«Sevincimi sözlərlə ifadə edə bilmirəm»

«Sevincimi sözlərlə ifadə edə bilmirəm»



Məlum olduğu kimi, taekvondoçumuz Səid Quliyev Nankində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Bu qələbəni Azərbaycan taekvondosunda son illərin ən möhtəşəm uğuru kimi qiymətləndirmək olar.
2012-ci iln sonunda federasiyanın məşqçilər korpusunda aparılan kadr dəyişikliyi bu sahənin daha da canlanmasına, uğurların artmasına, bu növdə kütləviliyin təmin olunmasına gətirib çıxardı.
2013-cü ili Azərbaycan taekvondosu üçün uğurlu illərdən idi. Məhz bu ildə taekvondoçularımız müxtəlif yaş qrupu üzrə keçirilən rəsmi yarışlardan vətənə möhtəşəm uğurla döndülər. Məqsədyönlü fəaliyyətin, görülən ciddi işlərin nəticəsidir ki, həmin ildə taekvondoçularımız iştirak etdikləri təkcə Avropa və dünya çempionatı deyil, eləcə də qitə birinciliklərində də ən yüksək nailiyyətlərə imza atdılar. Nankində əldə olunan möhtəşəm uğur isə Azərbaycan taekvondosunda işlərin səmərəli şəkildə görüldüyünü bir daha təsdiqlədi.
Bugünlərdə taekvondo üzrə qadınlardan ibarət yığmanın baş məşqçisi, kişilərdən ibarət yığmanın böyük məşqçisi Gunduz Abdullayevlə görüşərək taekvondoçumuz Səid Quliyevin Nankində əldə etdiyi möhtəşəm qələbə, idmançımızın çıxışları, indiyədək qazandığı nailiyyətlər, Azərbaycan taekvondosunun gələcək perspektivi barədə söhbət etdik.

- Gündüz müəllim, əvvəlcə oxucularımıza bugünlərdə Nankində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında qızıl medal qazanmış taekvondoçumuz Səid Quliyev barədə ətraflı məlumat verməyinizi xahiş edirik.
- Səid Quliyev artıq bir neçə ildir ki, taekvondo idman növü ilə məşğul olur. O hazırda «Neftçi İdman Klubu» İB-nın yetirməsidir. Biz hələ bir neçə il bundan əvvəl məşqçilər heyəti ilə birgə Səidin istedadlı bir idmançı olduğunu aşkar etmişdik. O, ilk yarışlarda çətinlik çəksə də, sonrakı yarışlarda özünü doğrultdu. Səid iki dəfə ardıcıl olaraq Azərbaycan çempionu adını qazanıb. Milli komandanın tərkibinə daxil edildikdən sonra beynəlxalq səviyyəli yarışlarda qüvvəsini sınamağa başladı. Bir neçə beynəlxalq turnirdə iştirak etdikdən sonra, o daha böyük uğurlar qazanmağa başladı. Artıq beynəlxalq səviyyəli yarışlarda qızıl və gümüş medallar əldə edirdi. Sonuncu dəfə Çində gənclər arasında keçirilən dünya çempionatında Səid özünü bir daha təsdiqlədi. Dünya çempionatında finaladək bütün rəqiblərini üstələyən idmançımız həlledici qarşılaşmada görüşün taleyini «qızıl xalla» həll etməli oldu. «Qızıl xal» uğrunda mübarizədə isə Səidin bəxti gətirmədi. Bununla belə məşqçilər korpusu ümidləri qırmadı və taekvondoçumuzun üzərində daha da səylə çalışmağa başladı. Şükürlər olsun ki, Səid etimadımızı doğrultdu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında çempion tituluna yiyələndi.


- Yeniyetmələrin II Olimpiya Oyunlarında Səidin çxışlarını izlədinizmi?
- Onun Kolumbiyadan olan ilk rəqibi yüksək texnikaya malik idi. Buna baxmayaraq, Səid qələbə qazanmaqda çətinlik çəkmədi. Taekvondoçumuzun güclü rəqibləri arasında iranlı idmançını xüsusi qeyd etmək istərdim. Bu idmançı finaladək irəliləmək gücünə malik idi. Amma Səid rəqibinə imkan vermədi. Misirli idmançı da Səid üçün tanış rəqiblərdən idi. Səid həmin taekvondoçu ilə dünya çempionatında qarşılaşmışdı. Müşahidələrimə əsasən deyə bilərəm ki, misirli idmançı məhz Səidə qarşı hazırlaşmışdı. Müəyyən taktiki gedişlərdə dəyişiklik etmişdi ki, bu, onun çıxışı zamanı açıq-aşkar hiss olunurdu. Məşqçi Məmməd Abdullayevin düzgün taktiki gedişlərlə bağlı məsləhətləri sayəsində Səid rəqibinə 7:1 hesabı ilə qalib gəldi. Xatırladım ki, dünya çempionatında Səidin misirli idmançı ilə görüşü çox gərgin keçmişdi.


- Uzun illər taekvondoçumuzun hazırlığını, döyüşlərini, psixoloji durumunu izləmiş bir məşqçi kimi, necə 
düşünürsünüz, sizcə, Səidə Olimpiya çempionu titulunu qazanmaqda nə kömək etdi?
- Bildiyiniz kimi, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev mənim kiçik qardaşımdır. Biz idmançıların hazırlığı zamanı ilk növbədə komandanın vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqət yetiririk. İdmançılara daim Vətənə, bayrağa, dövlətə sevgi hissləri aşılayırıq. Məncə, Səid Quliyevin Nankində uğurlu çıxışına Azərbaycan bayrağını yüksəklərə qaldırmaq, himnimizi səsləndirmək, dövlətimizi layiqincə təmsil etmək istəyi kömək oldu. Əlbəttə ki, qeyd edim ki, valideynlərinin, məşqçilərinin əziyyətini yerdə qoymamaq üçün də Səid bütün gücü ilə qızıl medal qazanmağa çalışırdı.

- Azərbaycan komandasının yarışqabağı məşq üsulu digər ölkələrin məşq prosesindən nə ilə fərqlənirdi?
- Müəyyən ölkələrin idmançıları yüksək texnikaya üstünlük verdiyi halda, biz idmançıların taktiki gedişlərinə diqqət yetirdik. Məşqlərdə əsasən rəqib idmançıların döyüş üslublarını yaxından öyrəndik və onları təhlil etdik. İdmançılarımıza elə məşqlər keçirdik ki, onlar yarış zamanı inamlı olsunlar. Belə olan halda taekvondoçularımız döyüşə çıxarkən elə hiss yaranırdı ki, sanki rəqibləri ilə dəfələrlə üz-üzə gəliblər.

- Səid Quliyevlə əlaqə saxlamısınız?
- Döyüş başa çatandan 3 dəqiqə sonra Məmməd mənə zəng elədi. O məni, mən də onu təbrik etdim. Qələbə sevincimi sözlərlə ifadə edə bilmirəm. Yarışlar zamanı yalnız onları düşünürdük, ürəyimiz taekvondo heyəti ilə bir döyünürdü. Bildiyiniz kimi, 2012-ci ilin sonunda Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən federasiya daxilində bir sıra dəyişikliklər edilmişdi. Yeni məşqçilər heyətinin özünü təsdiqləməsi üçün belə bir uğurun əldə olunması çox vacib idi. Son iki ildə Azərbaycan Taekvondo Federasiyasının məşqçilər heyəti gərgin əmək sərf etdi. Sevindirici haldır ki, əziyyətimiz hədər getmədi. Ən böyük arzumuz Olimpiya oyunlarında taekvondo üzrə medalın əldə olunması idi. İlk medal Nankində qazanıldı. 1 qızıl, 1 gümüş medal. Bu yüksək nəticədir. Bu uğur bizə gələcək ümidlər vəd etdi. Əldə olunan nəticə işimizin düzgün istiqamətdə həyata keçirildiyini bizə bir daha göstərdi. Əlbəttə ki, bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Digər idman növlərində olduğu kimi, Azərbaycanda taekvondoya xüsusi qayğı ilə yanaşılır. Fürsətdən istifadə edib Azərbaycan Taekvondo Federasiyasının Prezidenti Kəmaləddin Heydərova taekvondoçularımızın yarışlarda, təlim-məşqlərdə iştirakı üçün yaratdığı şəraitə və bizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyinin rəhbərliyi bizə yaxından kömək oldu. Sözsüz ki, məşqçilərimizin də əziyyətini unutmaq olmaz. Əldə olunan nailiyyətdə zəhməti olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm.

- Gündüz müəllim, bu uğur yəqin ki, bir daha onu təsdiqlədi ki, ölkəmizdə Olimpiya çempionu yetişdirə biləcək istedadlı, yerli məşqçilərimiz var.
- Əlbəttə ki, sevindirici haldır ki, yerli məşqçilərimizin və yerli idmançımızın uğuru sayəsində Olimpiya oyunlarında Azərbaycanın himni səsləndirildi. Bundan gözəl heç nə nə ola bilməz. Səidin Nankindəki çıxışlarını dəfələrlə izləmişəm. İnanın ki, qələbə anından doymaq olmur. Həmin görüntüləri izlədikcə daxilim qürur hissi keçirirəm. Sevinirəm ki, yerli məşqçilərimizin zəhməti öz bəhrəsini verməkdədir.

- Nankində komandamızın aktivinə daha bir gümüş medalı yazdıran Ceren Özbəkin (44 kq) çıxışını necə qiymətləndirirsiniz?
- Cerenin qızıl medal uğrunda mübarizədə rəqibi tailandlı idmançı oldu. Etiraf edim ki, biz əvvəlcədən Cerenin, ən azı, bürünc medal qazanacağını proqnozlaşdırırdıq. Amma taekvondoçumuz bizim ümidlərimizi maksimal dərəcədə doğruldaraq gümüş medal əldə etdi.

- Gündüz müəllim, ümumiyyətlə, Olimpiada ərəfəsində proqnozlarınız necə idi?
- Yığmamızın üzvləri Səid Quliyev və Safiye Poladdan qızıl medal gözləyirdik. Təəssüf hissi ilə qeyd edim ki, 49 kq çəki dərəcəsində çıxış edən Safiye döyüşün sonuna 17 saniyə qalmış məğlub oldu. Ona qalib gələn Çin Taypeyi təmsilçisi sonrakı rəqiblərini asanlıqla məğlub edərək çempion oldu. Safiye bir qədər dözümlülük nümayiş etdirsəydi, o da çempion ola bilərdi.

- Qeyd etdiniz ki, Nankində əldə olunan uğur Yay Olimpiya Oyunlarında qızıl medalın qazanılmasına bir təkan verə bilər. Sizcə bizi taekvondo üzrə Olimpiya qızılından nə qədər məsafə ayırır?
- Əlbəttə, böyüklər arasında da taekvondoçularımızdan Olimpiya çempionluğu gözləyirik. Nankində əldə olunan qələbə 2015-ci ildə ölkəmizdə təşkil olunacaq Avropa Oyunları, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında da uğura iddialı olduğumuzdan xəbər verir.

Aysel Sultanova