Qazaxıstanın Almatı şəhərində AİBA -nın "Pro Boxing” (APB) yarışlarının püşkü atılıb. Tədbirdə AİBA prezidenti Çinq Ko Vu, Qazaxıstan Boks Federasiyasının prezidenti timur Kulibayev, Qazaxıstanın idman və Mədəniyyət naziri Aristanbek Muhammeduli və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, APB yarışlarında 3 boksçumuz - Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edəcəklər. Artıq bütün çəki dərəcələrində hansı idmançıların mübarizə aparacaqğına aydınlıq gəlib. Hər çəki dərəcəsində 8 boksçu çıxış edəcək. Reytinqə əsasən, hər çəkidə iki idmançı "səpələnməmişlər” sırasında yer alıb. Azərbaycan milli komandasının üzvlərindən 2 qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91+kq) reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub. APB-də ilk döyüşlər oktyabrın 24-də keçiriləcək. İki qat dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı 91+kq çəki dərəcəsində görüşlər Bakıda təşkil olunacaq.
Məcidovun ilk rəqibi rumıniyalı boksçu Mihay Nistor olacaq. Nistor da WSB liqasında çıxış etsə də, hələ ki, Məcidovla qarşılaşmayıb. Çələbiyevin ilk rəqibi isə 28 yaşlı yaponiyalı Satoşi Şimizu olacaq. Şimizu London Olimpiadasının bürünc mükafatçısıdır. Fariz Məmmədovun da (69 kq) püşk sarıdan bəxtinin gətirmədiyini demək olar. Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoyla üz-üzə gələcək. Zamkovoy London Olimpiadasında bürünc medal qazanmaqla yanaşı, həm də 2009-cu ilin dünya çempionatında da 2-ci olub. Məlumat üçün bildirək ki, AİBA-nın "Pro Boxing” (APB) yarışında iştirak edəcək bütün boksçular hazırda Qazaxıstanın paytaxtı Astanada seminardadırlar. Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqqında ətraflı məlumat verilib. Seminardan başqa, boksçular həm də sparinqlərdə iştirak edir, məşq prosesi keçirlər.
APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.