Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunları davam edir. Yarışda iştirak edən idmançılarımız çıxışlarını uğurla davam etdirirlər. Olimpiada çərçivəsində keçirilən boks yarışında təmsilçimiz Rüfət Hüseynov (49 kq) artıq qızıl medalın bir addımlığındadır. 1/4 final mərhələsində hindistanlı Kumar Şyam Kakaraya 2:1 hesabı ilə qalib gələn idmançımız yarımfinalda qazaxıstanlı Şalkar Ayxınbayıdan (2:1) üstün olaraq finala vəsiqə əldə edib. Avqustun 27-də keçiriləcək final qarşılaşmasında Rüfət Hüseynov özbəkistanlı Süleymon Latipovla qarşılaşacaq.
Qeyd edək ki, boksçumuz yeniyetmələrin II Yay Olimpiya Oyunlarında əyarından asılı olmayaraq yığmamıza daha bir medal qazandırıb.
Boks yarışlarında iştirak edən digər təmsilçimiz Məsud Yusifzadə (52kq) isə ilk görüşdə böyük britaniyalı Məhəmməd Əliyə məğlub olaraq medallar uğrunda mübarizəni dayandırıb.
Məlumat üçün bildirək ki, Azərbaycan idmançıları bu günə qədər Nankin olimpiadasında 1 qızıl və 4 gümüş medal qazanıblar.