Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Komandamız turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. 49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək, 1-ci pillədə yer alıb. Kamran Şahsuvarlı (75 kq) yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. 91 kq çəki dərəcəsundə çıxış edən Rahil Məmmədli də vətənə gümüş medalla dönüb. Həmyerlimiz finalda litvalı Tadas Tamaşauskasa məğlub olub. Dörd boksçumuz - Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91kq) bürünc medalla kifayətləniblər. Millimiz Rusiya, Rusiya -2, Özbəkistandan sonra ümumi komanda hesabında
4-cü yeri tutub. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edib.