Dünya Olimpiya təsnifat turniri 2016-cı ildə Bakıda keçiriləcək

Dünya Olimpiya təsnifat turniri 2016-cı ildə Bakıda keçiriləcək

Beynəlxalq Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında 2015-ci və 2016-cı illərdə keçiriləcək mötəbər boks yarışlarına ev sahibliyi edəcək ölkələrin adları müəyyənləşib.
İclasda 2016-cı il Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandıracaq dünya Olimpiya təsnifat turnirinin gizli səsvermə nəticəsində gələn il Bakıda keçiriləcəyi müəyyənləşib.
Toplantıda ölkəmizi Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov təmsil edib.
Qeyd edək ki, 2011-ci ildə Bakıda təşkil olunan boks üzrə dünya çempionatı da London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Bakı turniri Rio-de-Janeyro Olimpiadasına lisenziya qazandıracaq sonuncu boks yarışı olacaq.
Cari ildə Sankt-Peterburqda yeniyetmələr, Taypeydə isə yeniyetmə və gənc qızlar arasında dünya birincilikləri təşkil ediləcəkdir. Gələn il isə Astanada qadınlar arasında dünya çempionatının, Yaundedə (Kamerun) Afrika, Buenos-Ayresdə Amerika, Qianyanda (Çin) Asiya və Okeaniya Olimpiya təsnifat turnirləri, Sankt-Peterburqda gənclər arasında dünya birinciliyi, İstanbulda Avropa Olimpiya təsnifat turnirinin keçirilməsi qərar alınıb.