Boksçularımız Rusiyada 5 medala yiyələniblər

Boksçularımız Rusiyada 5 medala yiyələniblər

Rusiyanın Omsk şəhərində ikiqat Olimpiya, dünya və Avropa çempionu Aleksey Tişenkonun şərəfinə keçirilən beynəlxalq boks turniri başa çatıb.
Yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan boksçuları da qüvvələrini sınayıblar. Boks üzrə yığmamız Omskda 3 qızıl və 2 bürünc medala layiq görülüb. Belə ki, millimizin üzvlərindən Avropa çempionu Salman Əlizadə finalda Rusiya idmançısı Yeprem Qriqoryanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan çempionatının mükafatçısı İbrahim İbrahimov da turniri qızıl medalla başa vurub. Boksçumuz həlledici görüşdə Qırğızıstan idmançısı Kanatbek Abduvahabovu üstələyib. Gənclər arasında dünya birinciliyinin mükafatçısı Pərviz Bağırov da məşqçilərin etimadını doğruldub. Həmyerlimiz finalda rusiyalı Arman Kurmanalinovu məğlub edib. Digər təmsilçilərimizdən Tural Əhmədov və İman Əhmədli turniri bürünc medalla başa vurublar. Komandamızın üzvlərindən yalnız Elvin İsayev yarışı mükafatsız yekunlaşdırıb.