Altı boksçumuz yarımfinaldadır

Altı boksçumuz yarımfinaldadır


Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin yarımfinalçılarının adları məlum olub. Milli komandamızın 6 üzvü yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özləri üçün təmin ediblər. 46 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov Rusiya idmançısı Pavel Ryasnı 3:0 məğlub edib. Həmyerlimiz yarımfinalda Belarus təmsilçisi Yevgeni Karmilçiklə qarşılaşacaq. Hacı Dilbazov da (75 kq) 1/4 final mərhələsini qələbə ilə bitirib. Boksçumuz ukraynalı İvan Çubreviçevi mübarizədən kənarlaşdırıb. Milli komandamızın üzvü finala gedən yolda rusiyalı Valid Kakayevlə üz-üzə gələcək. 63 kq çəki dərəcəsində çıxış edən Pərviz Quliyev Macarıstan təmsilçisi Mark Kontreç üzərində qələbə qazanıb - 2:1. Onun yarımfinalda rəqibi İsa Yevloyev (Rusiya) olacaq. Bəxtiyar Qazıbəyov isə (57 kq) Şotlandiya nümayəndəsi Kallium Stüartla döyüşdən qalib ayrılıb - 3:0. Boksçumuz yarımfinalda almaniyalı Jabs Germannla görüşəcək. 70 kq çəki dərəcəsində mübarizə aparan Rasim Çobanlı da yarımfinalda çıxış edəcək. Belə ki, Belarus idmançısı Mikita Krasnabayev üzərində qələbə qazanan idmançımız növbəti mərhələdə şotlandiyalı Vilyam Hatçinsonla qarşılaşacaq.
Qeyd edək ki, buna qədər Məhəmməd Abdullayev də (80+kq) yarımfinala vəsiqə əldə etmişdi. Təmsilçimiz yarımfinalda ukraynalı Vyaçeslav Qavrilyukla görüşəcək.
Avropa birinciliyinə ayın 8-də yekun vurulacaq.