17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev AFFA-nın rəsmi saytına müsahibə verib. Yerli mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Belçikada keçirilən qrup oyunlarından danışıb. O, meydan sahibləri (0:3), İsveçrə (2:1) və Bosniya və Herseqovina (1:1, pen. - 3:4) komandaları ilə qarşılaşmalardan sonra 3-cü pilləni tutmaqla, elit-raunda vəsiqə qazanan yetirmələrinin çıxışını dəyərləndirib.
- Avropa çempionatının ilkin seçmə mərhələsi ilə bağlı təəssüratlarınız necədir?
- Komandamızın Avropa çempionatının elit-raunduna vəsiqə qazanmasına görə, ilk növbədə, Allaha şükr edirəm. Komandanın formalaşmasına, eləcə də mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə AFFA-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Ötən ilin bu vaxtlarında işə başlayarkən AFFA-nın texniki direktoru Bernhard Lippert sual verdi ki, U-17 elit-raunda yüksələ biləcəkmi? Cavab verdim ki, 95 faiz. Baş katiblə də bu haqda söhbətimiz oldu. Hər işin başlanğıcında ən vacib məsələ inamdır. Bizə yaradılan şəraitin qarşılığını verməli idik. Şükürlər olsun ki, Avropa çempionatının ilkin seçmə mərhələsindən üzüağ çıxdıq. Bu məsələdə futbolçularda xarakterin olması da təsirini göstərdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar.
- Keçirdiyiniz hər 3 oyunu şərh edə bilərsinizmi?
- İlk oyunda Belçika yığmasına böyük hesabla məğlub olduq. Belçikalılar atletik baxımdan çox güclü idilər. Onların əksəriyyəti İngiltərə, Almaniya, Hollandiya çempionatında çıxış edirlər. Bizim komandanın üzvlərinin isə əksəriyyəti aşağıyaşlı futbolçular arasında təşkil edilən liqalarımızda oynayırlar. Həmin uşaqlar xarakter nümayiş etdirdilər. İlk böyükhesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. İsveçrə millisi ilə matçın gedişində hesabda geri düşsək də, 2 qol vurub qələbə qazandıq. Son oyunda Bosniya və Herseqovina yığması ilə qarşılaşdıq. Oyundan əvvəl hər iki komandanın xalı, vurulan və buraxılan topları, sarı vərələrinin sayı kimi bir çox göstəricilərdə bərabərlik vardı. Futbolçularımızı psixoloji cəhətdən yaxşı hazırlamaq vacib idi. Bu oyunda hesabda geri düşsək də, komanda xarakter nümayiş etdirdi və fasiləyə qədər bərabərliyi təmin etdi. Sonda isə penalti seriyası təyin olundu. Düzdür, ikinci zərbədən sonra üstünlük tərəfimizdə idi. Çünki rəqib bir penaltidən yararlana bilməmişdi. Ancaq penalti seriyası lotereyadır. Əsas odur ki, U-17 növbəti mərhələyə yüksəldi. Bu, futbolçularımızın əziyyətinin bəhrəsidir. 6 il idi bu nəticəni gözləyirdik.
- Futbolçular təxminən 10 ay sizin rəhbərliyinin altında toplanışlarda oldular, yoxlama matçlarına çıxdılar. Rəsmi görüşlərdə onlardan istədiyinizi oyunu, mübarizliyi ala bildiniz?
- Turnirə böyük itkilərlə getmişdik. Zədə və digər səbəblərdən Ziya Əzizov, Emin Əliyev, Murtuz Abakarov, Səid İbadov, David Dadaşov və Ziya Mirzəyev bizə qoşula bilmədilər. Bu qədər futbolçunun yoxluğu böyük itkidir. Ancaq sevindirici haldır ki, seçim imkanımız var idi. Bunu da, təbii ki, məşqçilər korpusu yaratmışdı. Çünki məşqçi çempionat oyunlarını izləyir və elə yoxlama oyunları təşkil edir ki, futbolçuları tam yoxlaya bilsin. Seçmə mərhələdə heç-heçə etdiyimiz Bosniya və Herseqovina yığmasına başqa bir turnirdə 0:5 hesabı ilə uduzmuşduq. Ancaq həmin oyunda biz Hacıağa Hacıyevi qazandıq və bu gün o, komandanın kapitanıdır. Əziyyətinin, zəhmətinin hesabına buna nail oldu. Hazırda bizdə U-17-nin A və B olmaqla 2 heyəti var.
- Maraqlıdır, İsveçrə yığması ilə matçdan sonra niyə məhz qapıçının adını çəkdiniz?
- Çünki o, tapıntı idi. Bakı və Xorvatiyadakı son toplanışlarda bütün qapıçıları yoxladıq. Bəziləri zədə səbəbindən komandaya qoşula bilmədilər.
- Heyətdə yer alanların əksəriyyəti AFFA-nın təşkil elədiyi liqalarda çıxış edən futbolçulardır. Sizcə, bu seçim həmin liqalardakı futbolçuları stimullaşdıracaqmı?
- Yalnız Kazım Birkan Türkiyədə, Ruslan Berdiyev isə Gürcüstanda çıxış edir. Qalanları öz klublarımızda oynayırlar. Bu, onu göstərir ki, "material” var, sadəcə, işləmək lazımdır. Nizam-intizam ön planda olmalıdır. Seçmə mərhələyə qədər 10 ay ərzindəki oyunların nəticələrinə gəldikdə bu, bizim üçün vacib deyildi. Çünki seçim aparırdıq. Əsas rəsmi oyunlardır. Qaldı ki stimula, bunu klublarda yaratmaq lazımdır. Bir faktı da deyim, 2 futbolçumuzu xarici klublar istəyirdilər. Sadəcə, onların xarici dil bilməməsi bu keçidin baş tutmasına mane oldu. Çünki ünsiyyət qurmaq üçün bu vacibdir.
- Elit-raunda hazırlıqla bağlı planınız hazırdır?
- Bir məsələni vurğulayım ki, əgər mərhələ adlamasa idik, istefa verəcəkdim. Planlarla bağlı isə hələ danışmaq tezdir. Çünki müqaviləm başa çatıb. Təklif olsa, danışacağıq.