Boksçumuz revanş haqqında düşünür

Boksçumuz revanş haqqında düşünür


Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşlər keçiriləcək. İlk yarış günündə super ağır çəki dərəcəsində çıxış edən boksçular mübarizə aparacaqlar. İkiqat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rusiyalı Maqomed Omarovla üz-üzə gələcək. Milli komandamızın üzvü artıq iki dəfə - London Olimpiadasında və 2013-cü ildə Qazaxıstanda keçirilən dünya çempionatında Omarovla qarşılaşıb və hər iki görüşdə qələbə qazanıb. Rusiyalı boksçu həmin döyüşləri xatırladaraq, revanş arzusunda olduğunu deyib. Məcidov isə ötən görüşlərə nisbətən indi özünü daha yaxşı hiss etdiyini vurğulayıb: "Xəstəlikdən sonra özümə tam gəlməmiş AİBA Pro Boxing turnirində ilk döyüşümə çıxdım. Verveyko ilə qarşılaşmada heç 50 faiz hazır deyildim. İndi daha optimal formadayam. Omarovu yaxşı tanıyıram. Onun həm APB-də, həm də həvəskar boksdakı görüşlərini diqqətlə izləmişəm”. Omarovun məşqçisi Zübeyr Cəfərov Məhəmmədrəsul Məcidovun 2 döyüşü vaxtından əvvəl başa vurmasının onun ziyanına işləyə biləcəyini deyib: "Məcidov hər iki qarşılaşmada nokautla qalib gəlib. 6 raund mübarizə aparmayıb. Bu baxımdan Omarovun azacıq üstünlüyü var”. Qeyd edək ki, Məcidov Omarovu məğlub etsə, APB-dən lisenziya şansını saxlayacaq.
Superağır çəki dərəcəsində çempionluq kəməri uğrunda Almaniyalı Erik Pfayeferlə Mərakeş nümayəndəsi Məhəmməd Arjoui üz-üzə gələcək. Ötən görüşü zədə səbəbindən sona kimi davam etdirə bilməyən Pfayfer bu dəfə özünü yaxşı hiss etdiyini bildirib. Qeyd edək ki, final qarşılaşması 8 raund olacaq. Bundan başqa, misirli Əhməd Samir Almaniyanı təmsil edən Alı Kıydınla üz-üzə gələcək. Mixay Nistorun rəqibi Toni Yoka isə Bakıya gəlməyib.