Yunan-Roma güləşçilərimizin Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatında parlaq qələbələri beynəlxalq aləmə, eləcə də ölkəmizə böyük səs salıb. KİV-lər bu yarış barəsində geniş məlumatlar verirlər. Hər zaman idman hadisələrinə opreativ yanaşan "Olimpiya dünyası” qəzeti də bu yarışa geniş yer ayırıb. Bu dəfə çempionat haqqında mütəxəssis rəyi ilə tanış olmaq üçün Olimpiya dərəcəli hakim Hicran Şərifovla redaksiyamızda görüşüb, onun fikirlərini öyrəndik.
- Hicran müəllim, bildiyiniz kimi, bugünlərdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında keçirilən dünya çempionatında pəhləvanlarımız komanda hesabında birinci oldular. Bir mütəxəssis kimi yunan-Roma güləşçilərimizin çıxışlarını necə qiymətləndirərdiniz?
- Gənclər arasında keçirilən dünya çempionatında idmançılarımız böyük uğur qazandılar. İki gün davam edən çempionatda yunan-Roma güləşçilərimiz uğurla çıxış etdilər. Bu növ üzrə çıxış edən millimiz dünya çempionatında 59 xal toplayaraq, birinci yerə layiq görüldü. Onu da deyim ki, çempionat 8 çəki dərəcəsində keçirilirdi. 6 çəki dərəcəsində idmançılarımız final mərhələsinə qədər ucala irəlilədilər. Onlardan 5-i qızıl medala yiyələndi. Ruhin Mikayılov isə ikinci yerlə kifayətləndi. Lakin o, birinci yer üçün əlindən gələni etdi. O, döyüşlərinin birində erməni güləşçidən üstün oldu. Bu qələbə hər birimizi sevindirdi.
İnanıram ki, idmançılarımız bundan sonra da bayrağımız , vətənimiz uğrunda mübarizə aparacaq, himnimizi ən mötəbər yarışlarda səsləndirəcəklər. Yarışda iştirak edən hər bir idmançımızın parlaq gələcəyi var. Yeniyetmə güləşçilər arasında olduqca perspektivli idmançılarımız yetişib. Onlar da bir neçə il sonra böyüklər arasında uğurla çıxış edəcək, idmansevərləri sevindirəcəklər. Bütün çəki dərəcələrində yaxşı güləşçilərimiz var. Azərbaycan idmançıları dünyaya səs salırlar. Onlar bütün rəqiblərindən öz bacarıqları ilə seçilirlər. Pəhləvanlarımız 5 qızıl və 1 gümüş medala sahib olmaqla bir daha sübut etdilər ki, Azərbaycanda güləş yüksək səviyyədə inkişaf edib.
- Pəhləvanlarımızın əsas rəqibləri arasında erməni idmançılar da var idi...
- Ermənistanlı güləşçilərə qalib gələn (4 çəki dərəcəsində) idmançılarımız bu qələbələri ilə bizi ikiqat sevindirdilər. Onlar sübut etdilər ki, Azərbaycan oğulları hər şeyə qadirdirlər. Bu sevinci torpaqlarımız uğrunda gedən mübarizəyə də aid etmək olar. Əgər Azərbaycan oğulları beynəlxalq idman arenasında bədxah qonşularımızın xalqın idmançısına qalib gəlirlərsə, deməli, cəbhədə də onlara qalib gələcəklər. Güləşçimiz İbrahim Nurullayev (50 kq), Ruhin Mikayılov (66 kq), İslam Abbasov (84 kq), Elman Muxtarov (60 kq) erməni güləşçilərə qalib gəldilər. Bütün dünyanın güləş azarkeşlər bu mübarizəni televiziya və internet vasitəsilə izlədilər. Onlar bir daha azərbaycanlıların gücünə, qüdrətinə şahid oldular.
- Qələbə qazanan idmançılar arasında yetirməniz Elman Muxtarov da var.
- Yetirməm Elman Muxtarovun erməni güləşçiyə qalib gəlməsi məni çox sevindirdi. Bu idmançı yeniyetmə və gənclər arasında keçirilən dünya və Avropa birinciliyində dəfələrlə qalib adını qazanıb. Gənc olmasına baxmayaraq Elman olduqca təcrübəlidir. O, özündən yaşça böyük olan idmançılara da qalib gəlməyi bacarır. Bu il böyüklər arasında Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatında da güləşçilərimiz öz bacarıqları ilə fərqləndilər. Onu da deyim ki, qazanılan qələbədə məşqçi-müəllimlərin böyük zəhməti var. Bu zəhməti danmaq olmaz. Bəzən idmançılarımızda yarışdan qabaq arxayınlıq hissi olur. Bu, idmançının ziyanına olan haldır. Elman isə bu yarışda olduqca ehtiyatla, peşəkarcasına mübarizə apardı. İdmançı qarşısındakı rəqibinin zəif olduğunu düşünsə, bu, onun məğlub olmasına gətirib çıxarar. Elmanın rəqibi olan erməni güləşçi heç də zəif idmançı deyildi. Final mərhələsinə qədər gələ bilən idmançılar, əlbəttə, güclüdürlər. Mən Elmanı uşaqlıqdan tanıyıram. O, olduqca əzmli, güclü və qayda-qanuna riayət edən idmançıdır. Final döyüşündə ayağını döşəkdən kənara qoyması idmançımızın 1 xal itirməsinə səbəb oldu. Əlbəttə, mübarizədə belə hallar normal hesab olunur. Lakin idmançımız itirdiyi 1 xalı 2 xal qazanmaqla əvəz etdi. Qələbə əzmi onun rəqibinə üstün gəlməsinə səbəb oldu. O, qələbə sevincini birinci mənimlə bölüşdü. Yetirməmin qalib olması məni çox sevindirdi. Düzdür, bütün idmançılarımızın qalib olmasına sevinirəm. Lakin tələbəmin qələbə qazanmasına ikiqat sevindim.
- Yarışqabağı tələbələrinizə hansı məsləhətləri verirsiniz?
- Yarışqabağı idmançılara diqqətli olmağı məsləhət görürəm. Psixoloji cəhətdən onlara müsbət təsir etməyə çalışıram. Yarışdan qabaq Elmanla danışmışdım. Ona bu yarışdan mütləq qalib qayıtmağı tapşırmışdım. Biz son günlər atəşkəsin pozulması nəticəsində 10-dan artıq şəhid verdik. Bu hadisəni Elmanın yadına salırdım. Deyirdim ki, siz erməni idmançılara mütləq qalib gəlməlisiniz. İnanırdım ki, yetirməm məni sevindirəcək. Belə də oldu. Təkcə mən yox, bütün idman ictimaiyyəti, xalqımız idmançılarımızın qazandıqları qələbəyə sevindilər. İdmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar bütün xalqımızın qələbəsidir. Onlar yarışlarda Azərbaycanın himnini səsləndirir, bayrağımızı zirvəyə qaldırırlar. Bu həyəcanı sözlə ifadə etmək olduqca çətindir. Bu, bütün xalqımızın qələbəsidir.
Jalə Rzabəyli,
Anar Əhmədov