Dorinel Muntyanu: “Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq”

Dorinel Muntyanu: “Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq”

"Qəbələ” klubunun yeni baş məşqçisi Dorinel Muntyanu azərbaycanlı jurnalistlər üçün brifinq keçirdi. Qəbələdə təşkil olunan brifinq zamanı rumıniyalı mütəxəssis Sloveniyada keçirilən toplanışdan, UEFA Avropa Liqasındakı şanslarından və digər məsələlərdən danışdı.

- "Qəbələ” klubunun Sloveniyadakı təlim-məşq toplantısı necə keçdi?
- Həm hazırlıq prosesi, həm də futbolçuların işlərinə münasibətindən razı qaldım. Əlbəttə, mənfi cəhər odur ki, tam heyətlə hazırlaşa bilmədik. Hazırlığa 12-13 futbolçu ilə başladıq. Sonradan bir neçə futbolçu da komandaya qoşuldu. Hazırkı heyət yetərli deyil. Yeni mövsümədək tam komplektləşməliyik. Bu işi UEFA Avropa Liqasındakı ilk matçımızadək çatdıra bilmirik. Bunu nəzərə almasaq, başqa problemimiz yoxdur.

- Buyaxınlarda klubun rəsmi saytına açıqlamanızda, vaxt azlığına baxmayaraq, avroliqaya yüksək səviyyədə hazırlaşa biləcəyinizi demişdiniz. Yenə həmin fikirdəsiniz?
- Bəli, bu fikrimi dəyişməmişəm. İşə düzgün münasibət göstərəndə müəyyən nəticə əldə edə bilirsən. Bizim "Şiroki Briyeq”lə hər iki oyuna yüksək səviyyədə hazırlaşmaq üçün hələ də vaxtımız qalır. Rəhbərlik başda olmaqla, hamımızın bir məqsədi var: yaxşı oynayaraq mərhələ keçmək. Ümidvarıq ki, bu istəyimizə çatacağıq.

- Yeri gəlmişkən, şansları necə dəyərləndirirsiniz?
- Şanslar barədə konkret faizlə danışmaq istəmirəm. Məncə, bu, futbolda dəqiq alınmır. Hər bir komanda meydana müəyyən şansla çıxır. Hər birimiz qalib gəlmək istəyirik. Ona görə də, şans həmişə var. Biz öz şansımızdan maksimum istifadə etmək üçün hər şey edəcəyik. Futbolçularımdan oyunadək fiziki, mənəvi-psixoloji baxımdan hazır olmalarını, hər birinin meydanda maksimum güc qoyaraq, ən yaxşı keyfiyyətlərini göstərmələrini istərdim. Ümid edirəm ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq.

- "Qəbələ”nin bombardiri Daniel Subotiçin gedişindən sonra komandanın heyətində cəmi 2 hücumçu qalıb. Bu, ilk oyunlar üçün az deyil?
- Yenə deyirəm: komplektləşdirmə ilə bağlı müəyyən problemlər var. Amma rəhbərliyimizlə belə söhbət olub ki, əlimizdə nə varsa, məqsədə çatmaq üçün ondan maksimum istifadə etməliyik. Bu səbəbdən, heyətdəki futbolçulara əsasən, işimizi quracağıq. Subotiçə gəlincə, mən komandada qalmaq istəməyən futbolçulardan danışmaq niyyətində deyiləm. Ona görə də yalnız hazırkı heyət barədə fikir bildirməyim daha məqsədə uyğundur.

- Komandanın heyətindəki yerli futbolçulardan nə dərəcədə razısınız?
- Onların məşqlərdə hazırlıqları məni razı salır. Ümidvaram ki, birgə əməyimiz nəticəsində ortaya yaxşı iş qoyacağıq.

- Sloveniya toplanışınızda narazı qaldığınız futbolçu oldumu? Ad çəkməyə də bilərsiniz...
- Hamı öz işinə peşəkarcasına yanaşırdı. Buna görə də, hansınınsa komandamızın üzvü olmayacağını deyə bilmərəm. "Qəbələ” Futbol Akademiyasını təmsil edən gənc futbolçular klubumuzun gələcəyidir. Həmin gənclər məşq proseslərimizdə, bəzən də oyunlarımızda iştirak edəcəklər. Heyətdə olanlar komandanın özəyidir. Bundan başqa, heyətə 5-6 futbolçu əlavə edəcəyik.

- Niyə məhz Andrey Kristya və Adrian Rotopanı transfer etdiniz. Onlar hansı keyfiyyətləri ilə seçilirlər?
- Onları çox yaxşı tanıdığım üçün seçdim. Çox yüksək səviyyəli futbolçulardır. Rotopanın oynadığı dayaq yarımmüdafiəçisi mövqeyində böyük boşluq var idi. Mənə bu mövqeyə kömək edəcək futbolçu lazım idi. Ona görə də seçimimi Rotopan üzərində etdim. Onun Rusiya Premyer Liqasında böyük təcrübəsi var, çoxdan tanıyıram. Kristya isə hücumda Viktor Mendiyə yaxşı rəqabət yaradacaq. O, Rumıniyada ötən mövsümü yaxşı keçirib, çoxlu qol vurub və məhsuldar ötürmələr verib. Əlbəttə, bəzi mövqelər var ki, düzəlməlidirlər: həm güclənməli, həm də rəqabət yaranmalıdır. Ona görə də, komplektləşmə məsələsinin tezliklə həllini istəyirəm.

- Əvvəlki baş məşqçi Yuri Syomin Kristian Pulhakı əsas komandadan kənarlaşdırmışdı. Amma hazırda həmyerliniz "Qəbələ” ilə birgə məşq edir. Onun komandadakı perspektivini necə dəyərləndirirsiniz?
- Pulhakın klubla hələ yarım illik müqaviləsi var. Təkcə ona yox, bütün futbolçulara demişəm ki, hamınız fiziki göstəricilərinizi artırmalısınız. Mən Pulhakın özünü daha yaxşı göstərməsini istərdim. Çünki hazırkı formasından elə də razı deyiləm. Artıra bilsə, o da komandamıza kömək edəcək. Əks halda, əvvəlki statusunda qalacaq. Heç kimə əsas heyətdə yer təminatı verilməyib. Hamı məşq prosesi, yoxlama oyunları və rəsmi matçlarda özünü sübuta yetirərək, əsas heyətə layiq olduğunu göstərməlidir. Rəhbərlik ilk gündən mənə böyük etimad göstərib. Mənim üçün xüsusi münasibət göstərilməli olan ulduz futbolçu yoxdur. Hamı iş prosesində özünü sübut edərək əsas heyətə yol açmalıdır.

- "Qəbələ” rəhbərliyi sizinlə 2 dəfə danışıqlar aparıb. İlk söhbətinizdə niyə razılığa gələ bilmədiniz?
- Hər bir işi görəndə səliqəli etməli və tələsməməlisən. Türkiyənin İstanbul şəhərindəki ilk görüşümüz məhsuldar alınmışdı. Danışıb bir-birimizlə tanış olmuşduq. Hər iki tərəf yekun qərar qəbul etmək üçün dərindən düşünməli idi. Buna isə vaxt lazım olduğundan, heç kim tələsmirdi. İkinci görüşümüz həmin söhbətin davamı idi. Sonda mən "Qəbələ”nin baş məşqçisi oldum. Belə hallar danışıqlarda normaldır. Ən vacibi odur ki, hazırda "Qəbələ”nin baş məşqçisiyəm.

- Hazırkı komandanı Yuri Syominin rəhbərliyi altındakı heyətlə necə müqayisə edərdiniz? Muntyanun komandası oyun üslubu və taktika baxımından necə seçiləcək?
- İki komandanı müqayisə etmək çox çətindir. Çünki adi riyazi hesablama ilə götürsək, heyəti 7 futbolçu tərk edib. Praktiki olaraq, yeni komanda yaratmalısan və bunun olacağı birmənalıdır. Mənim futbol fəlsəfəm belədir: komandam taktiki cəhətdən çox təşkilatlanmış, savadlı, ciddi oyun nizam-intizamına malik olmalıdır. Mənim komandam bu xüsusiyyətləri özündə cəmləşdirməlidir. Təbii ki, biz sabit nəticələrin olmasını çox arzulayırıq.

- UEFA reqlamentinə əsasən, avroliqadakı ilk oyununuza bir gün qalanadək daha bir oyunçu sifariş edə bilərsiniz. Belə bir imkandan yararlanacaqsınız?
- Hətta biz bunu etsək belə, həmin futbolçunu dərhal meydana buraxmaq fikrində deyiləm. Çünki yeni oyunçunun komanda ilə hazırlaşmadan, onu tanımadan dərhal oyuna çıxma şansı yoxdur. Mənim komandalarımda belə bir praktika olmayıb ki, oyunçu matça 2 gün qalmış gəlsin və dərhal qarşılaşmada iştirak etsin. Muntyanunun vaxtında belə şey dəqiq olmayacaq.
Aslan Şirəliyev,
Rahib Səmədov,
Qəbələ