Oktyabrın 20-də "Kempinski Hotel”də "Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək AİBA Pro Boxing (APB) yarışı ilə bağlı mətbuat konfransı keçirildi. Kofransda boks üzrə Azərbaycan millisinin baş məşqçisi Roque Otano Pedro, böyük məşqçi Nəriman Abdullayev, yarışda ölkəmizi təmsil edəcək Fariz Məmmədov, Cavid Çələbiyev və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edirdilər.
Çıxış üçün ilk söz boks üzrə yığma komandanın böyük məşqçisi Nəriman Abdullayevə verildi. Bu yarışa çox ciddi hazırlaşdıqlarını bildirən Nəriman müəllim yüksək nəticə əldə edəcəklərinə inandığını bildirdi. "Bildiyiniz kimi, bu yarışlarda qalib gələn idmançılar 2016-cı ildə Rio-de Janeyro şəhərində təşkil olunacaq yay Olimpiya oyunlarına vəsiqə qazanmaq imkanı qazanacaqlar. Bu baxımdan, idmançılarımız yarışlara çox ciddi hazırlaşıblar. Oktyabrın 24-də 91+ kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov mübarizəyə qoşulacaq. İdmançımız təlim-məşq toplanışlarında inamlı təsir bağışlayıb. İnanırıq ki, o, qalib gələrək Olimpiya oyunlarına lisenziya əldə edəcək. Bir gün sonra isə Fariz Məmmədov 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Noyabrın 1-də isə Argentinada Çavid Çələbiyev qüvvəsini sınayacaq. İdmançımızın çətin sınaq qarşısında olduğunu demək olar. Çünki boksçumuz doğma meydanda deyil, Argentinada rinqə çıxacaq. Buna baxmayaraq, boksçumuzun vətənə lisenziya ilə dönəcəyinə inanıram. Ümumilikdə, idmançılarımızın hər birindən qələbə gözləyirəm”, - deyə Nəriman Abdullayev qeyd etdi.
Boks üzrə yığma komandanın baş məşqçisi Roque Otano Pedro da lisenziya əldə edəcəklərinə əmin olduğunu dedi: "Bizim idmançıların hər biri qalib gəlməyə qadirdir. İnanıram ki, hər üç boksçumuz rinqdən qələbə ilə ayrılacaqlar”.
Olimpiya oyunlarına lisensiya verəcək turnirdə rusiyalı Andrey Zamkovoyla qarşılacaq Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov da döyüş öncəsi fikirlərini bildirdi. O, AİBA Pro Boxing (APB) yarışında üz-üzə gələcəyi rusiyalı boksçunun turnir iştirakçıları arasında ən güclü rəqiblərdən biri olduğunu dedi: "Bu, peşəkar boksdur və burada döyüşə çox diqqətli yanaşmalısan. Rəqib haqda məlumat toplamışam. Bu yaxşıdır, çünki güclü rəqiblə döyüşməkdən zövq alıram. Baxmayaraq ki, Zamkovoy 187 sm boya malikdir. Əminəm ki, qalib gəlməyi bacaracağam”.
Argentinada mübarizəyə qoşulacaq Cavid Çələbiyev isə yarışın harada keçirilməsindən asılı olmayaraq, hər zaman rinqə qalib gəlmək üçün çıxdığını dedi. "Hansı ölkədə təşkil olmasından asılı olmayaraq yarışa qələbə əzmi ilə çıxmalısan. İdmançı psixoloji cəhətdən hər bir yarışa hazır olmalıdır. Psixoloji cəhətdən hazır olan idmançı nadir hallarda məğlubiyyətlə üzləşir. Qalib gəlmək üçün əlimdən gələni əsirgəmiyəcəm. Çalışacağam ki, Olimpiya oyunlarına lisenziya qazanım”.
Daha sonra qonaqlar KİV nümayəndələrinin suallarını cavablandırdılar.
Məlumat üçün bildirək ki, oktyabrın 24-də "Sərhədçi” Olimpiya İdman Mərkəzində AİBA Pro Boxing (APB) yarışı çərçivəsində 91 + kq çəki dərəcəsində Məhəmmədrəsul Məcidov mübarizəyə qoşulacaq. Bu görüşdən bir gün sonra daha bir təmsilçimiz Fariz Məmmədov 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Noyabrın 1-də isə Cavid Çələbiyev Argentinada rinqə çıxacaq.