Ölkəmizdə sevilən idman növlərindən biri də voleyboldur. Bu idman növünün inkişaf etdirilməsi üçün federasiya və klub rəhbərlikləri tərəfindən böyük işlər görülür. Ölkə voleybolunun inkişafına öz töhfələrini verən klublardan biri də "Azərreyl”dir. Komanda hazırda ölkə çempionatında üçüncü pillədə qərarlaşıb. Klubun hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumat almaq üçün baş məşqçi Alessandro Çiappinini ilə görüşdük. İtaliyalı mütəxəssis bizi maraqlandıran sualları cavablandırdı.
- İstərdik ki, əvvəlcə "Azərreyl” klubuna baş məşqçi gəlməyiniz barədə danışasınız. Necə oldu ki, məhz bu komandaya üstünlük verdiniz?
- Hazırki komandama dəvət almamışdan əvvəl Polşanın "Atom” klubunda baş məşqçi vəsifəsində işləyirdim. Həmin vaxt "Azərreyl”in rəhbərliyi tərəfindən mənə karyeramı Bakıda davam etdirmək təklifi gəldi. Bu barədə fikirləşməyi qərara aldım.
Çünki bu dəvət mənim üçün maraqlı və əlverişli idi. Mövsümün sonunda isə artıq öz qərarımı verdim. Beləliklə, yeni mövsümdən "Azərreyl” klubunun uğurları üçün çalışmağa başladım.
- Siz komandaya yeni təyin olunanda klubda hansı çatışmazlıqlar var idi. Onları aradan qaldırmaq üçün hansı işləri gördünüz?
- Mövsümün əvvəlində məşqlərimizi Voleybol Federasiyasının zalında keçirdik. Komandaya gələndə əsas məqsədim voleybolçuların texniki göstəricilərini nəzərdən keçirmək oldu. Ümumiyyətlə, oyunçuların yarışlarda tez-tez qüvvələrini sınaması onların texniki göstəricilərinin artmasına kömək edir. Yəni hər bir voleybolçu oyundan-oyuna öz yarış təcrübəsini və özünə olan inamını artırır. İlk növbədə, komanda ilə birgə bir neçə beynəlxalq turnirdə qüvvəmizi sınadıq. Bundan sonra komandadakı voleybolçuların hansı səviyyədə olduğunu bildim. Əminliklə deyə bilərəm ki, komandaya gələndə klubda elə bir böyük çatışmazlıqlarla qarşılaşmadım. Əlbəttə, bu, belə də olmalı idi. Çünki "Azərreyl” adi bir komanda deyil. Bu klubun çox gözəl tarixi uğurları olub. Klub rəhbərliyi tərəfindən komandaya böyük diqqət göstərilir. Komandanın daha böyük nailiyyətlərə imza atması üçün voleybolçulara geniş imkanlar yaradılıb. Hazırda voleybolçularımız məşqlərini yeni bazada davam etdirirlər. Oyunçulara çox lazım olan trinajor zalı bazanın içindədir.
- Çempionlar Liqasında "Azərreyl” I pley-off mərhələsinə yüksəlsə də, komandanın oyunu zəif təsir bağışlayırdı. Bunu nə ilə əlaqələndirirsiniz?
- Komandamız Çempionlar Liqasının qrup mərhələsində (D qrupu) "Əczaçıbaşı”, "Tauron” və "Dresdner” komandaları ilə qarşılaşmışdı. Rəqiblərimiz də kifayət qədər güclü idi. Yetirmələrim çempionat başlamamışdan əvvəl inamlı təsir bağışlasalar da, onlar heç cür öz oyunlarını göstərə bilmirdilər. Birinci turda komandamız Almaniyanın "Dresdner” klubuna qalib gələrək Çempionlar Liqasına 3 xalla başladı. İkinci turda isə rəqibimiz Türkiyənin "Eczacıbaşı” komandası oldu. Komandamızın 3 xal qazanmaq istəyi bu dəfə alınmadı. Bütün cəhdlərimizə baxmayaraq, hər üç hissə türkiyəlilərin qələbəsi ilə yekunlaşdı. Üçüncü turda isə Polşanın "Tauron” komandası ilə qarşılaşdıq. Bu oyunda komandamıza xal mütləq lazım idi. Çünki xal itirəcəyimiz təqdirdə turnir cədvəlində vəziyyətimizi çətinləşdirəcəkdik. Qarşılaşmanın birinci hissəsi rəqibin qələbəsi ilə yekunlaşdı. Ruhdan düşməyən yetirmələrim növbəti hissələrdə qələbə qazanaraq ümumi hesabda qalib gəldi. Beləliklə, 2 qələbə və bir məğlubiyyətlə birinci dövrəni ikinci yerdə başa vurduq. İkinci dövrədə də inamla mübarizə aparıb pley-off mərhələsinə yüksəldik. Burada isə rəqibimiz Super-liqa təmsilçisi "Lokomotiv” oldu. Rəqib bizə tanış olduğundan artıq onların oyun tərzlərini bilirdik. "Lokomotiv”ə qarşı keçirdiyimiz hər iki oyunda qalib gəlib növbəti mərhələyə keçdik. II pley-off mərhləsində isə məğlub olub, yarışla erkən vidalaşmalı olduq.
- Sizcə, "Azərreyl”in növbəti mərhələyə keçməsi üçün nə çatışmadı?
- Təəssüf ki, oyun yetirmələrim üçün yaxşı başlamadı. Belə ki, birinci hissədə 17:25 hesabı ilə məğlub olduq. Amma buna baxmayaraq, komandamız digər iki hissəni öz xeyrinə tamamlaya bildi. Lakin komandamız son iki hissədə rəqib qarşısında aciz qaldılar. Beləliklə, yekunda rəqibimiz 3:2 hesabı ilə qalib gəldi. Məğlub olmağımıza baxmayaraq, növbəti mərhələyə çıxmaq imkanlarımızı saxlayırdıq. Bunun üçün Bakıda təşkil olunan cavab görüşündə mütləq qələbə qazanmalı idik. Yetirmələrim bunun öhdəsindən gəldi. Belə ki, komandamız 3:0 hesabı ilə qələbə qazandı. Lakin bu, növbəti mərhələyə çıxmamız üçün kifayət etmirdi. Bunun üçün komandamız "qızıl set”də qalib gəlməli idi. Burada isə bəxt üzümüzə gülmədi. Müəyyən səhvlərə yol verdik. "Yamamay” bu səhvlərdən yararlanıb növbəti mərhələyə keçdi. Çox təəssüf ki, biz "Dördlər finalı”na yüksələ bilmədik.
- "Azərreyl” hazırda Super-liqada liderdən bir neçə xal geri qalır. Yetirmələrinizin şanslarını necə qiymətləndirirsiniz?
- Hazırda komandamız Super-liqada turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Bu, hər şey demək deyil. Çünki hələ qarşıda oyunlarımız var. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirib çempionatı daha yüksək pillədə yekunlaşdıraq.
- Komandaya yeni voleybolçuların cəlb olunacağı gözlənilirmi?
- Bu il iki güclü voleybolçumuzun köməyindən yararlana bilmədik. Belə ki, Oksana Porxomenka və Polina Rəhimova diz nayihəsindən keçirdiyi 2 dəfə cərrahiyyə əməliyyatı aparıldığına görə bir müddət çıxış edə bilmədilər. Amma, indi onlar heyətdə çıxış etməyə başlayıblar. Bu gün əsas məqsədimiz bu oyunçuların köməyindən istifadə etməkdir. Bunun üçün əlimizdən gələni edirik. Əlbəttə, çox istəyirdik ki, hər iki oyunçu çempionlar liqasında "Azərreyl”ə kömək etsin. Amma biz oyunçuların tam hazır olmasını gözlədik. Çünki 2 əməliyyat keçirmiş oyunçunun tez meydançaya çıxması onun yenidən zədələnməsinə səbəb ola, bu da oyunçunun karyerasını bitirməsi ilə nəticələnə bilərdi.
- Super-liqanın hazırkı səviyyəsindən razısınız?
- Mən Super-liqanın səviyyəsindən çox razıyam. Maraqlı çempionat keçir. Sadəcə, burada klubların sayı çox deyil. İki klubu çox olsa idi, o zaman pley-off mərhələsi keçirilərdi. Bu, da daha maraqlı olardı.
- Müəyyən müddətdir ki, Azərbaycandasınız. Ölkə voleybolunun inkişafı ilə bağlı hansı fikirləri söyləyərdiniz?
- Bu gün Azərbaycan çempionatında 7 komanda çıxış edir. Onlardan yalnız ikisi zəif təsir bağışlayır. Digər komandalar isə bərabər səviyyədə mübarizə aparırlar. Ümumiyyətlə, çempionatda çoxlu sayda komanda ola bilər. Lakin bu, o demək deyilki, həmin çempionat daha güclüdür. Bu gün Azərbaycan Super-liqası dünyanın ən güclü çempionatlarından sayılır. Demək, Azərbaycanda voleybol sürətlə inkişaf edir ki, belə bir güclü çempionat formalaşıb. Ölkənizdə bu idman növünə çox böyük diqqət var. Federasiya rəhbərliyi tərəfindən voleybolun inkişaf etdirilməsi üçün müəyyən işlər görülür, yeni idman bazaları istifadəyə verilir. İnanıram ki, bütün bunlar gələcəkdə öz bəhrəsini verəcək.
- İtaliya voleybolu ilə Azərbaycan voleybolu arasında oxşar və fərqli cəhətlər varmı?
- Bu gün İtaliya çempiontı Azərbaycan çempionatı ilə eyni səviyyədə deyil. Düzdür, İtaliyada çoxlu sayda komandalar var. Lakin onlardan cəmi 2-si və yaxud 3-ü güclü hesab edilir. Azərbaycanda isə komandaların sayı az olsa da, onlardan 5-i güclüdür. Qeyd etmək istəyirəm ki, İtaliyada olan ən güclü oyunçuların çoxu digər ölkələrə üz tuturlar.
- Hakimlərimizin işi sizi qane edirmi?
Bu cür yüksək səviyyəli çempionatı olan ölkədə hakimlər də diqqətdən kənarda qalmırlar. Onların təcrübələrinin artırılması üçün müəyyən işlər görülür. Hakimlər də bundan səmərəli istifadə edə bilərlər. Ümumi götürsək, onların işindəndən narazı deyiləm.
- Bildiyiniz kimi, "Rabitə” klubu Çempionlar Liqasında gümüş mükafat qazandı. Bu barədə nə deyə bilərsiniz?
- "Rabitə” güclü komandalardan biridir. Onlar perspektivli voleybolçuların keçidini reallaşdıraraq heyətlərini gücləndirdilər. Buna görə komandanın bu mövsüm yaxşı oyun göstərəcəyini gözləmək olardı. Deyə bilərəm ki, "Rabitə” Avropada ən güclü klublardan sayılır.
- Ölkəmizdə diqqətinizi çəkən məqamlar olubmu?
- Mən Bakıda ilk dəfə 2007-ci ildə olmuşdum. Artıq ikinci dəfədir ki, bu şəhərdəyəm. Bu qısa müddət ərzində ölkəniz çox dəyişib və inkişaf edib.
- Burada sizə göstərilən münasibət barədə nə deyərdiniz?
- Azərbaycan xalqı çox qonaqpərvərdir. Həm şəhərdə, həm də iş yerimdə mənə qarşı çox isti münasibət var.
- "Azərreyl”lə birgə hansı böyük uğurlara imza atmaq istərdiniz?
- İstərdim ki, "Azərreyl”lə birgə Avropanın ən mötəbər yarışı olan Çempionlar Liqasında qalib gələk. Hazırda Azərbaycan çempionu olmaq üçün əlimizdən gələni edirik. Bildiyimə görə, komanda artıq neçə ildir ki, bu istəyini reallaşdıra bilmir.
Zaur Mehtiyev