandası yaratmaq fikriniz var?
- Bəli. Fikirləşirik ki, 2016-cı ildə "Khazar Islands” adı altında futbol komandası yaradaq. Həmin vaxta kimi, "Xəzər adaları”nda standartlara cavab verən stadion da inşa etməyi planlaşdırırıq. Bildiyiniz kimi, "Xəzər adaları”nda digər növlərlə məşğul olmaq üçün şərait var. İdman sahəsində fəaliyyətimizi davam etdirməklə, Azərbaycan idmanına öz dəstəyimizi vermək istəyirik.
Rahib Səmədov