Çinin Nankin şəhəri bir neçə gün sonra Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Avqustun 16-28-dək keçiriləcək olimpiadada dünyanın ən güclü yeniyetmələri yarışacaqlar. Nankində dünyanın 170 ölkəsindən 3500 yeniyetmə qüvvəsini sınayacaq. Məlumat üçün bildirək ki, ölkəmizi bu yarışda 9 idman növündə 21 idmançı təmsil edəcək.
Yeniyetmə olimpiyaçımız Ürfan Axundov atıçılıq (pnevmatik tapança) üzrə keçirilən yarışda Azərbaycanı təmsil edən yeğanə idmançıdır.Yeniyetmələr arasında keçirilən beynəlxalq yarışlarda, Avropa çempionatında uğurlu nəticələr əldə edən atıcımız Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına "wild card”la iştirak hüququ əldə edib.
Ürfan Axundov və onun təcrübəli məşqçi-müəllimi Olqa Stepanova ilə Bədən Tərbiyəsi və İdman Akademiyasının atıcılıq tirində görüşüb söhbət etdik.
Qeyd edək ki, olimpiya yığmamız avqustun 12-si Nankinə yola düşüb. Təqdim etdiyimiz müsahibə ayın 9-da alınıb.
- Olqa xanım, yetirməniz Ürfan Axundov ölkəmizi Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında təmsil edəcək. Ürfanın hazırlığı barədə nə deyə bilərsiniz?
- Yeniyetmə atıcımızın ölkəmizi belə bir yarışda təmsil etməsi olduqca sevindirici haldır. O, 4 ildir atıcılıqla məşğul olur və məşqlərə olduqca məsuliyyətlə yanaşır. Ürfanın fiziki hazırlığı qənaətbəxşdir. Ümid edirəm ki, o, bu mötəbər yarışda uğur qazanacaq. Bunun nəticəsidir ki, idmançımız Fransada gənclər arasında keçirilən atıcılıq yarışında bürünc medal qazanıb. Gürcüstanda olan yarışda isə I yerin sahibi olub. Bütün bu nailiyyətləri gənc atıcımız gərgin əməyi, zəhməti sayəsində əldə edib . Onu da deyim ki, Ürfan Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsidir. Ötən il o, həm ali məktəbə daxil olmaq üçün qəbul imtahanlarına hazırlaşır, həm də məşq edirdi. Bu baxımdan, onun beynəlxalq yarışlarda uğur qazanması olduqça çətin idi. Lakin Ürfan bu çətinliklərə baxmayaraq, məşqlərini davam etdirdi, əzmlə çalışaraq uğurlar qazandı.
- Atıcılıq olduqca maraqlı idman növüdür. Bu idman növündə uğur qazanmaq üçün dəqiqlik, təcrübə və sərrastlıq tələb olunur. Belə xüsusiyyətləri qazanmaqda keçirilən məşqlərin əhəmiyyəti böyükdür...
- Bəli, məşqlərimiz həm maraqlı keçir, həm də məsuliyyət tələb edir. Məşq zamanı atıçılar eyni yerdə tərpənmədən dayanır və bütün diqqəti bir yerə toplayıb atəş açırlar. Tərpənmədən dayanmaq, bir neçə saat eyni vəziyyətdə qalmaq o qədər də asan deyil. Bu, ilk növbədə idmançıdan səbr, dözüm tələb edir. Bu baxımdan, atıcılar fiziki cəhətdən güclü və gümrah olmalıdırlar.
- Olimpiya oyunlarının başlamasına az vaxt qalıb. Yəqin ki, məsuliyyətin artdığı kimi, məşqlərin vaxtı da çoxalıb.
- Doğrudur, yarışın başlamasına bir neçə gün qalıb. Buna görə də hər gün 3-4 saat məşq edirik. Məşqlərə məsuliyyətlə yanaşan idmançının , əlbəttə, uğur qazanmaq imkanı daha çox olur. Ürfan məşqlərə olduqca məsuliyyətlə yanaşır. Verilən tapşırığı həvəslə yerinə yetirir. Hədəfi nişan almaq, sərrast atmaq idmançıdan böyük təcrübə tələb edir. Bu təcrübə isə davamlı məşqlərin sayəsində qazanılır. Onu da deyim ki, bu proses atıcılıq zalında quraşdırılan kompyuterin yaddaşına yazılır. İdmançı hədəfi necə vurduğunu kompyuter vasitəsi ilə izləyə bilir. Yəni atıcılar nişan alarkən hansı səhvləri etdiklərini görür və bundan nəticə çıxarırlar. Bu qurğu atıcılar üçün olduqca əhəmiyyətlidir.
- Qələbələrin əldə olunmasında psixoloji amillər də böyük rol oynayır.
- Doğrudur, uğur qazanmaq üçün psixoloji problemlərdən, gərginlikdən uzaq olmaq lazımdır. İdmançı uğur qazanacağına özünü inandırmalıdır. Ürfan da qələbə əzmi ilə yaşayır və bu mötəbər yarışdan qələbə ilə qayıtmağı arzu edir. O, psixoloji cəhətdən də tam hazırdır.
- Yaxşı olar ki, yeniyetmə olimpiyaçımız da bizi maraqlandıran suallara cavab versin. Ürfan, neçə oldu ki, atıcılıq idman növünə maraq göstərdin?
- Mənim uşaqlıqdan atıcılığa marağım var idi. Bu idman növü məni özünə cəlb edirdi. Televiziya vasitəsilə Olimpiya oyunlarını izləyirdim. Bu oyunlarda ən çox atıcılıq idman növü xoşuma gəlirdi. Qərara aldım ki, mən də atıcılıqla məşğul olum və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edim. Bu həvəs məni Bədən Tərbiyəsi və İdman Akademiyasının atıcılıq tirinə gətirdi. Artıq 4 ildir ki, bu növlə məşğul oluram. Pnevmatik tapançadan atəş açmaq olduqca maraqlıdır.
- Ailənizdə istəyinə qarşı çıxmadılar ki?
- Ailəmizdə atıcılıqla məşğul olmağıma qarşı çıxan olmadı. Ən böyük dəstəyi isə atam göstərdi. O, məni Bədən Tərbiyəsi və İdman Akademiyasının atıcılıq tirinə gətirdi. O gündən məşqlərə başladım. Bu idmana olan böyük həvəsim beynəlxalq yarışlarda uğur qazanmağıma şərait yaratdı. Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə aparacağam. Bu yarışda iştirak edəcəyim üçün böyük qürur hissi keçirirəm. İstəyirəm ki, vətənimizi layiqincə təmsil edim.
- Uğur qazanmaq üçün idmançıda hansı xüsusiyyətlər olmalıdır?
- Uğur qazanmaq üçün, ilk növbədə, idmançıda sağlam ruh və əzm olmalıdır. Atıcılıq idmanı isə idmançıdan daha çox səbr, inam, dəqiqilik tələb edir. Bunula bərabər, idmançıya psixoloji cəhətdən düzgün yanaşmaq lazımdır. Zənnimcə, güclü psixologiyaya sahib olanlar bütün sahələrdə yüksələ bilirlər. Eyni zamanda, yarışqabağı əlavə gərginlikdən uzaq olmaq lazımdır. Yuxusuzluq, əsəb gərginliyi sərrast nişan almağa mane olan amillərdəndir.
- Ürfan, səni çox məsuliyyətli yarış, ciddi sınaq gözləyir. Hansı hissləri heçirirsən?
- Olimpiadada çıxış etmək arzum idi. Beynəlxalq yarışlarda, Olimpiya oyunlarında iştirak etmək, əslində, hər bir idmançının istəyidir. Böyük sevinc və qürur hissi keçirirəm. Olimpiadadan qalib kimi qayıtmaq isə ən böyük arzumdur. Bu arzumun həqiqətə çevrilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Olimpiya oyunlarında "wild card”la iştirak hüququ qazanmışam. Bu hüququ Beynəlxalq Atıcılıq Federasiyası verib. Onu da deyim ki, pnevmatik tapança ilə atəş açmaqla bərabər, Nankində "Miks 50” adlanan maraqlı atıcılıq növündə də gücümü sınayacağam. Ümid edirəm ki, hər iki növdə uğurlu nəticə əldə edəcəyəm.
- İdmançıların qazandıqları nailiyyətlərdə məşqçi-müəllimlərin rolu olduqca böyükdür...
- Qazandığım uğurlara görə məşqçi-müəllimim Olqa Stepanovaya minnətdaram. Müəllimim mənə atıclığın sirlərini öyrədir, psixoloji cəhətdən hər zaman dayaq olur. Məşqlərimiz olduqca rahat, yüksək ruhla keçirilir. Olqa xanım olduqca səmimi və qayğıkeş insandır. Çalışıram ki, təcrübəli məşqçimin faydalı məsləhətlərindən yararlanım.
Jalə Rzabəyli