Qubada “Challenge Tour” turnirinə start verilib

Qubada “Challenge Tour” turnirinə start verilib


Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə "Challenge Tour” yarışına start verilib.
İyulun 30-da "Rixos Quba Azerbaijan” otelində turnirin rəsmi açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov tədbir iştirakçılarını salamladı. Federasiya prezidenti bildirdi ki, "European Challenge Tour”un rəhbərlik etdiyi turnirin Azərbaycanda keçirilməsinin əsas məqsədi ölkəmizi beynəlxalq qolf aləminə təqdim etmək, bu idman növünün inkişafına zəmin yaratmaq, buraya dünya səviyyəli oyunçuları cəlb etməklə respublikamızı yeni qolf məkanı kimi tanıtmaqdan ibarətdir.
Mərasimin fəxri qonaqlarından olan "European Challenge Tour”un direktoru Alen de Sultre qeyd edib ki, "Challenge tour” dünyanın ən istedadlı gənc qolfçularının bacarıqlarını nümayiş etdirməyə şərait yaradan bir turnirdir.
Alen de Sultre bildirdi ki, ölkəmizdə qolfun inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan Qolf Federasiyası yarandığı qısa müddət ərzində çox yüksək nailiyyətlər əldə edib. Quba Milli Qolf Klubunda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün ideal şəraitin olduğunu bildirən qonaq, tezliklə azərbaycanlı qolfçuların reytinq sıralamalarında yüksələcəyinə əminliyini ifadə etdi.
Açılış mərasimi konsert proqramı və möhtəşəm atəşfəşanlıqla başa çatdı.
Qeyd edək ki, turnir yalnız peşəkar kişi qolfçular arasında keçirilir. Yarışda "European Challenge Tour” tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 oyunçu mübarizə aparır. Turnirə qatılan idmançılar İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya, Argentina və digər ölkələri təmsil edirlər.
Quba Milli Qolf Klubunda 4 gün davam edəcək möhtəşəm qolf turnirində yarışan idmançılar iyulun 31-dən mübarizəyə başlayacaqlar.