Ötən həftə "Qarabağ” klubu UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyununda səfərdə Maltanın "Valletta” klubu ilə qarşılaşdı. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Bu gün həmin matçın cavab qarşılaşması keçiriləcək. Bununla əlaqədar, çempionatın püşkatma mərasimində "Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşdük. Braziliyalı futbolçu ÇL-in ilk oyunu və püşkatma ilə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü.
- UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Maltanın "Valletta” klubuna 1:0 hesabı ilə qalib gəldiniz. Maltadakı oyunla bağlı nə deyə bilərsiniz?
- İlk oyunumuz idi. Bu səbəbdən də bir qədər çətin oldu. Əsas vacib olan oyunun nəticəsi idi. Səfərdə qələbə qazanmağımız bizi sevindirir. Ancaq hər şey həll olunmayıb. Hələ daha bir 90 dəqiqə var. Amma Bakıdakı oyun bir qədər fərqlənəcək. Çünki bu dəfə öz meydanımızda, doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Çətin bir matç olacaq. Onların heyətlərində keyfiyyətli, qol vurmağı bacaran futbolçular var. Hazırlıq müddətindəki oyunumuzu göstərə bilsək, mərhələni adlayacağıq.
- Doğma meydanda azarkeşlər minimum yox, böyükhesablı qələbə gözləyirlər. Buna hazırsınızmı?
- Bizim üçün vacib olan mərhələni adlamaqdır. Bunu bacarsaq, azarkeşlərimiz daha çox sevinəcəklər. Məqsədimiz UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.
- "Valletta” ilə oyunda baş hakimin təyin etdiyi penalti zərbəsini vura bilmədiniz. Həmin an sanki bu zərbəyə hazır deyildiniz...
- Hazır idim. Zərbəni hər zamankı kimi yerinə yetirdim. Sadəcə, həmin anda qapıçının bəxti gətirdi. Belə deyək, qapıçı üçün şanslı gün idi.
- Cavab oyununda azarkeşləri nə ilə təəccübləndirə biləcəksiniz?
- Onlar gəlsinlər, "Qarabağ” kimi hamını ətrafında birləşdirəcək komandanı dəstəkləsinlər.
- "Valletta” səddini keçsəniz "Zalsburq” klubu ilə qarşılaşacaqsınız. Rəqib haqqında nə deyə bilərsiniz?
- Açığı, Avstriya təmsilçisi ilə qarşılaşacağımızı ilk dəfə sizdən eşidirəm. Püşkün nəticəsindən indi xəbərim oldu. Hazırkı məqamda "Valletta” ilə cavab oyunumuz daha vacibdir. Hələ bu oyunu düşünürük. Hər şey istədiyimiz kimi alınsa, növbəti dəfə haqqında düşünəcəyimiz komanda "Zalsburq” olacaq.
- Topaz Premyer Liqasında yeni mövsümün də püşkü atıldı. Çempionata "Sumqayıt” klubu ilə matçla start verəcəksiniz...
- Premyer Liqa ildən-ilə inkişaf edir. Ona görə Sumqayıtdakı oyun çətin keçəcək. Çətin oyunlardan qalib ayrılmaq üçün yüksək səviyyədə hazırlaşmalıyıq.
Rahib Sahiboğlu