UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ” - "Zalsburq” matçını izləyən AFFA prezidenti Rövnəq Abdullayev oyun başa çatdıqdan sonra təmsilçimizin üzvlərini təbrik etdi. Ardınca AFFA prezidenti jurnalistlərin suallarını cavablandırdı.
- Oyun haqda nə deyə bilərsiniz?
- Qələbə münasibətilə hər birinizi təbrik edirəm. Uzun müddət idi Tofiq Bəhramov adına Respublika stadionuna bu qədər azarkeş gəlmirdi. Komandamıza da təşəkkür edirəm ki, göstərdiyi oyun və qələbəsi ilə bizləri sevindirdi.
- "Valletta” ilə oyundan sonra stadionu erkən tərk etdiyinə görə, azarkeşlərdən narazı qaldığınızı açıqlamışdınız. Bu dəfə onlar sona qədər "Qarabağ”ı dəstəklədilər. Azarkeşlərdən razı qaldınızmı?
- Əlbəttə, razı qaldım. Onlar bu gün həqiqətən də azarkeşlik etdilər. Qalır "Zalsburq” səddini keçmək. Hazırlaşıb, onları mübarizədən kənarlaşdırmaq lazımdır. Bu gün birinci hissədə nümayiş etdirdiyimiz oyunu səfərdə hər iki hissədə göstərmək lazımdır.
- Cavab oyununu birbaşa stadiondan izləmək fikriniz var?
- Vaxt tapsam, səfərdəki oyunu stadiondan izləməyə çalışacam.
- "Qarabağ”ın iki futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı fikrinizi bilmək istərdik.
- Məncə, Reynaldonun qayda pozduğu epizodda qırmızı vərəqə yox idi. İlk qırmızıya gəldikdə, bu sevincdə irəli gəlirdi. Həmin epizodda əllə oynamağa ehtiyac yox idi. Ümumiyyətlə, əllə oynamaq futbolçuya yaraşan hal deyil.
- Komandamız pley-off mərhələsinə vəsiqə qazana bilsə, AFFA tərəfindən mükafatlandırılacaq?
- Əslində, fikrimiz klubların pley-off mərhələsini adlaması və qrup mərhələsinə vəsiqə qazanmasıdır. Ötən həftə "İnter”in oyununda xoş olmayan halla qarşılaşdıq. Hakimin matçın əvvəlindəki kobud səhvi nəticəyə də təsir etdi. Bu oyundakı qərarların yanlış olduğunu deyə bilmərəm. Amma baş hakimin vərəqələrdən çox istifadə etdiyi aydındır. Buna görə fasilədən sonra komandamız ehtiyatlı oynamağa çalışdı.
- Cavab oyununda "Qarabağ”ın şanslarını necə dəyərləndirirsiniz?
- "Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq şansı var. Qurban Qurbanovla danışdım, qırmızı vərəqə alan futbolçuları əvəzləyəcək oyunçularının olduğunu bildirdi. Yaxşı olacağını düşünürəm.
- Bugünlərdə SOCAR-ın Türkiyənin "Qalatasaray” klubuna sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayıldı. Bu həqiqətdirmi?
- Elə bir şey yoxdur. Yanlış məlumatdır.