Son illər Topaz Premyer Liqası sürətlə inkişaf etməkdədir. Buna görə də çempionata maraq artıb. Azarkeşlər ölkə çempionatının oyunlarını izləməklə yanaşı, matçlara pul qoyuluşları da edirlər. Buyaxınlarda çempionatın bir oyununa da pul qoymaq mümkün olacaq. "Azəridmanservis” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Azər Məhərrəmov "Olimpiya dünyası” qəzetinə verdiyi müsahibədə bunun tezliklə reallaşacağını vurğuladı. O, bizi maraqlandıran digər sualları da cavablandırdı.
- Topaz ölkə çempionatına nə qazandırdı?
- Bildiyiniz kimi, Topaz 3 il müddətinə adını Premyer Liqaya verib. Müqavilə imzalandıqdan sonra müəyyən tədbirlər həyata keçirilib. Reklamlar verilir, oyunların birbaşa yayımlanmasına nail olduq. İlk aylarda bu qədər iş görmək asan deyil.
- "Simurq” - "Bakı” oyununa matç günü Topaz pul qoyuluşunu dayandırmışdı. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Bizim etik normalarla bağlı müqaviləmiz var. Həmin müqaviləni üç tərəf - Gənclər və İdman Nazirliyi, əməliyyatçı şirkət və AFFA rəhbərliyi imzalayıblar. Bu, nə deməkdir? Həm yerli, həm də beynəlxalq oyunlarla bağlı bizə müəyyən məlumatlar ötürülür. Əməliyyat şirkəti həmin oyunla bağlı təhlükəni araşdırır. Məsələn, bir oyuna 50 min pul qoyulma ehtimalı var. Ancaq həmin qarşılaşmaya bundan 5-6 dəfə çox pul qoyulur. Onda biz onu araşdırır, həmin oyunu proqramdan çıxarırıq. Bu oyunda adı çəkilən komandalarla bağlı bir söz deyə bilmərəm. Ancaq bu, ilk belə hadisə deyil, bundan sonra da olacaq. Əlbəttə, bu, yaxşı hal deyil. Bugünlərdə oyun alqı-satqısı ilə bağlı iclas keçirildi. İclasda İnterpol, polis, Arbitraj Məhkəməsi də iştirak etdi. Həmin tədbirdə Azərbaycan çempionatı ilə bağlı hansısa şikayətlər səsləndirilmədi. Bu gün FİFA və UEFA oyun alğı-satqısını ciddi nəzarətdə saxlayır.
- Bugünlərdə Milli Məclisdə Topaz-ın "qumar” olduğu və bağlanılmasının vacibliyi ilə bağlı fikirlər səsləndirilib. Buna münasibətinizi bilmək maraqlı olar...
- Bu fikri bir deputat səsləndirib. Bu məsələyə aydınlıq gətirim. Nazirlər Kabinetinin qərarına əsasən, Topaz-ın qazancının 4,2 faizi "Azəridmanservis”in hesabına keçir. Bu vəsaitin 30 faizi AFFA-ya, 70 faizi klublara verilir. Həmin vaxt qaldırılan problemlər "qara bazar”la bağlıdır. Bizim işimiz odur ki, müəyyən məbləğ qazanıb, onu idmana xərcləyək. Bəli, bu gün Azərbaycanda "qara bazar” mövcuddur. Deyilən sözlər də onlara aiddir. "Qara bazar” dövlətə aid olmayan bir sahədir. Oradan gələn gəlirin hansı təyinat üzrə xərcləndiyi heç kimə məlum deyil. Topaz 2 ildən artıqdır ki, fəaliyyət göstərir. İndiyə qədər bizdə ciddi problem yaranmayıb. Çünki məbləğlərdə müəyyən limit və konsepsiyamız var. Onun tərkibinə iki müddəa daxildir: 1. İdmana yardım, 2. İdmana marağı artırmaq. Stadionları birdən-birə doldurmaq mümkün deyil. Bu, tədricən baş verəcək. "Qara bazar” məsələsi isə mütləq şəkildə həll edilməlidir.
- Azərbaycan çempionatında bir oyuna pul qoyuluşunu niyə qəbul etmirsiniz?
- Ilk vaxtlar bizdə təkli oyunlara tələbat olmayıb. Çünki gənc çempionatımız var. Yadınızdadırsa, Topaz yarananda biz Azərbaycan çempionatına pul qoyuluşunun olmayacağını bildirmişdik. Ancaq 2011-ci ilin martından ölkə çempionatında bu işə başladıq. Artıq bir matça pul qoyuluşunun qəbuluna da başlayacağıq. Bu məsələ gündəmdədir.
- Topaz-ın vergidən azad olması doğrudurmu?
- Xeyr, qazanılan puldan sadələşdirilmiş şəkildə vergi ödənilir. Bizim heç bir qurumumuz vergidən azad deyil.
Rahib Səmədov