Olimpiya mükafatçısının rəqibləri məlumdur

Olimpiya mükafatçısının rəqibləri məlumdur


AİBA "Pro Boxing” (APB) yarışında, nəhayət ki, super-ağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların adlarına aydınlıq gəlib. Dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır. Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu rusiyalı Məhəmməd Omarov, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı almaniyalı Erik Pfeyfer və WSB liqasının döyüşlərində pis təsir bağışlamayan rumıniyalı Mihay Nistor olacaqlar. Qeyd edək ki, Məcidov artıq iki dəfə Omarovla görüşüb və hər iki qarşılaşmada qalib gəlib. Boksçumuz Rusiya nümayəndəsini həm London Olimpiadasının dörddə bir finalında, həm də ötən il Almatıdakı (Qazaxıstan) dünya çempionatında məğlub edib. Super-ağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək. Məhəmmədrəsul Məcidovdan başqa, rio-de Janeyro-2016-ya lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da güclərini sınayacaqlar. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Qazaxıstanın paytaxtı Astanada olacaq.
Məhəmmədrəsul Məcidov (Azərbaycan) - 27 yaşı var. 2 qat Dünya çempionu (Bakı, 2011-ci il, Almatı, 2013-cü il), Avropa çempionu (Minsk, 2013-cü il). 2012-ci il London Olimpiadasının bürünc mükafatçısıdır.

Mihay Nistor (Rumıniya) - 23 yaşı var. 4 qat Rumıniya çempionudur.
Erik Pfeyfer (Almaniya) - 27 yaşı var. 2 dəfə dünya çempionatının bürünc mükafatçısı (Bakı, 2011-ci il, Almatı, 2013-cü il) olub.
Fakundo Sezar Ghiglioni (Argentina) - 31 yaşı var. "Argentina Condors” komandasının heyətində WSB liqasının iştirakçısı olub.
Sergey Verveyko (Ukrayna) - 26 yaşı var. WSB liqasının iştirakçısıdır.
Ouatah Nevfel (Fransa) - 28 yaşı var. Peşəkar boksda 13 döyüşdən 12-də qalib gəlib.
Məhəmməd Arjaoui ( Mərakeş) - 27 yaşı var. 2008-ci il Pekin Olimpiadasının iştirakçısıdır.
Məhəmməd Omarov (Rusiya) - 24 yaşı var. Avropa çempionudur (Ankara, 2011-ci il).