Zemfira Meftəhətdinova: “Ən böyük mükafatım ailəmdir”

Zemfira Meftəhətdinova: “Ən böyük mükafatım ailəmdir”


Heç bir uğur təsadüfən əldə olunmur, heç kim qalxdığı zirvəni asanlıqla fəth etmir. Bacarıqlı, əzmkar insanlar daim irəliyə can atır, uğurlarının sayını artırmağa çalışırlar. Olimpiya çempionu, tanınmış idmançı Zemfira Meftəhətdinova kimi... Onun adı çoxlarına tanışdır. Gözəl insan, səmimi xanım, mehriban ana, Olimpiya çempionu Zemfira xanımla ünsiyyətdə olanlar onun olduqca mədəni, müsbət auraya malik insan olduğunu bilirlər. Ümid edirik ki, Olimpiya çempionumuzla etdiyimiz söhbət oxucularda xoş təəssurat yaradacaq.


- Zemfira xanım, idman ictimaiyyətində, cəmiyyətdə sizi Olimpiya zirvəsini fəth edən idmançı kimi tanıyırlar. Danmaq olmaz ki, qadın idmançıların şəxsi həyatı, ailə vəziyyəti, onların görünməyən tərəfləri oxucular üçün daim maraq abyektinə çevrilir. İstərdik ki, sizinlə olan söhbətimiz elə bu istiqamətdə qurulsun. Maraqlıdır, iki ovlad anası olan Zemfira xanım gününü necə başlayır?
- Səhər yuxudan tez oyanıram. Axı ailəmə qulluq etməli, onlar üçün səhər yeməyi hazırlamalıyam. Qızım Regina ailə həyatı qursa da, oğlum Ruslan hələ 3-cü sinifdə oxuyur. Onun dərsləri ilə özüm məşğul oluram. Yaxşı bilirik ki, ibtidai təhsil dövründə uşaqlara daha çox diqqət göstərmək lazımdır. Ruslan ikinci növbə dərsə gedir. Günün birinci yarısı onu şahmat məktəbinə aparıram. İstəyirəm ki, Ruslan hərtərəfli insan kimi yetişsin. İndi bütün zamanımı, demək olar ki, oğluma sərf edirəm. Çünki onun təhsili, tərbiyəsi hər şeydən vacibdir. Etiraf edim ki, qızım Regina balaca olanda ona bu qədər vaxt ayıra bilmirdim. Hətta qızımın dünyaya gəlməsinə bir necə ay qalmış saatlarla atıcılıqla məşğul olurdum. Əslində, həmin vaxtlar mənə istirahət lazım idi. Lakin keçirilən çempionatlar, peşəmə olan məsuliyyətim məni çox çalışmağa vadar edirdi. Şükürlər olsun ki, zəhmətim yerdə qalmadı və dünyanın ən mötəbər yarışı olan Olimpiya oyularında çempion adını qazandım. Artıq bütün titullara - Olimpiya, Avropa və dünya çempionu adına sahibəm. Lakin mənim üçün ən vacibi qadın xoşbəxtliyidir. Ən böyük mükafatım ailəmdir.

- Həm ailə qayğıları ilə, həm də idmanla məşğul olmaq heç də asan deyil. Bunu necə bacarmısınız?
- Düzdür, həm ailəmə, həm də peşəmə xidmət etmək asan olmayıb. Lakin çalışmışam ki, əlimdən gələni edim. Onu deyim ki, çalışqan və əzmkar insanlar bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırlar. Mən həyatımda olan hər şeyə məhəbbətlə bağlıyam. Ana kimi öz borclarımı yerinə yetirməyə çalışıram. İstəyirəm ki, övladlarımı düzgün tərbiyə edim. Düzdür, uşaqların tərbiyəsində atanın, ərtaf mühitin də rolu var, lakin analar övladlarının gələcəyi üçün daha çox məsuliyyət daşıyırlar.
- Siz peşənizlə əlaqədar tez-tez səfərlərdə olursunuz. Bu, ailə həyatınıza, həyat yoldaşınızla münasibətlərinizə təsir edirmi?
- Düzünü deyim ki, həyat yoldaşım məni həmişə başa düşür. Aramızda səmimi münasibət və sevgi var. Əsas budur. Qadın kimi özümü xoşbəxt hiss edirəmsə, bunun səbəbi gözəl ailəyə sahib olmağımdır. Ailədə sevgi çox önəmlidir. Sevgini qiymətləndirmək lazımdır. Mən bunun nə demək olduğunu yaxşı bilirəm...

"Əgər insan sevgisiz yaşayırsa, onda hansı uğurdan, səadətdən danışmaq olar?”

- Sevgiyə verdiyiniz böyük dəyərin səbəbi birinci ailə həyatınızda qarşılaşdığının uğursuzluq ola bilərmi? Bəlkə, buna görə, sevgiyə, qadın xoşbəxtliyinə hər şeydən çox önəm verirsiniz?
- Hər bir insanın həyatında uğursuzluq ola bilər. Belə hallar həyatın qədrini daha yaxşı bilməyimizə zəmin yaradır. Məncə, ən böyük xoşbəxtlik gözəl ailəyə sahib olmaqdır. Bütün mükafatları əldə etmişəm. Bir qadın kimi ən böyük mükafatım ailəmdir. Bütün xanımlar xoşbəxt olmağa layiqdirlər. Həyatı sevgisiz yaşamağa dəyməz. Sevgi insanın ruhunda, canında olmalıdır. Bu hiss bütün həyatımızı əhatə etməlidir. Əgər insan sevgisiz yaşayırsa, onda hansı uğurdan, hansı səadətdən danışmaq olar ? Ailəmizə, övladlarımıza, peşəmizə, bir sözlə, bizə dəyər verən hər kəsə sevgi ilə yanaşmalıyıq. Mən bu hisslərə hər zaman böyük qiymət vermişəm. Sevgi, səmimiyyət, hörmət olmayan ailədə uşaqların düzgün tərbiyə alması da çətin olur. Kiçik yaşlarında sevgidən məhrum olan uşaqlar böyüdükdə bu boşluğu daha dərindən hiss edirlər. Bu baxımdan, mən özüm də xoşbəxt uşaqlıq keçirənlərdənəm. Atamla anam bir-birlərinə böyük məhəbbətlə bağlı idilər. Onlar səmimiyyətə, xoş münasibətə böyük dəyər verirdilər.
- Sirr deyilsə, həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşımla qohumuq. Onun qardaşı mənim xalam nəvəsi ilə evlidir. Onlar evləndikdən sonra biz tez-tez qohumların əhatəsində olurduq. Gələcək həyat yoldaşım məni yaxşı tanıyırdı. Tale elə gətirdi ki, qohumluq əlaqələrimiz daha da dərinləşdi. Hər kəsin bir qisməti var. Deməli, mən də xoşbəxtliyimi bu yolla tapmalı idim. Allaha çox şükür edirəm ki, axtardığım qadın səadətini ikinci ailə həyatımda tapa bildim. Onu da deyim ki, həyat yoldaşım Hikmət sənət aləminə çox yaxındır. Atası İsmət Əlizadə bir vaxtlar xalq artisti Zeynəb Xanlarovanın ansamblında gitara çalırdı. Atasının musiqiyə olan sevgisi Hikmətə də keçib. O, sintizatorda, gitarada yaxşı ifa edir və mahnı oxumağı xoşlayır. Hikmətin səsini böyük sənətkar Rəşid Behbudovun səs tembrinə oxşadıram.
- Zemfira xanım, Ruslan xasiyyətcə daha çox sizə, yoxsa atasına bənzəyir?
- Ruslan daxili aləminə görə daha çox atasına oxşayır. Onun da musiqi duyumu güclüdür. Oğlumun atıcılığa qətiyyən marağı yoxdur. Hərdən Ruslan hansısa səhv hərəkət edəndə həyat yoldaşım zarafatla deyir ki, Zemfira, Ruslan sənə oxşayır. Mən də gülərək cavab verirəm: "Deməli yaxşı iş görəndə sənə, səhv hərəkət edəndə mənə oxşayır?” (gülür).
- Sizcə, xöşbəxt ailənin sirləri nədədir?
- Mən xoşbəxt ailənin sirrini qarşılıqlı sevgi və hörmətdə görürəm. Ailə üzvlərinin xasiyyətləri bir-birini tamamlamalıdır. Əks halda xöşbəxtlikdən söhbət gedə bilməz. Belə ailəyə sahib olmaq əsl səadətdir. Mən bütün qadınlara ailə səadəti arzulayıram. Qadın üçün bundan gözəl heç nə ola bilməz... Həyat yoldaşım övladlarımıza olduqca mehribandır. Ailəcanlı olmaq kişilərin ən gözəl xüsusiyyətlərindəndir. Hikmətdə ən çox sevdiyim xüsusiyyətlərdən biri də uşaqlarla səmimi davranması və onlarla dostluq etməyi bacarmasıdır. Bu, ailədə olduqca önəmlidir. Vacib xüsusiyyətlərin biri də qadın və kişinin bir-birinə etibar etməsidir. Sədaqət və dürüstlük ailə üzvlərini bir-birlərinə daha sıx bağlayır. Təzə ailə quranda qısqanclıq özünü tez-tez göstərir. Lakin zaman keçdikcə inam artır.
- Bəs siz necə, belə hallarla qarşılaşmısınız?
- Təzə ailə quranda qısqanclıqla rastlaşmışam. Lakin qeyd etdiyim ki, zaman keçdikcə qazandığım etibar qısqanclıq hissinə qalib gəlib.
- Maraqlıdır, idmançı xanım kimi süfrə açan zaman hansı incəliklərə fikir verirsiniz?
- Süfrə düzəltməyi yaxşı bacarıram. Çalışıram ki, menyumuz meyvə və tərəvəzlərlə zəngin olsun. Bəzən elə olur ki, nahar yeməyinə qabaqcadan hazırlıq görə bilmirəm. Evə çatan kimi tələsik yemək bişirməli oluram.Yaxınlarım cəld olduğumu deyirlər. Mətbəxə keçmək, süfrə düzəltmək mənə zövq verir.
Azərbaycan mətbəxi olduqca zəngindir. Ən çox sevdiyim yeməklər kələm dolması və borşdur. Bu yeməkləri özüməməxsus şəkildə və olduqca dadlı bişirirəm.

"Kimsə idmançının qələbəsinə qısqanclıqla yanaşırsa, bilməlidir ki, uğursuzluğu onun öz günahıdır”

- İdman karyeranızda ən yüksək zirvəni fəth edərək Olimpiya çempionu adını qazanmısınız. Yəqin ki, ərtafınızda uğurlarınıza sevinənlər olduğu kimi, qısqanclıqla yanaşanlar da olub...
- Mən həmişə çalışmışam ki, ətrafında olan yaxşı hadisələri görüm və müsbət hallara reaksiya verim. Odur ki, həmişə uğurlarıma sevinən insanlarla ünsiyyət qurmuşam. Kimsə idmançının qələbəsinə qısqanclıqla yanaşırsa, bilməlidir ki, uğursuzluğu onun öz günahdır. Təbii ki, hər insanın şansı və alın yazısı eyni ola bilməz.
- Yeri gəlmişkən, alın yazısına inanırsınız?
- Əlbəttə, Allahın varlığına, alın yazısına inanıram. Dua etməyi sevirəm. Duaların insana yol açdığının dəfələrlə şahidi olmuşam.
- Bəzi idmançılar talismanların onlara uğur gətirəcəyinə inanırlar. Bəs siz necə..
- Mən talismanlara inanmıram. Adi bir əşyanın insana uğur gətirəcəyini düşünmürəm. İnsan əziyyəti, zəhməti hesabına uğur qazanır. Allah heç vaxt çalışqan insanın zəhmətini yerdə qoymur.
- Qızınız Regina sizin yolunuzu davam etdirir...
- Ailə üzvlərimizin hamısı idmana sıx bağlıdır. Regina atıcılıqla məşğul olur. Ruslan isə, qeyd etdiyim kimi, şahmatla maraqlanır. Həyat yoldaşım Hikmət tələbəlik illərində cüdo ilə məşğul olub. O, idmanı tərk etdiyinə indi də təəssüflənir. Belə demək mümkünsə, bütün ailə üzvlərimizin heç biri idmana biganə deyil.
- Övladlarınıza ən böyük arzunuz nədir?
- Regina artıq ailə qurub. Övladlarıma xöşbəxtlik, ailə səadəti və sağlamlıq arzulayıram. Hansısa bir sənəti seçmək, onu dəyişmək mümkündür, lakin alın yazısını dəyişmək olmur. Məncə, insan özünü rahat, xöşbəxt hiss etdiyi işlə məşğul olmalıdır. Reginanın atıcılığı davam etdirib-etdirməməsi özündən asılıdır. Əsas odur ki, o, özünü xoşbəxt hiss etsin. Qızımın uşaqlıq dövrü mənim gərgin məşqlər edən zamanıma təsadüf etmişdi. Onda anam sağ idi. Mən yarışa gedəndə Regina ilə anam, gəlinimiz, rəfiqəm Lalə, məşqçim Hafis müəllimin həyat yoldaşı məşğul olurdu. Evdə köməkçim olsa da, qızımı daha çox doğma adamlara etibar edirdim. Ruslana isə daha çox özüm baxmışam. Oğlumun uşaqlıq çağı elə dövrə düşdü ki, artıq bütün uğurlara nail olmuşdum və uşağa ayırmağa daha çox vaxtım var idi. Bu baxımdan, Ruslanın bəxti gətirib. İndi ölkədaxili yarışlara Ruslanı da aparıram. Vaxtımızın çoxunu birlikdə keçiririk. Övladlarım mənim ən yaxın dostlarımdır.
- Yeri gəlmişkən, dostluqda ən çox hansı xüsusiyyətlərə üstünlük verirsiniz?
- Dostluqda ən vacib olan səmimilikdir. Sadə və səmimi insanlarla münasibətim yaxşı alınır. Ən yaxın dostlarım isə ailə üzvlərimdir. Həqiqi dostun, yaxşı insanın kim olduğu zaman keçdikcə ortaya çıxır. Yalnız həyatımızın bütün dövrlərində yanımızda olan, sevincimizi, kədərimizi bölüşən insanlara etibar edə bilərik.
Jalə Rzabəyli