«İndiki Tayson daha ağıllı görünür»

«İndiki Tayson  daha ağıllı görünür»

Dosye

Adı: Mayk Cerard Tayson
Doğulduğu il: 30 iyun 1966
Doğulduğu şəhər: Nyu-York (ABŞ)
Boyu: 1,78 sm
Üslub: Peek-a-boo
Reytinqdə ən yüksək mövqeyi: 1989-cu il I yer (2138 xal)
Peşəkar karyerasında ilk döyüşü: 06.03.1985, son döyüşü: 11.06.2005
Çempion kəməri: WBC, WBA, İBA, The Rinq
Çəkildiyi filmlər: «Tayson», «Məni sevəndə»
Dini: İslam, dini Adı Malik Abdül Əziz
Həyat yoldaşı: Lakiya Spayser
Qeyd edək ki, Mayk Tayson üç dəfə ailə həyatı qurub: ilk həyat yoldaşı Robin Qivens aktrisa olub, ikinci dəfə Monika Terner adlı həkimlə evlənib, üçüncü dəfə (2009) taleyini Lakiya Spayserlə bağlayıb.
Bacı və qardaşları: Rodni və Denis Tayson, Cimmi Li Kirkpatrik
Uşaqları: Eksodus, Amir və Reyna Tayson
Yeniyetmələr arasında ilk ağır çəki dərəcəsində Olimpiya çempionu tituluna layiq görülən Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib: 50-sində qələbə (44-ü nokautla) qazanıb, 6 dəfə məglubiyyət acısı yaşayıb, 2 döyüşü alınmayıb.
Məşhur boksçu həvəskar karyerası ərzində isə 60 (54 qələbə,6 məğlubiyyət) döyüş keçirib.


XX əsr boks tarixinin ən məşhur simalarından biri Mayk Tayson ABŞ-ın «The Guardian» qəzetinə verdiyi müsahibəsi boks həvəskarlarının marağına səbəb olub. Keçmiş dünya çempionu narkotiklər, onu narahat edən qorxuları, tatuları və ailəsi barədə danışıb.
Mayk Taysonu idman ictimaiyyətinə geniş təqdim etməyə ehtiyac yoxdur. Amma məşhur boks ustasının müsahibəsini oxuculara təqdim etməmişdən əvvəl onun haqqında qısa arayış vermək istərdik.
Maykl Cerard Tayson ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib.

Tayson 10 yaşına qədər sakit, heç kəsin diqqətini çəkməyən bir uşaq təsiri bağışlayıb. 11 yaşındaykən həyatında baş verən bir hadisə onun həyatını büsbütün dəyişib. Mayk hələ uşaqlıqdan sülh rəmzi olan göyərçinləri və onları bəsləməyi həddən çox sevirdi. Bir dəfə yerli uşaqlardan ibarət bandit qruplaşmasının liderlərindən biri Maykın göyərçinlərindən birini götürür və başını üzərək yerə atır. Bundan bərk qəzəblənmiş Mayk rəqibinin üstünə şığıyır və onu yaxşıca əzişdirir. Bu hadisədən sonra tay-tuşları və yerli bandit qruplaşması arasında Maykın nüfuzu birə-beş artır. Cinayətkar qrupun üzvü olan bu uşaqlar onu dəstələrinə cəlb edir, oğurluğa, cib soymağa təhrik edirdilər.
Həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən hadisə isə Mayk Taysonun boksun əfsanəsi Məhəmməd Əli ilə görüşü olur. Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsinin görüşü Maykda xoş təsir oyadır və beləliklə, o, 13 yaşında həddi-büluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərilir.
Bu məktəbdə o idman müəllimi Bobbi Stüartla tanış olur. Stüart onun əsil insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynayır. Maraqlıdır ki, Mayk artıq 13 yaşında uzanılı halda 100 kq-lıq ştanqı qaldıra bilirdi. Bu zaman Stüart şagirdini əfsanəvi məşqçi və menecer Kass D` Amato ilə tanış etməyin vaxtı gəlib çatdıyını başa düşür. Hər şey bundan başlayır: Kass D` Amatonun evində yaşayarkən sonsuz sayda köhnə video yazılara baxır, məşhurların döyüşlərini izləyir. Bütün bunların təsiri idi ki, Mayk Tayson rinqə o dövr üçün qeyri-adi imicdə çıxırdı: xalatsız, musiqi olmadan, qara tumanda və yalın ayaqla.
Maraqlıdır ki, Taysonun məşqçisi və xilaskarı D` Amato çox qaranlıq və mürəkkəb xarakterə malik bir insan idi. Bir çoxları onu Maykı həddi-büluğa çatmayanlar üçün həbsxanaya düşməkdən xilas etdiyi üçün müqəddəs hesab edir. Bu insanlar D` Amatonu Taysonu qaranlıq həyatın dibindən çıxardığı və ona boksun sirrlərini öyrətdiyi üçün ideallaşdırsa da, Tayson özü onun şəxsində və simasında heç bir xoşbəxtlik nişanəsi olmadığını deyir.


«Məşqçim besybol yarışlarının vasitəsilə qadınları mənim beynimdən silib atmaq istəyirdi»

Tayson müsahibəsində deyir: «Mənim məşqçim D` Amato Ancelo Dandiylə pis rəftar edirdi. Əslində o elə-belə məşqçi deyildi və təsadüfi deyildi ki, Dandi Əli və Şuqar Rey Leonard kimi boksçuları çalışdırmışdı. Bilirsiniz, bu, ağılsızlıq idi. Əgər o, sağ olsaydı, mən bu sözləri söyləməzdim. Mən deyərdim, o müqqəddəsdir, çünki başqa əlacım yox idi. Əks halda o, məni öldürərdi!. Dediyim odur ki, Kas mənim gözümün odunu yaman almışdı. Bir sözlə, mən ondan yaman qorxurdum».
D`Amatonun nəhəng portretini öz iş otağından asan Tayson məşqçisinin ona həyatda heç kəsin verə bilmədiyi şeyləri bəxş etdiyini gizlətmir. Amma bəzi məqamlar onu çox narahat edir. «Kas mənə həmişə deyirdi ki, dünya çempionu titulu uğrunda döyüşə gedəndə sənin üçün «yox» kəlməsi olmamalıdır. Bilmirəm, bu belə gənc oğlan üçün nə dərəcədə yaxşı məsləhət idi. Bir dəfə heç bir qızın məni sevməyəcəyi həyəcanı ilə yaşayarkən, Kas beysbol ağacı ilə mənə yaxınlaşdı və qadınları mənim başımdan və ürəyimdən çıxarmaq niyyətində olduğunu dedi.
Bilirsiniz, ondan bu məsləhətləri neçə yaşımda almışam? 14 və ya 15 yaşım olanda. Mənə aşılanan və öyrədilən yeganə əxlaq norması boksda yaxşıların yaxşısı olmaq idi. Sonra hər şey öz yolu ilə getdi. Bu, məni həyatda istədiyim hər şeyi əldə etməyə ruhlandırdı. Məsələn, bir qızdan xoşum gəlirdisə, mütləq onu əldə etməliydim. Bir sözlə, məni belə proqramlaşdırmışdılar. Düşünürdüm ki, bütün bunları- özümdən müştəbehliyi və vəhşiliyi mənə yəni bu qoca öyrədib?

«İndi də qorxuram ki, anam məni küncə qoyacaq və döyməyə başlayacaq»


Tayson keçmiş günləri xatırlayaraq danışır: «Həmin vaxtları xatırlayanda, bilirsiniz nə düşünürəm? - mən özümdə olmamışam. Bu həqiqətdir ki, məşhur Niştse də müəyyən vaxtlarda ağlını itirib və 1900-ci ildə vəfat edib. Onun həyatda yalnız bir sevgisi olub və sonra zöhrəvi xəstəliyə tutulub».

Maraqlıdır ki, Taysonu yenidən həyata məhz qadınlar qaytarıblar. Onun həyatında kimlər olmayıb? Kiri, narkotikdən asılılıqla mübarizə aparan Merilin və onun yaxın rəfiqəsi Xoup və başqaları… Tayson deyir: «Mən insanları sevirəm, amma qadınları daha çox sevirəm. Çünki onlar məni həyata qaytarıblar. Qadınlar mənə kömək etdikləri kimi, mən də onlara kömək etmək istəyirəm. Lakin qorxuram ki, həyat yoldaşıma və uşaqlarıma lazımi diqqət və qayğı göstərə bilməyim. Qorxuram ki, yenidən həyatın dibinə düşüm və nəticədə mən evsiz-eşiksiz, küçələrdə veyllənən bir səfilə çevrilim. Mənim çoxlu qorxularım var. İlk növbədə peşman olmaqdan qorxuram. Çalışıram ki, bu qorxunun öhdəsindən gəlim».

Nə gizlədim, mən həyat yoldaşımın sayəsində təcavüzkar, acımasız bir varlıqdan nəcib bir insana çevrildim. Bir sözlə, onun sayəsində mənim insanlara qarşı münasibətim dəyişdi. Həyat yoldaşım mənim daxilimdə əvvəllər hiss etmədiyim nəcib hisslər yaratmağa müvəffəq oldu. Hərdən Spayser mənə deyir: «Yadında saxla ki, indi çox şeyə nail olmuşuq. Halbuki əvvəllər heç nəyimiz yox idi. İndi mənim ofisim var, işçilərim var. Lakin mən yenə də daha artığını istəyirəm. Məgər bu dəlilik deyil, bəs nədir? Nə gizlədim, indiki Tayson mənə əvvəlkindən daha ağıllı görünür. O artıq qətiyyətlə öz ayaqları üzərində durmağa çalışır. İndi onun kitabı çıxıb, promouter şirkəti və onun televiziya etdiyi çıxışlar da göstərir ki, Tayson ağıllanıb və bu da onun öz ailəsi üçün bir dayaq olduğunu deməyə əsas verir. Lakin qəribədir ki, o hələ də səhv etməkdən çox qorxur və hərdən əvvəlki kimi özünü təhlükədə hiss etdiyini deyir».

«Axıra qədər döyüş, çünki ağrılar, zədələr müvəqqəti, zəfər isə əbədidir»

Tayson deyir: «Mənim kinoda da müəyyən uğurlarım var. Lakin bu, mənə zövq vermir. Qorxuram ki, bu sahə ilə ciddi maraqlanmağımı görən həyat yoldaşım məni tərk eləsin. Xoşbəxt olmaq, doğrudan da çox çətindir. Bu zaman öz-özümə düşünürəm və içimdəki Taysona: «Ey, sən, mən daha əvvəlki günlərə geri qayıtmaq istəmirəm», - deyə pıçıldayıram».


«Özümü eybəcərləşdirmək üçün tatudan istifadə etdim»

Tayson müsahibinə öz sevimli boks qəhrəmanlarından danışır və onların şəkillərini göstərir. O, 1920-1930-cu illərin məşhur yüngül çəkili boksçusu haqqında çəkilmiş «Panama El-Braun» filmindən dil-bocaza qoymadan danışır.
Tayson ensiklopedik boks biliyinə malikdir və bu insanı heyrətə salır. O bir boks ustasından danışaraq, dərhal o birinə keçir: Teddən Lyuis, Arizmendidən tutmuş, Qarri Qreb və Cek Brittona qədər. Tayson bütün bunlar haqda böyük həvəs və dəqiqliklə danışır. Ona tatularla bağlı müracət edəndə cavabı belə olur: «Mən üzümdə tatu elətdirəndə özümə nifrət eləyirdim. Mən bununla sadəcə, üzümü, ümumiyyətlə özümü korlamaq istəyirdim. Mən bir gün tatu edənin yanına getdim və dedim ki, üzümdə ulduz şəklində tatu etdirmək istəyirəm. O əvvəlcə etiraz etdi və dərimi korlamaq istəmədiyini dedi. Lakin mən israr edərkən, usta mənə Yeni Zelandiya tayfalarının Maori rəsmini tatu eləməyi təklif etdi.
Çox qəribədir, deyilmi? İndi küçəndə tatu eləyən gəncləri görəndə onların dəli olduqlarını düşünürəm. Amma sonra yadıma düşür ki, axı mənim də üzümdə tatu var» ( gülür). Əvvəllər insanlar mənim tatularımdan qorxurdular. Sonra onlar yavaş-yavaş buna alışdılar».

Yeri gəlmişkən, Taysondan müsahibə götürülən günü çəkilişi var idi. Qrimçilər min bir əziyyətlə onun tatularının üstünü örtməyə çalışırdılar. Çəkilişlər zamanı 6 dubldan sonra 7-ci dubl pis alınmır.
«Təsəvvür edin ki, bu çəkiliş 20 il bundan əvvəl olsaydı, mən nələr edərdim. Buradakı kameraları sındırıb dağıdardım». 47 yaşlı keçmiş dünya çempionu çox güman ki, televiziya işçilərinə vuracağı ziyanı barədə düşünərək gülümsəyir və deyir: «Ola bilsin ki, bu, mənim uğurlarımdır və bütün bunlar göstərir ki, mən qaydasındayam».


Səadət Hakıyeva