Türkiyənin İstanbul şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci mövsümünün püşkatma mərasimi keçirilib. Ötən çempionatda 12 komanda mübarizə aparırdısa, bu dəfə klubların sayı 16-ya çatıb.
Son mövsümün finalçıları - "Cuba Domadores” və "Baku Fires” klubları püşkatmada səpələnmişlər sırasında yer alıblar. Kubalılar "A” qrupunda, Azərbaycan komandası isə "B” qrupunda çıxış edəcək. Hər iki komanda çempionatda ilk və sonuncu görüşlərini doğma divarlar arasında keçirəcəklər. Venesuela, Mərakeş kimi ölkələr WSB liqasında debüt edəcəklər. Bundan başqa, birinci və ikinci mövsümdə mübarizə aparmış Çin komandası yenidən WSB liqasına qayıdıb. "B” qrupunda çıxış edəcək 6-cı komandanın adı hələ ki açıqlanmayıb. Bununla bağlı, AİBA rəsmiləri bir neçə federasiya ilə danışıqlar aparırlar. Ona görə də püşkatma mərasimində 6-cı komanda hələ ki WSB kimi qeyd olunub. "Baku Fires” komandası "B” qrupunda "Argentina Condors”, "Astana Arlans”, "İtalia Thunder”, USA Knockouts, "Hussars Poland”, Venesuela və adı açıqlanmayan 6-cı klubla yarışacaq. "A” qrupunda isə "Ukraine Otamans”, Rusiya, Almaniya, "Desert Hawks” (Əlcəzair), "Mexico Guerreros”, "Cuba Domaderos”, Çin və Mərakeş komandaları mübarizə aparacaq. "Baku Fires” ilk görüşünü doğma divarlar arasında İtaliya təmsilçisinə qarşı keçirəcək.
Yeni mövsümün 2015-ci ilin yanvarında başlaması nəzərdə tutulur. Çempionatın sonunda 17 boksçu 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanacaq.