WSB liqasının yeni mövsümünün draftı keçirilib

WSB liqasının yeni mövsümünün draftı keçirilib


Koreya Respublikasının Jeju adasında WSB liqasının yeni mövsümünün draftı keçirilib. Jejuda keçirilən tədbirdə Azərbaycanı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov ilə yanaşı, "Baku Fires”in baş meneceri Rizvan Gənciyev və federasiyanın baş katibi Nağı Səfərov təmsil ediblər. Əvvəlcə liqanın rəhbəri Kərim Bouzidi yeni yaradılan klublar barədə məlumat verib. Bildirilib ki, 2015-ci ilin yanvarında start götürəcək mövsümdə 15 komanda iştirak edəcək. Draftda komandaların heyətlərinə cəlb etməsi üçün 239 boksçu təklif olunub. "Baku Fires” ilə yanaşı, "Astana Arlans”, "Cuba Domaderos”, eləcə də Rusiya, ABŞ və Əlcəzair klubları draftda yeni idmançı almayıblar. AİBA-nın icraçı direktoru Ho Kim çıxışında qadın boksunu inkişaf etdirmək üçün bəzi islahatlar aparılmasının vacibliyindən danışıb. O, 2016-cı ildən WSB liqasında hər komandanın heyətinə bir qız boksçunu daxil etmək təklifi ilə çıxış edib. Bundan başqa, AİBA "Pro Boxing” turnirində qadın idmançıların mübarizə aparması ideyası da müzakirə olunur. Noyabrın 13-də AİBA-nın növbəti konqresi işə başlayıb. İki günlük toplantıda Beynəlxalq Boks Federasiyasının rəhbərliyinə yeni seçkilər keçiriləcək, AİBA İcraiyyə Komitəsinin yeni tərkibi müəyyən olunacaq. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov AİBA İcraiyyə Komitəsinin üzvüdür.