Dəqiqlik, diqqət, peşəkarlıq tələb edən atıcılıq idman növü çətin olduğu qədər də maraqlıdır. Təbiidir ki, hər bir peşə ona məsuliyyət və məhəbbətlə yanaşanları ucaldır. Bu zirvəni fəth etmək üçün isə insandan böyük zəhmət, peşəkarlıq tələb olunur. Peşəkar idmançıların, eləcə də atıcılaırn yetişməsində idman ocaqlarının, klubların rolu böyükdür.
Qəbələdə yerləşən "Qəbələ” atıcılıq klubu rayonun Bum qəsəbəsində, təbiətin qoynunda inşa olunub. Atıcılıq kompleksi "Qəbələ” idman klubunun müasir tələblərə cavab verən qurğusudur. Xüsusi memarlıq üslubunda tikilən klubun inzibati binasında qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal fəaliyyət göstərir. Kompleksdə qeyri-olimpiya növü sayılan sportinqə aid 8 meydança var. Bundan başqa, Olimpiya növü olan stend atıcılığının səngər, qoşa səngər və dairəvi növü üzrə 5 meydança hazırlanıb. Güllə atıcılığı növündə isə pnevmatik tapança (10 metr məsafə), kiçikçaplı tapança (25 metr məsafə) və kiçikçaplı tüfəngdən (50 metr məsafə) atəş və final tirləri quraşdırılıb. Kamandan oxatanlar da bu atıcılıq kompleksinin xidmətindən yararlanırlar. Burada uzunluğu 145, eni 99 metr olan kamandan oxatma meydançası salınıb. Kompleksdə həmçinin idman-ovçuluq ləvazimatı mağazası, göz oxşayan restoran və idmançıların istirahəti üçün 350 nəfərlik mərkəz fəaliyyət göstərir. Əsas məqsəd Qəbələ və ətraf rayonlardakı yeniyetmə və gəncləri atıcılıq növünə cəlb etmək, bölgədə bu idman növünün təbliğini həyata keçirmək , həmçinin, milli komandaya ehtiyat idmançılar yetişdirməkdir. "Qəbələ” atıcılıq klubunda uşaq və yeniyetmələr üçün tədris mərkəzi yaradılıb. Yeniyetmə idmançılar bu mərkəzdə atıcılığın sirlərinə yiyələnir, milli komandanın üzvləri arasında yer almağa səy göstərirlər.
Klubda avqustun 16-dan 21-dək ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş atıcılıq üzrə beynəlxalq yarış keçirildi. Avqustun 15-də yarışın rəsmi açılış mərasimi oldu. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, "Qəbələ” idman klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danışdılar.
"Qəbələ” idman klubunun vitse-prezidenti, idman ustası, stend atıcılığı üzrə beynəlxalq yarışların mükafatçısı Elvin İsmayılovla görüşüb "Qran-pri” turniri və klubun umumi fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik.
- Elvin müəllim, bir neçə gün bundan əvvəl Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş atıcılığın Olimpiya növləri üzrə beynəlxalq "Qran-pri” yarışı keçirildi. Ölkəmizdə ilk dəfə təşkil olunan turnirlə bağlı fikirlərinizi bilmək istərdik. - Avqustun 16-dan 21-dək "Qəbələ” atıcılıq klubunda təşkil olunan ümummlilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq "Qran-pri” turniri yüksək səviyyədə keçdi. Ümummilli liderimizin adını daşıyan belə bir yarışın klubumuzda keçirilməsi bizim üçün böyük fəxrdir. Yarış stend atıclığının səngər və dairəvi növləri üzrə gənclər, qadınlar və böyüklər arasında təşkil olunmuşdu. Komandamız ümumilikdə 3 medal qazandı. Onu da deyim ki, federasiyamız tərəfindən turnirin keçirilməsi ilə bağlı Beynəlxalq Atıcılıq Federasiyasına müraciət olunmuşdu. Klubumuza həvalə olunan turnirlə bağlı bir ilə yaxın hazırlıq işləri aparıldı. Beynəlxalq Atıcılıq Federasiyasının rəsmi saytında yarışla bağlı məlumat dərc olunmuşdu. Bu baxımdan, əcnəbi atıcılar klubumuz barədə geniş məlumata mailk idilər. Klubun infrastrukturu, buranın gözəl təbiəti, yaradılan şərait, idmançıları yarışa cəlb edən cəhətlər idi. Avadanlıqların müasir standartlara cavab verməsi onu deməyə əsas verir ki, "Qəbələ” atıcılıq klubu dünya standartlarına uyğun qurulub və burada beynəlxalq yarışıların keçirilməsi üçün hər bir şəraitr mövcüddur. Bütün bu xüsusiyyətlərinə görə idmançılar, eləcə də diğər dövlətlərin atıcılıq federasiyaları "Qran-pri”də iştirak etməyə maraq göstərirdilər. Klubumuz barədə ətraflı məlumatın yayılması yarışda iştirak üçün müraciət edən ölkələrin sayının çox olamasına zəmin yaratdı. Məlumat üçün bildirim ki, yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Atıcılıq Federasiyasının və "Qəbələ” idman klubunun dəstəyi ilə keçirildi.
- Belə bir yarışın ölkəmizdə keçirilməsi olduqca sevindirici haldır...
- Bu, hamımızın sevincidir. Olimpiya proqramına daxil edilən stend atıclığının səngər və dairəvi növləri üzrə ilk beynəlxalq yarışın "Qəbələ” atıcılıq klubu tərəfindən həyata keçiriməsi hər birimiz üçün əlamətdar hadisə idi. Bu yarış həm də ona görə ələmatdardır ki, Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. Onu da deyim ki, dahi şəxsiyyətin adını daşıyan "Qran-pri” yarışlarının bundan sonra ənənəvi hal alması nəzərdə tutulub. Bu, bizim üçün böyük fəxrdir.
- Yarışda neçə ölkənin nümayəndəsi iştirak edirdi?
- Dünyanın 14 ölkəsindən (Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan) 130-dan çox idmançı turnirdə gücünü sınayırdı. Qazaxıstan yarışa 39 idmançı ilə qatılmışdı. Onların çoxu gənclər idi. Qətər Respublikasından isə turnirə 37 atıcı gəlmişdi. Ölkəmizi isə 30-a yaxın idmançı təmsil edirdi. Olimpiya çempionumuz Zemfira Meftahətdinova, SSRİ çempionu Xanhüseyn Bağırov, ölkə çempionları, eləcə də beynəlxalq turnirlərin qalibi olan idmançılarımız "Qran-pri”də mübarizə apardılar. "Qəbələ” idman klubunu bu yarışda 7 idmançı - Emin Cəfərov, Nurlana Cəfərova, Paşa Əhədpur, Xanhüseyn Bağırov, Alina Rüstəmova, Elçin Babayev və mən təmsil edirdik.
- Komandamızın çıxışını necə qiymətləndirmək olar?
- Komandamızın çıxışını normal qiymətləndirirəm. Yığmamız burada 3 medal qazandı. Gənclər arasında dairəvi stend üzrə keçirilən yarışda Azərbaycan təmsilçisi Niyaz Ağazadə və Əlimirzə Quliyev bürünc medal əldə etdilər. Atıcımız Əli Hüseynli isə yarışın gümüş medalına sahib oldu. Mən finala qədər yaxşı mübarizə apardım. Topladığım 11 xal ilə 3-cü yerə namizədlər arasında idim. Lakin bir necə idmançı da eyni xalı topladığından təkrar atış həyata keçirildi və xal hesabına görə 5-ci yerdə qərarlaşdım. Qazandığım nəticə ilə ölkə rekordunu təzələdim. Yığmamızın üzvlərindən Alina Rəfixanova 7-ci, Nurlanə Cəfərova və Xanhüseyn Bağırov 8-ci yeri tutdular. Olimpiya çempionumuz Zemfira Meftahətdinova 9-cu, Emin Cəfərov isə 10-cu sırada yer aldı.
- Yaxşı atıcı olmaq üçün hansı xüsusiyyətlər tələb olunur?
- Yaxşı atıcı fiziki və psixoloji cəhətdən güclü olmalıdır. Fiziki cəhətdən güclü olmaq ona görə vacibdir ki, yarış boyu eyni güclə mübarizə apara biləsən. Psixoloji cəhətdən güclü olmaq həyatın hər anında insanın köməyinə gəlir, idmançının yarışda uğur qazanmasında isə əsas rol oynayır. Onu da deyim ki, düzgün qidalanmağın, normal yuxunun da idmançının özünü yaxşı hiss etməsində mütəsna rolu var. Bütün bunlar bir-biri ilə vəhdət təşkil etməlidir. Atıcılıq idmançıdan dəqiqlik, cəsarət, özünəinam tələb edir. Bu idman növü ilə məşğul olanlar zehni cəhətdən yorğunluq keçirmir, fiziki gərginliyə məruz qalmırlar. Bu baxımdan, atıcılıqla məşğul olanlar özlərini rahat hiss edirlər.
- Qarşıda sizi hansı yarışlar gözləyir?
- Bu ilin oktyabr ayında "Qəbələ” atıcılıq klubunda atıcılığın bütün növləri üzrə Dünya kubokunun final mərhələsi keçiriləcək. Dünyanın mahir atıcıları həmin yarışda bir araya gələcəklər. Bundan başqa, 2015-çi ilin avqust ayında ölkəmizdə mötəbər yarışlardan biri - 34 Olimpiya vəsiqəsi verən Dünya kuboku start götürəcək . Bu yarışda 2500-ə yaxın idmançının iştirak edəcəyi gözlənilir. Belə turnirlərin keçirilməsi atıcılığa olan marağın artmasına, bu idman növü ilə məşğul olanların sayının çoxalmasına gətirib çıxaracaq.
- Yeri gəlmişkən, gənclərin atıcılığa cəlb olunması üçün klubda hansı işlər görülür ?
- "Qəbələ” atıcılıq klubunun nəzdində atıcılıq məktəbi fəaliyyət göstərir. 13-17 yaşlı atıcıların yetişməsinə xidmət edən məktəbin fəaliyyətində əsas məqsəd ölkəmizi yerli və beynəlxalq yarışlarda layiqincə təmsil edəcək təcrübəli idmançıların yetişməsidir. Belə bir idman ocağının fəaliyyəti həm də milli komandamıza ehtiyat atıcıların hazlırlanmasına şərait yaradır. Hazırda məktəbdə 37 tələbə atıcılığın sirlərinə yiyələnir. Onu da deyim ki, gənclərin idmana, əsasən, atıcılığa cəlb olunması olduqca vaciddir. Oğlan uşaqlarının atıcılığın sirlərinə yiyənməsi daha zəruridir. Çünki onlar gələcəyin əsgərləridir. Ölkəmiz müharibə şəraitində yaşayır. Hər birimiz silahla davranmağı bacarmalı, özünümüdafiəni öyrənməliyik. Çalışırıq ki, orta məktəblərdə atıcılıq təbliğ olunsun. Telekanalların və mətbuat orqanlarının da bu işdə rolu böyükdür. Onu da deyim ki, indiki gənc nəslin idmana olduqca böyük marağı var. İdmanın bütün növlərində yeniyetmələr, gənclər uğurlar qazanır, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Yeri gəlmişkən deyim ki, hazırda Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunları keçirilir. Olimpiadaya qatılan 21 idmançımız arasında Ürfan Axundov atıcılıq növündə ölkəmizi təmsil edir. İdmançılarımız Nankində artıq bir neçə medal əldə ediblər. Bu, Azərbaycanda idmanın yüksək inkişafından xəbər verir. Respublikamız bütün sahələr üzrə inkişaf edir, səsimiz dünya arenalarından gəlir. Azərbaycan tanınmış idman ölkəsinə çevrilib. Beynəlxalq arenalarda qazandığımız nailiyyətlər, ölkəmizdə keçirilən nüfuzlu yarışlar onu deməyə əsas verir ki, biz inkişaf etmiş, güclü ölkələr sırasındayıq.
- Klubda yarışan atıcılar yaradılan şəraitdən olduqca razı qaldıqlarını bildirdilər...
- Qonaqlarımızın və yarış iştirakçılarının rahatlığını təmin etmək klubumuzun ən ümdə vəzifələrindən biridir. Çalışırıq ki, ölkəmizə gələn əcnəbilər vətənimizdən xoş təəssuratlarla ayrılsınlar. Burada çalışanlar işlərinə məsuliyyətlə, sevgi ilə yanaşırlar. Bu, keçirilən yarışlarla bərabər, dostluq, qardaşlıq münasibətlərinə də öz müsbət təsirini göstərir.
"Qran-pri”turnirinin iştirakçıları ilə də söhbət etdik.Yarışın ilk günü fəxri kürsünun ən yüksək pilləsində yer alan rusiyalı idmançı Svetlana Dyomina turnirlə bağlı fikirlərini bildirərkən dedi: "Qəbələ çox gözəl yerdir. Yarışın belə bir məkanda keçirilməsi insana zövq verir. Burada olduqca gözəl vaxt keçirdik. Bu yerlərdə yenidən olmaq, növbəti yarışlarda iştirak etmək arzusundayam. Onu da deyim ki, azərbaycanlılar olduqca qonaqpərvər xalqdır. Bizə elə gəlir ki, öz vətənimizdəyik. Yarış olduqca maraqlı keçdi. Burada özümü çox rahat hiss edirəm. Yüksək səviyyəli təşkilatçılıq məni valet etdi. Göstərilən qayğı isə özümüzü hədsiz rahat hiss etməyimizə səbəb oldu. Bu baxımdan , "Qəbələ” idman klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Olimpiya çempionumuz Zemfira Meftahətdinova isə qeyd etdi ki, belə bir yarışın "Qəbələ” atıcılıq klubunda keçirilməsi klubun daha da tanınmasına, inkişaf etməsinə zəmin yaradacaq. "İdmançılarımızın çıxışını normal dəyərləndirirəm. Nəticə əldə edən atıcılarımızı təbrik edir, onlara yeni uğurlar arzulayıram. İnanıram ki, belə yarışlar atıcılığa olan marağı artıracaq. Onu da deyim ki, "Qəbələ "atıcılıq klubu Qəbələnin səfalı yerində, təbiətin qoynunda yerləşir. Bu isə idmançıların yarış vaxtı gərginlikdən uzaq olmasına, onların dincəlməsinə səbəb olur. Göstərilən diqqət, mədəni qulluq isə buradakı insanların işinə olan sevgisindən, məsuliyyətindən xəbər verir ", - deyə Olimpiya çempionu əlavə etdi.
Jalə Rzabəyli