"Associated Press” agentliyinin verdiyi xəbərə görə, Məhəmməd Əlinin çempionluq titulunu ilk dəfə qoruduğu zaman geydiyi əlcəklər hərraca çıxarılıb. Hərrac Nyu-Yorkda yerləşən "Heritage Auctions” hərrac evi tərəfindən fevralın 21-də keçiriləcək. Gözlənildiyinə görə, məşhur boksçunun əlcəkləri 1 milyon dollardan baha satılacaq.
Kassius Kley adə ilə rinqə çıxan ağırçəkili Əli bu əlcəklərlə 1965-ci il mayın 25-də Soni Listonla döyüşdə qalib gəlib. Əli elə ilk raundda rəqibini bir zərbə ilə nokauta salıb. Onun bu zərbəsini sonralar xəyali zərbə adlandırıblar. Zərbə nəticəsində Liston 17 saniyə yerdən qalxa bilməyib.
Məhəmməd Əlinin digər əlcəyi 2014-cü ilin avqustunda Klivlendə hərracda satılıb. O, Co Freyzerlə "əsrin döyüşü” adlandırılan üç görüşündən birincisini həmin əlcəklərdə keçirib. Həmin əlcəkləri naməlum alıcı 388,3 min dollara əldə edib.
M.Əlinin daha bir əlcəyi isə ötən ilin fevralında hərracda satılıb. Həmin əlcəkləri o, ilk dəfə ağır çəkidə dünya çempionu adını qazananda taxıb. Bu əlcəklər 836,5 min dollara satılıb.
Boks tarixində ən məşhur boksçularından sayılan Məhəmməd Əli 1964-1966-cı illərdə, daha sonra 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu olub. 1960-cı ildə isə 81 kq çəki dərəcəsində Olimpiya çempionu titulunu qazanıb.