Ölkəmizdə bütün idman növlərinə qayğı göstərilir. Məhz bu qayğa sayəsində uğurlarımız artır. Gənc idmançılarımızla yanaşı, veteran atletlərimiz də beynəlxalq turnirlərdə Azərbaycanı ləyaqətlə təmsil edirlər. Veteran ağırlıqqaldıranlarımız da qazandıqları nəticələrlə fərqlənirlər. Veteran ağırlıqqaldıranlarımıza Azərbaycan Veteran Ağır Atletlər İctima Birliyi rəhbərlik edir. Qazanılan uğurlar, keçirilən yarışlar, birliyn fəaliyyəti barədə məlumat əldə etmək üçün qurumun cədr müavini, ağırlıqqaldırma üzrə beynəlxalq hakim, idman ustası Rizvan Rəsulovla görüşdük.
- Veteran Ağır Atletlər İctimai Birliyi hansı qayğılarla əhatə olunub? Problemləriniz öz həllini tapırmı?
- Əvvəlcə onu deyim ki, veteran atletlərimiz 2006-cı ilə qədər beynəlxalq yarışlarda fərdi şəkildə iştirak edirdilər. Sonralar təşkilatlanma işlərinə başladıq. 2008-ci ildə bu işlər daha da sürətləndirildi. 2009-cu ildə isə Veteran Ağır Atletlər İctimai Birliyi Ədliyyə Nazirliyində qeydə alındı. Birliyin İdarə Heyətinin sədri Natiq Ağayevdir. Təşkilatımızın formalaşmasında Gənclər və İdman Nazirliyi, şəxsən nazir Azad Rəhimov böyük dəstək göstərdi. Keçirdiyimiz yarışların, idmançılarımızın ezamiyyətə göndərilməsinin maliyyə işləri bütünlüklə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.
Yeri gəlmişkən deyim ki, mən 1978-ci ildən bəri idman sahəsində çalışıram. Bu illər ərzində Gənclər və İdman Nazirliyinin bütün idman təşkilatlarına qayğı ilə yanaşdığının şahidi olmuşam. Nazirlik yarışların təşkilində, keçirilməsində hər zaman öndə olub, öz köməyini əsirgəməyib. Biz bu qayğını həmişə hiss etmişik.
Mən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun bu işdə əməyini xüsusi qeyd etmək istərdim. Bilirsiniz ki, İsmayıl müəllim ağırlıqqaldırma növünün incəliklərini çox dərindən bilən bir mütəxəssisdir. O, yarışlarımızın təşkilində hər zaman bizə dəstək olub, məsləhət və tövsiyələrini verib. Naxçıvanda keçirilən Dünya kuboku yarışlarının təşkilində də İsmayıl müəllim bizə dəstək oldu. Ümumiyyətlə, qarşımıza çıxan problemlərin həllində, təşkilatmızın yaranmasında və inkişafında onun əməyi böyükdür.
- Bu il idmançılarınız hansı yarışlarda iştirak ediblər?
- Yarışlarımız təsdiq olunmuş təqvim planına əsasən keçirilir. Bu il iki yarış təşkil etmişik. Keçirdiyimiz Azərbaycan çempionatında 35 yaşdan yuxarı idmançılarımız güclərini sınadılar. Bu turnirin təşkil olunmasında məqsədimiz Dünya kubokunda iştirak edəcək idmançılarımızı yoxlamaq idi. Çempionatdan sonra milli komandamız formalaşdı. Dünya kuboku iyul ayının 4-8-də Naxçıvanda keçirildi. Bu yarış Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuşdu. Dünya kubokunda 22 dövlətin veteran ağırlıqqaldıranları mübarizə apardı. Ümumilikdə 128 idmançı (14 qadın) qalib adı uğrunda yarışdı. Naxçıvana toplaşan atletlərin yaş həddi 35- 80 yaş arasında idi. Ən yaşlı ağırlıqqaldıranın- almaniyalı Kurt Rozenberqin 86 yaşı var idi. Dünya kuboku çox maraqlı keçdi, xoş təəssürat yaratdı. Təşkilatçılıq işləri yüksək səviyyədə idi. Muxtar Respublika rəhbərliyi bizə hər cür köməklik göstərdi.
- Azərbaycanın veteran idmançıları bu yarışda hansı nəticələr qazandılar?
- Dediyim kimi, beynəlxalq turnirdə 128 atlet gücünü sınadı. Ölkəmiz 23 idmançı ilə təmsil olundu. Dünya kuboku yığma komandamız üçün uğurlu keçdi. Belə ki, biz 23 medal əldə etdik- 10 qızıl, 10 gümüş, 3 bürünc. Bu, çox yüksək nəticədir. Dünya kubokunda komanda hesabında Rusiya birinci, Azərbaycan ikinci oldu. İran yığması isə üçüncü yeri qazandı. Müxtəlif yaş qruplarında təmsilçilərimizdən Səbinə Rzayeva, Müsadiq Vaqif və Emil Əliyev bütün rəqiblərini üstələdilər. Bir sözlə, ölkəmizin veteran ağırlıqqaldıranları onlara göstərilən etimadı doğrultdular.
- Rizvan müəllim, idmançıların istirahəti, asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaradılmışdımı? Naxçıvanın gəzməli, görməli yerlərinə səyahət etmək imkanı oldumu?
- Əcnəbi atletlərin, demək olar ki, hamısı ilk dəfə idi ki, Naxçıvana gəlmişdilər. Onların istirahəti üçün hər cür şərait yaradılmışdı. Yarış iştirakçılarına Naxçıvan şəhərinin ən gözəl hotellərində yer ayrılmışdı. Muxtar Respublika rəhbərliyinin təşəbbüsü sayəsində qədim diyarın tarixi yerlərinə səyahətlər təşkil olundu. İdmançılar muzeylərdən, "Əshabül- Kəhf” ziyarətgahından, Heydər Əliyev Mərkəzindən xoş təəssüratla ayrıldılar.
- Azərbaycan Veteran Ağır Atletlər İctimai Birliyi ağırlıqqaldırma üzrə uşaq idmanının inkişafında nə kimi rol oynayır?
- Biz bu növün uşaqlar və gənclər arasında da inkişafına diqqət ayırırıq. Hələ 2008-ci ildə təşkilatımızı yaradarkən İsmayıl İsmayılovla görüşdük. İsmayıl müəllim tövsiyə etdi ki, İctimai Birlik təkcə veteran ağırlıqqaldıranları öz ətrafında toplamaqla kifayətlənə bilməz. Yeni təşkilat bu növün uşaqlar və gənclər arasında yayılmasına da öz töhfəsini verməyə çalışmalıdır. İctimai Birliyin mərkəzi Sumqayıtda yaradıldı. Tezliklə Sumqayıt Olimpiya İdman Kompleksində atletika bölməsi açıldı. İctimai Birliyin İdarə Heyətinin sədri Natiq Ağayevin maddi dəstəyi sayəsində M. Hüseynzadə adına stadionda zal təmir olundu. İndi burada 20 uşaq ağırlıqqaldırmanın sirlərinə yiyələnir. Bundan başqa, "Alüminumçu” İdman Evində atletika bölməsi bərpa edildi. Ümumilikdə, hazırda Sumqayıtda üç idman qurğusunda ağırlıqqaldırma üzrə bölmə fəaliyyət göstərir. Veteranlarla yanaşı, uşaq idmanının inkişafı üçün də əlimizdən gələni əsirgəmirik.
- Rizvan müəllim, hazırda ölkəmizdə ağırlıqqaldırma ilə bağlı gərgin bir vəziyyət yaranıb. Bir neçə idmançımızın dopinq qalmaqalı ilə üzləşməsi narahatlıq doğurur. İstərdik ki, bir mütəxəssis kimi, bu məsələyə öz münasibətinizi bildirəsiniz.
- İdmançılarımızın dopinq qalmaqalı ilə bağlı diskvalifikasiya olunması, sözsüz ki, hər birimizi narahat edir. Beynəlxalq Ağır Atletika Federasiyasının bu qərarından sonra ölkəmizin ağırlıqqaldıranlarının yarışlarda iştirakına qadağa qoyulub. Ağır atletikadakı mövcud vəziyyətin tezliklə aydınlaşdırılacağına inanırıq. Əminik ki, bu problem öz həllini tapacaq. Məncə, bu neqativ halın hansı səbəbdən baş verməsi ciddi şəkildə araşdırılmalıdır. Azərbaycna Veteran Ağır Atletlər İctimai Birliyi hesab edir ki, qarşılaşdığımız problem həll olunduqdan sonra Azərbaycan Ağır Atletika Federasiyasında mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılmalıdır. Biz hamımız çalışmalıyıq ki, ölkəmizin bu növdə əldə etdiyi nüfuzu yenidən qaytarmağa nail olaq. İnanırıq gələcəkdə bir daha belə problemlə üzləşməyəcəyik.
- Veteran ağırlıqqaldıranlarımızı yaxın zamanlarda hansı yarışlar gözləyir?
- Bizim ən mühüm yarışımız dünya çempionatıdır. Növbəti çempionata Danimarka ev sahibliyi edəcək. Təəssüf ki, ölkəmizin veteranlardan ibarət yığma komandası bu mühüm tədbirə qatılmayacaq.
Hürrü Abdullayev